Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:10

Sabirabadda «müharibə havası»


«Bəndlər göstərişlə yarılıb. Çünki, bəndlər yarılmasaydı, Kür o ətrafda olan neft quyularını basacaqdı». Sabirabaddan yazan Fərahim rayon camaatının belə düşündüyünü yazır. Bloqçu qeyd edir ki, fövqəladə vəziyyətin nə olduğu ancaq Sabirabadda hiss etmək olur:

«Sabirabadın girişində 200-ə yaxın torpaq və daşla dolu yük maşını hazır dayanıb. Rayonun «salamat» qalan yerlərində hamı qorxu içindədi, ətraf hərbi geyimli insanlarla, postlara, böyük yük maşınları və avtobuslarla doludur. Havada helikopterlər gəzər. Əksər yollara bağlıdır. Qaz gəlmir. Su və işıqda tez-tez problemlər olur. Hər saat TV xəbərlərini izlənilir. Qohumlar tez-tez bir-birilərini yoxlayır. Rayon mərkəzindən kəndlərə getdikdə isə, «müharibə havası» hiss olunur. Tüfəngli sakinlər, bütün günü həm bənd vurur, həm də bəndin qoruğunu cəkirlər ki, qonşu kəndlilər gəlib, bəndi yarmasın. Bu vaxta qədər bir neçə belə ciddi qarşıdurmalar olub».

***

BAĞIŞLA BİZİ, ADR...

Natiq Cəfərli son postunda üzrxahlıq edir, «ADR-i xalqı bağışlamağa çağırır»:

«Səni yaradanların, sənin xəyallarda qurub, sonra mücadilə ilə var edənlərin, inancları, amalları, və vicdanları var idi. Onlar inandıqları işləri, «vətən», «millət», «təhsil», «inkışaf», deyərək həyata keçirməyə çalışırdılar. Əgər bir anlığa onlar indi ölkədəki bu durumu görsəydilər, çox böyük bir xəyal qırıqlığına uğrardılar. Onların arzu etdiyi Azərbaycan, belə deyildi. Bağışla bizi, ADR…»

***

Araz Önər hesab edir ki, AXC, AzSSR və bugünkü Azərbaycan Respublikası - Azərbaycan ərazisində olan 3 dövlətdən ən bərbadı müasir Azərbaycandır. Bloqçuya görə müasir Azərbaycan deyəndə dəbdəbəli küçələr, yeni salınan yollar, tikilən binalar, körpülər insanı aldada bilər:

«Demək olar ki, artıq çox insan bu dəbdəbəyə aldanıb. Çox adam anlaya bilmir ki 70 AZN pensiya olan bir ölkədə «Lacoste», «Armani» dükanlarının olması rəzillikdən, mənəviyyatsızlıqdan başqa bir şey deyil... Camaat taxtadan qayıq düzəldib öz həyətlərində üzdüyü bir vaxtda Eurovision gözəlçəmizə 10 milyon AZN pul xərcləyiblər. Fəlakət zonasına verməyə isə pul yoxdu. Bunlar hələ hər gün Ermənistanı müharibə ilə hədələyirlər. Aydın görünür ki, müharibəni də bu ağılla etsələr, ermənilər 2-ci 20 faizi də işğal edəcəklər».

***

Orhan Aipin ADR-ə münasibəti isə fərqlidir, hesab edir ki, cümhuriyyətin banisini ideallaşdırmaq lazım deyil:

«Düşünürəm ki, 28 may – Respublika günü ərəfəsində Məmməd Əmin Rəsulzadə portretləri və ADR simvolikalarının göz çıxarması ikrah doğurur, çünki az qala ilahiləşdirilən bu Respublika mahiyyəti etibari ilə Britaniya İmperiyasının marioneti olub, M. Ə. Rəsulzadə isə uğursuz siyasətçidi. Düşünürəm ki, ADR kimi məğlub bir qurumu az qala Azərbaycan dövlətçiliyinin kvinteessensiyası edənlərin buna əsaslı səbəbi var, çünki darmadağın gerçəkliyimizdə yeganə ümid – təsəllini keçmişdə axtarmaqdı... Düşünürəm ki, göz çıxaran M.Ə.Rəsulzadə portretləri ilə ilin 365 günü KİV, küçə posterləri və s. ilə nümayiş olunan H.Əliyev portretləri arasında heç bir fərq yoxdur. Hər iki hal istisnasız olaraq, şəxsiyyətə pərəstiş nümunəsidir».

**

«Azərbaycan Dəmir Yoları» QSC-nin mətbuat katibliyinin rəİsi Nadir Əzməmmədov yazır ki, mayın 30-dan sərnişin qatarları yay hərəkət cədvəlinə keçir. Məsələn Bakı-Tbilisi qatarı hərəkətdə hər gün olmaqla, Bakıdan saat 22-00-da yola düşəcək, saat 10-20-də Bakıya gələcək. Daha ətraflı Nadir Əzməmmədovun bloqunda.

***

«Azərbaycanlı qadının bütün mənfi tərəfləri bu xalqın kişisinin sifarişidir». Bu fikirlər yazıçı, bloqqer Əli Əkbərə məxsusdur. Bloqçu yazır ki, qadın prezidentin idarə etdiyi bir ölkədə yaşamaq istərdi:

«Amma məsələ burasındadır ki, fikirləşəndə, bizim ölkəmizdə siyasətlə məşğul olan, hakimiyyətə iddiası olan qadınları nəzərdən keçirəndə bir namizəd görmürəm…».

***

Sapunov Britaniyada nəşr olunan qəribə bir təqvim haqda yazır. Blqoçu qeyd edir ki, 1999-cu ildə 11 britaniyalı evdar xanım xərçəng xəstəliyi olanlara yardım göstərmək üçün qeyri-adi fəndə əl atıblar – paltarlarını soyunaraq, çılpaq şəkildə təqvim üçün şəkil çəkdiriblər və əldə etdikləri vəsaiti xəstələrə yardım fonduna keçiriblər.
Bloqçu yazır ki, təqvimin bayağı alınmamasına səbəb onlara fotorəssamın yardım etməsi olub. Artıq 12 ildir fasiləsiz olaraq bu təqvimlər buraxılır...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG