Keçid linkləri

2026, 13 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 08:10

Xəbərlər

38 ölkənin vətəndaşları ABŞ-yə turizm vizası üçün 15 min dollaradək depozit ödəməli olacaq

H1B vizası üçün ərizə forması
H1B vizası üçün ərizə forması

ABŞ Dövlət Departamenti turist və ya işgüzar vizalar (B-1/B-2) üçün depozit ödəməli olan ölkələrin siyahısını genişləndirib.

Yanvarın 6-da siyahıya 25 ölkə əlavə edilib. Onların sırasında Əlcəzair, Anqola, Fici, Banqladeş, Kuba, Nigeriya, Nepal, Venesuela, Qırğızıstan Tacikistan var. Yeni tələblər yanvarın 21-dən qüvvəyə minəcək.

Türkmənistan 38 ölkənin olduğu siyahıya daha öncə salınmışdı.

Bu ölkələrin vətəndaşları 5 min, 10 min və ya 15 min ABŞ dolları depozit ödəməlidirlər. Məbləğ vizanın alınması üçün müsahibə zamanı müəyyən edilir. Amma depozit vizanın verilməsinə zəmanət demək deyil, viza tələblərinə əməl olunduğu halda, yaxud viza verilmədikdə depozit geri qaytarılacaq.

Viza alan şəxslər ABŞ-yə yalnız üç beynəlxalq hava limanı vasitəsilə daxil olub çıxmalıdırlar: Loqan hava limanı (Boston), Kennedi hava limanı (Nyu-York) və Dalles hava limanı (Vaşinqton). Bu tələbin yerinə yetirilməməsi ölkəyə girişdən imtinaya, çıxışın lazımi qaydada qeydə alınmamasına səbəb ola bilər.

Viza sahibi viza öhdəliklərini pozarsa, pozuntunun olub-olmadığını ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) müəyyən edəcək.

ABŞ 2025-ci ilin avqustunda depozit qarşılığında giriş vizalarının verilməsi üzrə pilot proqramı işə salıb. ABŞ hakimiyyət orqanlarının mövqeyinə görə, bu ölkələrin vətəndaşları Birləşmiş Ştatlara daxil olduqdan sonra icazə verilən qalma müddətini tez-tez aşırlar.

Tramp administrasiyasının 'Green Card' yoxlamaları Azərbaycana da şamil ediləcək?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Erməni xizəkçi kostyumundakı 'Azərbaycan' sözünü örtdüyünə görə cərimələnib

Mikael Mikaelyan
Mikael Mikaelyan

Erməni xizəkçi Mikael Mikaelyan idman kostyumunun sinəsində "Azərbaycan" sözünü örtdüyünə görə cərimələnib. Hadisə dekabrın sonunda İtaliyada "Tour de Ski" yarışmasında baş verib. Ermənistanın Xizək Federasiyası Mikaelyanı müdafiə edib, onun cəriməsini ödəməyi təklif edib.

"İdmana siyasətdən ayrı baxa bilmərəm, vətənimə təcavüzə meylli ölkənin adını örtmədən yarışa biıməzdim", – Mikaelyan AzadlıqRadiosunun erməni xidmətinə deyib.

Mikaelyan Azərbaycanla Ermənistan arasında müharibənin yenidən qızışmayacağına ümidini bildirsə də, sülh danışıqlarında durumun aydın olmadığını deyib, gələcək yarışlarda da belə davranacağını əlavə edib.

Dediyinə görə, kostyumu ona yarışa iki saat qalmış veriblər və o da "Azərbaycan" sözünün üstünü örtmək qərarına gəlib.

Yarışdan sonra jüri Mikaelyanı çağırıb, ona sanksiyanın səbəbi izah olunub.

"OC Media" yazır ki, cərimənin məbləği hələlik bəlli deyil. Ermənistanın Xizək Federasiyası onu ödəməyə hazır olduğunu bildirib.

Azərbaycan beş illik tərəfdaşlıq sazişi çərçivəsində İtaliyada keçirilən turnirin sponsorudur.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Tərəflər ötən il Vaşinqtonda sülh sazişini paraflayıblar. Dekabrda Azərbaycandan Ermənistana ilk dəfə neft məhsulları göndərilib. Ondan öncə isə Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya və Qazaxıstandan buğda daşınıb.

ABŞ senatoru: Tramp Rusiyayla bağlı sanksiyalar layihəsinə 'yaşıl işıq' yandırır

Lindsi Qrem
Lindsi Qrem

ABŞ-nin Rusiyaya qarşı sanksiyalar layihəsi gələn həftə Konqresdə səsverməyə çıxarıla bilər. Bunu respublikaçı senator Lindsi Qrem yanvarın 7-də bildirib. Onun sözlərinə görə, prezident Donald Tramp çərşənbə günü onunla görüşdən sonra qanun layihəsinə "yaşıl işıq" yandırıb. Hər iki partiyanın dəstəklədiyi layihə Rusiya ilə işgüzar əlaqələri hədəf alacaq.

Qrem digər respublikaçı və demokrat senatorlarla aylardır bu qanun layihəsi üzərində işləyir. Layihə Rusiya ilə iş görən ölkələrə, ondan enerji alanlara sanksiyaların tətbiqini nəzərdə tutur. Səbəb Ukrayna ilə sülh danışıqlarında Moskvanın sülh sazişi üzrə razılığa gələ bilməməsidir. Rusiya Ukraynaya 2022-ci ildə müdaxilə edib.

"Bu qanun layihəsi prezident Trampa Putinin müharibə maşınını hərəkətə gətirən ucuz Rusiya nefti alan ölkələri cəzalandırmağa imkan verəcək", - deyə Qrem Çin, Hindistan və Braziliyanı potensial hədəflər kimi göstərib.

Konqres indiyədək qanun layihəsini səsverməyə çıxarmayıb, əvəzində Tramp Hindistandan idxal olunan mallara rüsumlar tətbiq edib. Hindistan Çindən sonra Rusiya neftinin ikinci ən böyük alıcısıdır.

ABŞ rəsmisi noyabrda "Reuters"ə deyirdi ki, qanun layihəsi qəbul olunarsa, Tramp onu imzalayacaq, amma sanksiyalar üzərində nəzarətin onun əlində qalması üçün xüsusi müddəaların salınmasına israr edəcək.

Ukraynada müharibə dörd ilə yaxındır gedir. Ötən noyabrdan danışıqlar intensivləşsə də, nəticə əldə olunmayıb.

Tramp ABŞ-ni onlarla beynəlxalq və BMT qurumundan çıxarır

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış edir.
ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış edir.

ABŞ prezidenti Donald Tramp yanvarın 7-də deyib ki, Vaşinqton onlarla beynəlxalq və BMT qurumundan çıxacaq. Buraya iqlim sazişi, BMT-nin gender bərabərliyini təbliğ edən qurumu daxildir. Tramp onların ABŞ-nin milli maraqlarına zidd işlədiyini söyləyib.

Tramp administrasiyasının göndərdiyi siyahıda 35 qeyri-BMT qrupu və 21 BMT qurumu var. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası isə 2015-ci il Paris İqlim Sazişinin əsasını təşkil edir.

Ötən il Birləşmiş Ştatlar son 30 ildə ilk dəfə olaraq BMT-nin beynəlxalq iqlim sammitini təxirə salıb.

ABŞ "BMT-Qadınlar" qurumundan və BMT Əhali Fondundan da çıxacaq. Sonuncu təşkilat 150-dən çox ölkədə ailə planlamasına, ana-uşaq sağlamlığına fokuslanır. ABŞ ötən il onun maliyyəsini kəsib.

BMT-nin baş katibi Antonio Quterreşin sözçüsü məsələni şərh etməyib.

"Reuters" yazır ki, Tramp dəfələrlə beynəlxalq qurumlara xərclənən pullar və onların effektivliyini sual altına alıb, onların ABŞ-nin maraqlarına xidmət etmədiyini deyib.

Bir il öncə ikinci dönəm prezidentliyə başlayan Tramp ölkəsinin BMT-yə maliyyəsini kəsib, BMT İnsan Haqları Şurasında işi dayandırıb, UNRWA Fələstinə yardım agentliyinə maliyyənin kəsilməsini uzadıb, BMT-nin UNESCO mədəniyyət agentliyindən çıxıb. Tramp Ümumdünya Səhiyyə Təşkilatı və Paris İqlim Sazişindən çıxacağını açıqlayıb.

Avstraliyanın cənubunda temperatur 40 dərəcəni keçib

Meteoroloqlar vəziyyətin son altı ildə ən pis həddə çatdığını deyirlər.
Meteoroloqlar vəziyyətin son altı ildə ən pis həddə çatdığını deyirlər.

Yanvarın 7-də Avstraliyanın cənub ştatlarında kəskin istilər başlayıb, temperatur 40 dərəcə Selsini keçib. Səhiyyə orqanları xəbərdarlıq səsləndirib, meşə yanğınları alovlanıb.

Meteoroloqlar vəziyyətin son altı ildə ən pis həddə çatdığını deyirlər. 2020-ci ilin "Qara yay" adını almış yanvarında istilər 33 nəfərin həyatına son qoymuşdu.

Viktoriya ştatında temperatur 44 dərəcəyə çatıb. Ştatın paytaxtı Melburnda 41 dərəcə istilik var və sakinlərə evdən çıxmamaq tövsiyə olunub.

Kitabxanalar kimi ictimai məkanlar sakinlərin sərinlənməsi üçün iş vaxtlarını uzadıblar. Monarto safari-parkı isə bağlanıb.

Adelaida şəhərində minlərlə insanın işıqsız qaldığı xəbər verilir.

Azərbaycan gəmilərinə Rusiya neftinə görə sanksiyalar qoyulub

Tanker
Tanker

2025-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) məxsus iki gəmi Rusiyaya aid xam neftin daşınması iddiası ilə sanksiyalara məruz qalıb.

Habelə, şirkətin birgə müəssisəsi olan "SA Maritime AFZECO" vasitəsilə sahib olduğu üç gəmi Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyalarına düşüb.

Bu barədə ASCO-nun illik hesabatında deyilir.

Bildirilir ki, rəhbərlik hüquqi araşdırmaya başlayıb, şirkətin və onun birgə müəssisəsinin müvafiq sanksiyaları pozmadığını sübut etmək üçün apellyasiya müraciəti hazırlanır.

Xatırlatma

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı təcavüzə başlayıb. Hər iki tərəfdən bir neçə yüz min insanın həlak olduğu, təkcə Ukraynadan bir neçə milyon insanın didərgin düşdüyü bildirilir. Bundan sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirib. Burada xüsusilə Rusiya neft sənayesinə qarşı sanksiyalar əhəmiyyətli yer tutur.

Bu sanksiyalar "kölgə donanması"nın bir hissəsi olan çoxlu sayda neft tankerlərinə, qeyri-şəffaf Rusiya neft treyderlərinə, onun neft xidməti təminatçılarına və bu ölkənin enerji rəsmilərinə də qarşı tətbiq edilir.

Hələ 2014-cü ildə Rusiya Ukraynaya məxsus Krım yarımadasını ilhaq edəndə ona qarşı sanksiyaların tətbiqinə başlanmışdı.

Azərbaycan bu sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü tanıyır.

Hələbdə toqquşmalarda azı dörd nəfər öldürülüb

SDF döyüşçüləri
SDF döyüşçüləri

Yanvarın 6-da Suriyanın şimalında Hələb şəhərində toqquşmalarda azı dörd nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Hökumət və kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) zorakılığa görə bir-birini ittiham edib.

Rəsmi SANA agentliyi dünən öldürülənlərin üçünün dinc sakinlər, birinin əsgər olduğunu xəbər verir.

Yanvarın 7-də Hələbdə təhsil ocaqlarının, hökumət idarələrinin işini dayandırdığı, eləcə də Hələb aeroportuna uçuşların 24 saatlığa təxirə salındığı bildirilir.

Bu arada hökumət ABŞ-nin dəstəklədiyi SDF-i hökumət qüvvələrinə birləşdirməyə çalışır. SDF 14 illik müharibədə qazandığı muxtariyyəti əldən vermək istəmir. Bu qruplaşma hazırda "İslam Dövləti" (İŞİD) həbsxanalarına və neft resurslarına nəzarət edir. Suriyada təxminən bir il öncə Bəşər əl-Əsəd devriləndən sonra siyasi durum kövrək olaraq qalır.

Kürd qüvvələrin inteqrasiyası üzrə razılaşma 2025-ci ilin sonunadək icra olunmalı idi. Amma bu yöndə irəliləyiş olmayıb və tərəflər buna görə bir-birini qınayıb.

"Reuters" yazır ki, SDF-in Suriya ordusuna inteqrasiyası alınmasa, zorakılıq qızışa, nəticədə Türkiyə duruma müdaxilə edə bilər. Ankara terrorçu saydığı kürd silahlılara qarşı müdaxilə ilə hədələyib.

İsrail ordusu Livanda 'Hizbullah' və HƏMAS obyektlərini vurduğunu bildirir

İsrailin Livanın cənubundakı Annan kəndinə zərbəsi.
İsrailin Livanın cənubundakı Annan kəndinə zərbəsi.

İsrail Müdafiə Ordusu (SAXAL) Livanda "Hizbullah" və HƏMAS-ın infrastruktur obyektlərinə zərbələr endirdiyini bildirir. ABŞ və İsrail "Hizbullah"ı terror təşkilatı kimi tanıyır, Livanda isə bu silahlı təşkilat qanuni siyasi qüvvə kimi fəaliyyət göstərir. HƏMAS ABŞ və Aİ-də terror təşkilatı kimi tanınır.

SAXAL-ın məlumatına görə, zərbələrlə bir neçə silah anbarı, yerüstü və yeraltı hərbi qurğular, Livanın cənubunda HƏMAS-a məxsus silah istehsalı meydançaları hədəfə alınıb. Bu obyektlərdən hərbi gücün artırılması, İsrail hərbçilərinə qarşı terror aktlarının törədilməsi üçün istifadə edildiyi bildirilir. Obyektlərin mülki yaşayış məntəqələrində yerləşməsi isə "terror təşkilatlarının Livanın dinc sakinlərindən canlı qalxan kimi istifadəsinin nümunəsi" adlandırılır. Ordu əhaliyə xəbərdarlıq edilməsi yönündə tədbirlər görüldüyünü bildirir.

"The Associated Press" yazır ki, İsrail Hərbi Hava Qüvvələri Livanın cənub və şərq bölgələrinə, eləcə də ölkənin üçüncü ən böyük şəhəri olan Sidona zərbələr endirib. Zərbələrdən birinin Sidonda üçmərtəbəli kommersiya binasını tamamilə dağıtdığı iddia olunur.

Livan prezidenti Jozef Aun hücumları pisləyib. O bildirib ki, bu zərbələr həm döyüşləri səngitməyə yönəlik beynəlxalq səylərə, həm də Livanın səylərinə ziddir. Livan hökuməti uzun müddət "Hizbullah"ın nəzarətində olmuş ərazilərdə hakimiyyətini genişləndirməyə, silahlı dəstələrin tərksilah olunmasına çalışır.

Səfərbərlik Xidmətindən 93 nəfərin işi prokurorluğa göndərilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

2025-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 172 əməkdaşı barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Bu barədə Dövlət Xidmətinin bu gün, yanvarın 6-da ötən ilin yekunlarına dair yayılan məlumatında bildirilir.

Onlardan 65-i rəhbər heyətə daxil olub.

ŞHXÇDX vurğulayır ki, o cümlədən doqquz əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib.

"Ümumilikdə ötən il 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib", - məlumatda əlavə edilir.

Qanunvericilikdə dəyişiklik

2023-cü ilin sonundan Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı olması barədə qərar verilməsi qaydası dəyişib. Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik edilib.

Prezident "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" üç il əvvəl oktyabrın 6-da fərman imzalamışdı. Qanunvericilik fərmana uyğunlaşdırıldı. Fərmana əsasən, 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əvvəlki qanunvericilikdə xidmətə yararlı olub-olmamaq məsələsində əsas söz sahibi SHXÇX nəzdində tibbi komissiyalar sayılırdı. Hələlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bu məsələlərlə bağlı hər hansı hesabat vermir.

Şikayətlər qalır

Üstəlik, həqiqi hərbi xidmətə çağırışla bağlı vətəndaşlardan eşidilən şikayətlər heç də tam aradan qalxmayıb. Şikayətlərdə xidmətə yararsız gənclərin süründürməçiliklə üzləşdikləri, bəzi hallarda isə xidmət yerinin seçilməsində "tapşırma"ların rol oynaması və başqa iddialar yer alır. Konkret şikayətlərə cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Qırğızıstan da bloqerlərin fəaliyyətini tənzimləyəcək

Qırğızıstanda bloqerlik sahibkarlıq fəaliyyəti sayılacaq.
Qırğızıstanda bloqerlik sahibkarlıq fəaliyyəti sayılacaq.

Qırğızıstanda bloqerlər haqqında qanun layihəsi hazırlanır və sənədin 2026-cı il ərzində hazır olması gözlənilir. Bunu ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev "AKIpress"ə müsahibəsində deyib.

"Bloqerlərin izləyiciləri, təsir etdikləri auditoriya var və bloqerin kim olduğunu müəyyənləşdirməliyik. O, təbii ki, kütləvi informasiya vasitələrinə aid edilməyəcək, amma əhali üzərində müəyyən təsiri var və hər hansı məlumat yayarkən məsuliyyət də daşımalıdır", – agentlik nazirə istinadla yazır.

Mambetaliyev sosial şəbəkə səhifələrində müxtəlif mal və xidmətləri reklam edən bloqerləri xüsusi vurğulayıb: "50 min -100 min, bəzən bir milyon və daha çox izləyicisi olan bloqerlər var, sahibkarlıqla məşğuldurlar, bu və ya digər məhsulu reklam edirlər. Bu da sahibkarlıq fəaliyyətidir. Ona görə də biz elə mexanizm müəyyən etməliyik ki, hər iki tərəf razı qalsın".

Qazaxıstan və Tacikistanda bloqerlər sahibkar kimi qeydiyyatdan keçməli və vergi ödəməlidirlər. Vergi Komitəsinin məlumatına görə, 2024-cü ildə Tacikistanda bloqerlər 2.5 milyon dollar qazanıblar, bunun 440 min dolları vergi və digər məcburi ödənişlərə gedib. Söhbət rəsmən vergi orqanlarında qeydiyyatdan keçmiş 114 bloqerin gəlirlərindən gedir.

2025-ci ilin fevralında isə Qazaxıstanın Dövlət Gəlirləri Komitəsi bloqerlərin və onların gəlirlərini genişmiqyaslı yoxlamağa başlayıb. Qurum bildirib ki, onların nəzarət siyahısında 594 nəfər var və vergi orqanlarının fikrincə, bu şəxslər dövlətdən təxminən 106 milyon dollar gəliri gizlədiblər.

Bricit Makrona qarşı onlayn qısnamaya görə 10 nəfər məhkum edilib

Emmanuel Makron və Bricit Makron
Emmanuel Makron və Bricit Makron

Yanvarın 5-də Parisdə məhkəmə 10 nəfəri Fransanın Birinci xanımı Bricit Makrona qarşı onlayn qısnamada təqsirli bilib. Onlar Makronun transqadın olması, kişi doğulması ilə bağlı saxta iddialar yaymışdılar.

"Reuters" Bricit və əri -Fransa prezidenti Emmanuel Makronun son illər dəfələrlə saxta iddialarla üzləşdiyini yazır.

Prezident cütlüyünün 24 yaş fərqi də tənqid və ironiya mövzusu olub. Onlar uzun müddət bunu gözardı ediblər, amma son vaxtlar fəal şəkildə məhkəmələrə üz tuturlar.

Bugünkü məhkəmə qərarı isə Makronların mövqeyini gücləndirir. Onlar ABŞ-də sağçı influenser və podkaster Kendis Ouensə qarşı böhtan maddəsi ilə məhkəmə iddiası qaldırıblar. O da B.Makronun kişi doğulduğunu iddia edib.

Səkkiz kişi və iki qadın B.Makronun cinsi və seksual kimliyi barədə zərərli şərhlər verməkdə, hətta onun əri ilə yaş fərqini pedofiliyaya bərabər tutmaqda təqsirli biliniblər. Onlara səkkiz aya qədər şərti cəza kəsilib, - Fransız mediası məlumat verib.

Finlandiyada azərbaycanlı Baltik dənizində kabelin zədələnməsinə görə həbs edilib

"Fitburg"
"Fitburg"

Finlandiya məhkəməsi "Fitburg" yük gəmisinin heyət üzvü olan Azərbaycan vətəndaşının həbs edilməsi ilə bağlı qərar çıxarıb. "Yle" qəzeti onun Helsinki və Tallin arasında "Elisa" şirkətinin kabelini zədələməkdə şübhəli bilindiyini yazır.

Gəminin saxlanılması xəbəri yanvarın 1-də yayılıb. İstintaq məlumatlarına görə, gəminin 14 heyət üzvü Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olub. Finlandiya onların hamısını saxlayıb, dörd nəfərə ölkədən çıxmaq qadağan edilib.

Polis bildirib ki, gəmidən götürülən materialların təhlili bir neçə həftə çəkə bilər. Gəmidə istintaq tədbirləri davam edir.

LSEG-nin məlumatına əsasən, gəmi Karib dənizində yerləşən Sent-Vinsent və Qrenadinin bayrağı altında üzürdü. Kabel zədələnəndə "Fitburg" Sankt-Peterburqdan Hayfaya (İsrail) doğru hərəkət edirmiş.

İlk dəfə deyil Baltik və Şimali dənizlərində kabel zədələnməsi, yaxud kəsilməsi Rusiya ilə əlaqələndirilir. 2024-cü ilin dekabrında Finlandiya "Eagle S" tankerini saxlayıb. Tanker Kuk adaları bayrağı altında Rusiya nefti daşıyırdı. Ölkə təhqiqatçılarına görə, tanker 11 ton ağırlığında lövbərini Fin körfəzinin dibi ilə 90 km sürükləyərək "Estlink 2" Finlandiya-Estoniya elektrik kabelini və dörd internet xəttini zədələyib. Onlar tankerin "kölgə donanmasına" aid olduğunu bildiriblər. Tankerin kapitanı və Gürcüstan vətəndaşı olan birinci köməkçisinə ittiham irəli sürülüb, amma məhkəmə onları rədd edib. Məhkəmədə cavabdehlər gəminin lövbərinin təsadüfən düşdüyünü bildiriblər.

2025-ci ilin yanvarında isə Latviyanın tələbi ilə Norveçdə "Silver Dania" gəmisi rusiyalı ekipajla birlikdə saxlanıb: gəmi Latviya və İsveç arasında olan sualtı fiberoptik kabelin zədələnməsində şübhəli bilinib. Gəmi Sankt-Peterburq və Murmansk arasında hərəkət edirdi.

Azərbaycanda siqaretlər bahalaşıb

Siqaret dükanı
Siqaret dükanı

Azərbaycanda siqaretlər qiymət və markasından asılı olaraq təqribən 8-10 faiz arasında bahalaşıb.

Bakıdakı mağazalarda bunun əsasən dünən, yanvarın 4-dən baş verdiyi bildirilir.

Onlar qiymət artımının topdansatış məntəqələrində də baş verdiyini vurğulayıblar.

Rəsmi qurumlar, hələlik, məsələyə münasibət bildirməyiblər.

Bundan əvvəl isə ölkədə bəzi tütün məhsullarının bahalaşdığı açıqlanmışdı.

Bu ildən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb.

Üstəlik, Azərbaycanda elektron siqaretlərdən istifadə qadağan olunacaq. Bu məsələ Milli Məclisdə müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Ekspertlər hesab edirlər ki, belə qadağa və qiymət artımı ilə yanaşı, sosial, maarifləndirici layihələr də həyata keçirilməlidir.

Azərbaycan-ABŞ əməkdaşlığı müzakirə edilib

İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 4-də Birləşmiş Ştatlardan (ABŞ) gələn nümayəndə heyəti ilə ikitərəfli əməkdaşlığa aid bir çox məsələləri müzakirə edib.

AZƏRTAC-ın xəbərinə görə, nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markueyn Mallin və Nümayəndələr Palatasından bir sıra konqresmenlər daxildir.

Bildirildiyinə görə, qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş razılaşma münasibətilə dövlət başçısına təbriklərini çatdırdılar.

Prezident isə, öz növbəsində, artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini vurğulayıb. O, 1992-ci ildə qəbul edilən və Azərbaycana yardımları dayandıran "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin iki ölkə arasında əlaqələrin bugünkü inkişafının mahiyyətinə uyğun olmadığını deyib. Əliyev ABŞ prezidenti Donald Trampın bu düzəlişin fəaliyyətini dayandırmasını yüksək qiymətləndirərək onun tamamilə ləğvi istiqamətində Konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu söyləyib.

Görüşdə Azərbaycanla ABŞ arasında siyasi, iqtisadi, enerji, müdafiə, müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Trampa qədər...

Rəsmi Bakının son illər Qərb ölkələri, xüsusilə də ABŞ ilə münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik müşahidə edilib. ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.

Lakin 2024-cü ilin noyabrında Tramp ABŞ prezidenti seçildikdən sonra iki ölkə arasında isti münasibətlər yaranıb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq.

Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

Zelenski prezident administrasiyası rəhbərliyini Budanova təklif edib

Kirilo Budanov
Kirilo Budanov

Ukrayna prezidenti Volodimir Zelenski prezident administrasiyasının rəhbəri vəzifəsini Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanova təklif edib.

K.Budanov Telegram-da yazıb ki, Zelenskinin təklifini qəbul edir. "Ukrayna üçün tarixi bir zamanda dövlətimizin strateji təhlükəsizliyi ilə bağlı son dərəcə vacib məsələlərə fokuslanmaq mənim üçün həm şərəf, həm də böyük məsuliyyətdir", – o qeyd edib.

Ukraynanın Prezident Aparatının rəhbəri vəzifəsini daha öncə Andriy Yermak tuturdu. O, noyabrın 28-də korrupsiya qalmaqalı fonunda ofisində axtarışlardan sonra istefa verib.

Davamı

XS
SM
MD
LG