Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:34

Prokurorluq Aqil Xəlilin işini saxtalaşdırmaqda ittiham olunur


Coel Saymon
Coel Saymon

Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Baş Prokurorluğu Aqil Xəlilin işini saxtalaşdırmaqda ittiham edib. Bu haqda qurumun icraçı direktoru Coel Saymonun Baş prokuror Zakir Qaralova məktubunda deyilir. «Turan»ın məlumatına görə, Saymon deyib ki, jurnalistə qarşı cinayətləri törədənlərə qarşı çoxsaylı dəlillər olmasına baxmayaraq, araşdırmada heç bir irəliləyiş yoxdur:


«Əgər prokurorluq nə isə edibsə, yalnız maneələr yaradıb: informasiya saxtalaşdırılıb, dəlillərə məhəl qoyulmayıb, hökumətyönlü KİV-lərdə isə jurnalistə qarşı qarayaxma kampaniyası başlayıb. Bundan başqa, müxbirə ölkədən çıxmağı qadağan ediblər».


Coel Saymon deyib ki, araşdırma zamanı Aqil Xəlilə qurban deyil, cinayətkar kimi münasibət göstəriblər: «Biz sizi saxtalaşdırılmış araşdırmanın gedişatına müdaxilə etməyə çağırırıq».


JMK əməkdaşı Baş Prokurorluğun 21 may tarixli məlumatını «heyrətləndirici» adlandırıb.


Həmin məlumatda fevralın 22-də Aqil Xəlilə qarşı basqının araşdırılmasından imtina edildiyi bildirilib. Prokurorluq iddia edib ki, jurnalist basqına məruz qalmayıb və buna görə də cinayət işinə xitam verilib.


Coel Saymon deyib ki, Azərbaycan prokurorluğu Aqil Xəlili müdafiə etmək iqtidarında deyil və onun həyatı təhlükə altındadır: «Biz sizi fevralın 22-də jurnalistə qarşı basqın faktının araşdırmasını bərpa etməyə və MTN zabitlərinin basqında rolunu aşkara çıxarmağa çağırırıq. Sizi Strekalinin saxta ittihamlarından imtina etməyə, mayın 7-də Bakı metropolitenindəki hadisəni araşdırmağa və Aqil Xəlilin üzərindən ölkəni tərk etmək qadağasını götürməyə çağırırıq».


«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil fevralın 22-də peşə borcunu yerinə yetirərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları olduğu iddia edilən Dağbəyi Allahverdiyev və Akif Çovdarov tərəfindən döyüldüyünü bildirir. Bu hadisədən sonra isə jurnalist ürək nahiyəsindən bıçaqlanıb. Respublika Prokurorluğu A.Xəlilin homoseksuallar tərəfindən bıçaqlandığını iddia edir. Aqil Xəlil isə bunun iftira olduğunu və istintaq zamanı müstəntiqlərin təzyiqinə məruz qaldığını deyir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG