Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:29

Azərbaycan bu il «Eurovision»a 1 milyon 560 min manat xərcləyib


«Eurovision» müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli
«Eurovision» müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli
Azərbaycan «Eurovision-2010» mahnı müsabiqəsinə 1 milyon 560 min manat xərcləyib. Bu pulun bir hissəsi İctimai televiziyanın büdcəsindən, qalanı isə 3 sponsor şirkət tərəfindən ayrılıb.

Əsas sponsor Azərbaycan Dövlət Neft Şirkətidir, digər ikisi isə adının açıqlanmasını istəmir.

Bu barədə iyunun 3-də jurnalistlərə açıqlamasında «Eurovision-2010» müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib. O deyib ki, ümumi vəsaitin 80-90 faizi sponsorların payına düşür və bu il vəsait ötən illə müqayisədə 30 faiz az xərclənib. Adil Kərimli xarici mətbuatda xərclənən vəsaitin 10 milyon manta olması barədə yazılanları həqiqətə uyğun hesab etmir.

Adil Kərimli deyir ki, müsabiqədən öncə gözlənilən kimi birincilik əldə olunmasa da, əsas məqsədə nail olunub:

«Biz ölkəmizin ən yüksək formada təbliğatına nail olduq. Belə olmasaydı favoritlər sırasında olmazdıq. Yarımfinalda ən çox sms səs yığan da Azərbaycan olub. Biz bundan fərəhlənirik. Açığını deyib hətta ötən il biz bu üstünlüyü yaşamamışdıq. Bu il müsabiqədə ölkələr arasında gərgin mübarizə gedirdi və bu mübarizədə 5-ci yeri tutmaq heç də asan olmadı. Ona görə də hesab edirəm ki, bu qələbə kimi dəyərləndirilməlidir».

DÖVLƏT SƏFURƏ ƏLİZADƏNİ MÜKAFATLANDIRACAQ


Azərbaycanı «Eurovision 2010»da təmsil edən Səfurə Əlizadə isə hesab edir ki, o, birinciliyə layiq idi:

«Biz birinciliyə layiq idik, amma bu səsvermədir, nəticəni əvvəlcədən bilmək olmur. Mən indiyə kimi ifam barədə yalnız yaxşı fikirlər eşidirəm».

Adil Kərimlinin dediyinə görə, dövlət Səfurə Əlizadəni mükafatlandırmaq barədə də qərar qəbul edib, amma mükafatın hansı formada olacağı hələ ki məlum deyil. O, ki qaldı müsabiqədə birinciliyin rüşvətlə alınmasına dair müsabiqədən öncə yayılmış fikirlərə, Adil Kərimli bu cür məlumatları absurd hesab edir:

«Hər hansı jüriyə pul verib-almaq absurt məsələdir. Biz bu barədə məlumat yayan xarici mətbuat orqanlarına rəsmi etirazımızı bildirmişik. Bu cür məlumatlar kimlərinsə marağına xidmət edən məsələdir».

ERMƏNİSTAN ŞƏRHÇİSİ SƏFURƏ ƏLİZADƏNİN ADINI BELƏ ÇƏKMƏYİB


Builki müsabiqədə Azərbaycan finalda öz ifasını təqdim edən zaman Ermənistan ictimai televiziyası Səfurə Əlizadənin sms nömrəsini ekranda göstərməyib, hətta şərhçi ölkə təmsilçisinin adını belə çəkməyib. Bu barədə məlumatlı olduqlarını deyən Adil Kərimli bildirir ki, hazırda məsələni araşdırırlar.

«Əgər bu hal həqiqətən də baş veribsə və araşdırmamız zamanı təsdiqini tapsa, o zaman Avropa Yayımlar Birliyinə müraciət edəcəyik».

«Eurovision 2010» mahnı müsabiqəsi bu ilin may ayında baş tutub. Azırbaycan finala çıxan 25 ölkə arasinda 5-ci olub.
XS
SM
MD
LG