Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:50

Ekspertlər indiki parlamenti daha asan idarəolunan hesab edirlər


Parlament tam tərkibdə formalaşdı
Parlament tam tərkibdə formalaşdı

Təkrar parlament seçkiləri başa çatdı. Beləliklə tam tərkibdə formalaşmış üçüncü çağırış Milli Məclisin özəl xüsusiyyətləri, əvvəlkilərdən fərqli cəhətləri barədə mülahizələr yürütmək mümkündür


Yeni parlamentin mühüm özəlliyi hazırkı spikerin indiyədək Azərbaycan cəmiyyətində çox da tanınmayan, siyasətdən uzaq və nəhayət müşahidəçilərin qənaətincə, böyük iddiaları olmayan şəxs olmasıdır. Əvvəllər Azərbaycan parlamentinə əsasən cəmiyyətdə tanınmış, fəal siyasətçilər rəhbərlik ediblər. 1990-cı illərin əvvəlində Elmira Qafarova, İsa Qəmbər, Heydər Əliyev, Rəsul Quliyev və nəhayət 1996-cı ildən 2005-ci ilə kimi Murtuz Ələsgərov spiker olub.


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bir məqama xüsusi diqqət yetirir ki, indiki spiker Oqtay Əsədov ölkənin üçüncü postuna siyasətdən yox, idarəçilikdən gəlib. «Oqtay Əsədov «Azərsu» şirkətinin prezidenti olub. O sadəcə, indiyə kimi əmrləri yerinə yetirib. Onun fəaliyyətində təşəbbüskarlığa yer olmayıb. Amma Murtuz Ələsgərovun Azərbaycanın müstəqillik hərəkatında rolu olmuşdu, az-çox mübarizədən çıxmışdı». Elxan Şahinoğlu bir məqama da diqqət yetirir. Sabiq spiker indiki sədrlə müqayisədə müzakirələr aparılmasına o qədər də əngəl yaratmırdı. Ancaq Oqtay Əsədov mübahisə və müzakirələrdən qaçmağa çalışır.


Müşahidəçilərin qənaətincə, hakimiyyətin məhz Oqtay Əsədovun üzərində dayanması təsadüf deyil. Ondan öncəki spikerin sabiq prezident Heydər Əliyevin səhhətində problemlər yarananda dövlətin birinci postuna iddiasını gizlətmədiyi barədə fikirlər səslənmişdi. Bundan sonra Konstitusiyaya dəyişiklik edildi, ekstremal hallarda ölkə başçısının səlahiyyətləri parlament sədrinə yox, baş nazirə həvalə olundu. Bu baxımdan ekspertlər düşünür ki, iqtidar parlamentin ictimai rəyə təsirinin artmasında o qədər də maraqlı deyil.


Mütəxəssislər bu vaxta kimi fəaliyyət göstərmiş qanunverici orqanların fəaliyyətlərini müqayisə edərək belə qənaətə gəlirlər ki, Milli Məclisin budəfəki tərkibi Azərbaycanda indiyədək olmuş bütün parlamentlərdən zəifliyi ilə seçilir. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluya görə, bu dəfə peşəkar keyfiyyətləri aşağı olan parlament formalaşıb. «Nə qədər tənqid olunsa da sabiq spiker 50 ilə yaxın təcrübəsi olan peşəkar hüquqşünas idi. Bu parlamentin başlıca fərqi əvvəlkindən daha asan idarə edilən və üzüyola olmasıdır».


Siyasi şərhçi Nailə Yaqubluya görə də, altı ay ərzində yeni parlament əvvəlkindən heç nə ilə fərqlənmədi. Əksinə daha çox süst və fəaliyyətsiz göründü.


«Parlamentin ölkənin həyatında rolunun artması üçün siyasi şərait dəyişməyib. Azərbaycanda həmişə Prezident Aparatının göstərişləri ilə hərəkət edən bir parlament olub».


Amma ekspertlər bunu da vurğulayırlar ki, spiker nə qədər fəaliyyətsiz görünsə də, ayrı-ayrı millət vəkilləri fəal və çevik olmağa səy göstərirlər. Bu həm iqtidardan, həm müxalifətdən, həm də bitərəflərdən seçilən millət vəkillərinə aiddir. Onlar cəmiyyəti narahat edən mühüm problemlərin müzakirəsinə, bu sahədə qanunların qəbuluna və ya təkmilləşməsinə çalışırlar. Amma müşahidəçilər onların bu nəzərə çarpan fəallığı da səmərəsiz hesab edirlər. Onlar qənatincə, fəal deputatlar ictimaiyyəti narahat edən məsələləri qaldırmaqla seçicilərinin rəğbətini qazanmağa çalışırlar.



Yeni parlamentdə hakim Yeni Azərbaycan Partiyasından seçilən deputatların sayı 61, bitərəflərin sayı 43 oldu. Müsavat partiyası Milli Məclisdə beş nəflə təmsil olunur. 13 nəfər isə başqa partiyaları təmsil edir, 3 nəfər isə partiya mənsubiyyətini göstərməyib.




AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG