Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:56

«ABŞ tərəfdaşlarından söz azadlığına hörmət tələb etməlidir»


Jurnalistləri Müdafiə Komitəsinin İdarə Heyətinin sədri Pol Steyger
Jurnalistləri Müdafiə Komitəsinin İdarə Heyətinin sədri Pol Steyger
Jurnalistləri Müdafiə Komitəsinin İdarə Heyətinin sədri Pol Steyger Barak Obamaya ABŞ-ın tərəfdaşlarından söz azadlığına və jurnalistlərin müstəqilliyinə hörmət tələb etmək çağırışı ilə açıq məktub göndərib.

«Amerika dünyada mətbuat azadlığının mətin müdafiəçisi kimi rolunu təsdiq etməlidir. Bir çox ölkələrin həyat və azadlıqlarını riskə atan, ifadə azadlığı dəyərinə hörmət edən jurnalistləri ABŞ-dan dəstək gözləyirlər», - deyə məktubda qeyd edilir.
P.Steyger Obamanı jurnalistlərin dünyanın qaynar nöqtələrində ABŞ hərbçilərinin hərəkətlərindən əzab çəkməsi hallarına son qoymağa çağırıb.

«Eyni zamanda, Azərbaycan, Misir, Efiopiya, Mərakeş və Pakistan kimi Amerikanın yaxın dostları mətbuat azadlığının ən pis vəziyyətdə olduğu ölkələr sırasındadırlar», - deyə məktubda bildirilir.

Steyger amerikalılar tərəfindən həbs edilmiş müxtəlif ölkələrin jurnalistlərinin siyahısını göstərərək, Obamanı bu təcrübəyə son qoyulması üçün tədbirlər görməyə çağırır.

Pol Steyger bildirir ki, dünyada jurnalistlərin xidməti vəzifələrini yerinə yetirərkən qətli hallarının sayı kəskin şəkildə artıb. 125 jurnalist barmaqlıqlar arxasındadır, onların yarısı internet naşirləridir.

Steyger müraciətini belə tamamlayır:

«Bütün dünyada repressiyaların, senzuranın və jurnalistlərə hücumların sayının artdığı bir vaxtda Vaşinqtonun mətbuat azadlığının müdafiəsindəki rolunu yüksək qiymətləndirmək olmaz. Sizi mətbuat azadlığını daxili və xarici siyasətinizin mahiyyətinə çevirməyə çağırıram. Prezident Tomas Ceffersonun dediyi kimi, «bizim müstəqilliyimiz itirilmədən məhdudlaşdırıla bilməyən mətbuatdan asılıdır».

«Bir çox məsələdə olduğu kimi dünyada söz və mətbuat azadlığının müdafiəsi məsələsində də Amerikadan çox şey asılıdır»- Pol Steygerin məktubuna münasibət bildirən «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə deyib.

«Amma məndə ikili münasibət var. Bu cür münasibətlər bəzən müəyyən ayrıseçkilik siyasəti yaratmaq üçün də istifadə olunur. Məsələn, mən orda adı çəkilən ölkələrə bir sıra başqa ölkələrin də, eləcə də bizim yaxın qonşuların da adını qoşardım. İkincisi inam da o qədər böyük deyil ki, söz və mətbuat azadlığı məsələsi digər son zamanlar baş verən hadisələr – İsrail hadisəsi, Ukrayna - Rusiya mübahisəsi kimi məsələlərlə müqayisədə önə çıxa bilər».

«Azərbaycan, Misir, Efiopiya, Mərakeş və Pakistan kimi Amerikanın yaxın dostları mətbuat azadlığının ən pis vəziyyətdə olduğu ölkələr sırasındadırlar»
Bununla yanaşı Arif Əliyev deyir ki, «xarici radiostansiyalardan milli tezliklərin alınması təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, bu məsələ Corc Buş üçün nə qədər təsirli idisə, inanıram ki, indiki prezident üçün bundan heç də az təsirli deyil. Amma ortada daha ciddi «alver predmeti» var idisə, hesab edirəm ki, o predmetin qiyməti hələ azalmayıb. İndiki şəraitdə «alver predmeti»nin nə olduğunu demək isə çətindir».

«Azadlıq» radiosunun Amerikadakı əməkdaşı Qorxmaz Əsgərov deyir ki, Azərbaycan hökuməti artıq neçə seçkilərdir ki, respublikaçıları müdafiə edirlər. Güman etmək olar ki, Azərbaycan hökumətinin etdiyi bu seçim demokratların da münasibətinə müəyyən təsir edəcək.

«Azərbaycan hökuməti demokrat administrasiya dövründə ciddi təzyiqlərə məruz qala bilər. Amma təbii nəticələrə gəlincə burda burada geniş spektr məsələlərin təsiri olur - enerji məsələləri, təhlükəsizlik məsələləri, ümumilikdə Rusiyaya münasibət. Bu arada formalaşacaq ki, Amerika nə dərəcədə bu ölkələrdə insan hüquqları məsələlərini qabartmaq istəyir. Amma Barak Obamanın sosial bazasında kifayət qədər ciddi radikal təşkilatlar var ki, onlar müəyyən ideyaların dəyişməz qaydada yeridilməsinin tərəfdarıdırlar. Və onlar Barak Obamanın Corc Buş admnistrasiyası qədər siyasi realist xətt yürütməsinin əleyhinə çıxış edəcəklər və bu baxımdan gözləmək olar ki, Barak Obama bu istiqamətdə Corc Buşdan daha çox təzyiqlər göstərəcək».

Qorxmaz Əsgərov daha sonra deyib: «Xarici radiostansiyalarla bağlı iki məsələni bir-birindən ayırmaq lazımdır-birinci administrasiyanın edə biləcəkləri və ikincisi administrasiyanın etmək istədikləri. Xarici radiostansiyalardan FM-in alınması Azərbaycan media məkanından Qərb mediasının yığışdırılmasıdır. Amerika bir yana Britaniyada bu güzəştə getmək fikrində deyildi və onların da mətbuatında buna kəskin reaksiya var. Amerikanın da niyyəti ortadadır ki onlar bu radioların bağlanmasını istəmirlər. Bunun üçün Azərbaycan hökumətinə müəyyən təzyiqlər edəcəklər. İkinci məsələ isə bu təzyiqlərin nə dərəcədə nəticə verəcəyidir.

Azərbaycan hökuməti nə dərəcədə təzyiqlərə dözməyə hazırdır ki, bu radiostansiyalar açılmasın. Çünki Amerikanın əlində müəyyən təzyiq vasitələri var, bu, ilk növbədə Azərbaycanın çox pis ölkələr kateqoriyasına salınmasıdır, Azərbaycanla Belarus, Türkmənistan kimi davranılmasıdır. Əgər Azərbaycan hökuməti fikirləşsə ki, bu təzyiqlərə dözmək, bu radiostansiyaların bağlanmasına dəyməz onda hər hansı irəliləyiş əldə etmək olar. Amerika administrasiyası Azərbaycan hökumətinin niyyətinin ciddiliyini yoxlamaq üçün ən az ilkin dönəmlərdə ona ciddi təzyiqlər göstərəcək».
XS
SM
MD
LG