Keçid linkləri

2026, 01 Aprel, çərşənbə, Bakı vaxtı 09:15

Xəbərlər

Azərbaycanla Çin birgə investisiya fondunun yaradılmasını nəzərdən keçirilər

Azərbaycan-Çin yaxınlaşması vətəndaşa nə verir?
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Azərbaycan İnvestisiya Holdinqi və Çinin İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması imkanları nəzərdən keçirilib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında paylaşım edib.

"İpək Yolu Fondunun baş icraçı direktorunun müavini, İnvestisiya Komitəsinin üzvü Si Sinbo ilə görüşdə Azərbaycanla Çinin iqtisadi əlaqələrinin şaxələndirilməsi istiqamətində təşəbbüsləri müzakirə etdik. Azərbaycan İnvestisiya Holdinqi və İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması, potensial investisiya layihələrinin həyata keçirilməsi və maliyyələşmə mexanizmlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirdik", - paylaşımda qeyd edilib.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2025-ci ildə Azərbaycanın Çinə birbaşa investisiyalarının həcmi 9 milyard 957 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə müqayisədə 7.2 milyon dollar çoxdur.

Çin isə, öz növbəsində, 2025-ci il ərzində Azərbaycan iqtisadiyyatına 26 milyard 895 milyon dollar sərmayə qoyub. Bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 9.3 milyon dollar çoxdur.

2024-cü il ərzində Çindən Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 17,6 milyon dollar, əks istiqamətdə isə 2,8 milyon dollara bərabər olub.

Dövlət Gömrük Komitəsinin (DSK) məlumatına görə, son bir ildə iki ölkə arasında ticarət əlaqələri də artıb.

Xatırlatma

Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşma müşahidə edilir. 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Ötən il isə "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" qüvvəyə minib.

Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda, Azərbaycan Çinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla əməkdaşlığı da gücləndirib.

Amma Azərbaycan müxalifəti hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri inkişaf etdirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.

Üstəlik, onlar hesab edirlər ki, Çinlə yaxınlaşma ABŞ ilə güclənən əməkdaşlığa xələl gətirə bilər.

Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə təqaüd veriləcək

Qarabağ minalardan nə dərəcədə keyfiyyətli təmizlənir
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Minatəmizləmə fəaliyyəti zamanı partlayıcı sursatların işə düşməsi nəticəsində həlak olan və ya aldığı xəsarətdən vəfat edən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan prezidentinin təqaüdü təsis edilib.

Bununla bağlı martın 31-də prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, təqaüdün aylıq məbləği 700 manat müəyyən olunub.

Azərbaycanda indiyə qədər nə qədər şəxsin minatəmizləmə zamanı həlak olması ilə bağlı dəqiq, rəsmi statistika açıqlanmayıb. Amma rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 70-dən çox vətəndaşı minaya düşərək həlak olub, 350 civarında şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra rayonların minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə (Azərbaycan, Ermənistan və vasitəçi kimi Rusiya arasında noyabrın 10-da imzalanan bəyanatla dayandırılmışdı) və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib.

Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

Ailəsi Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılmasını istəyir

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Ailəsi hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində olan keçmiş deputat Nazim Bəydəmirlinin daha geniş xəstəxanaya köçürülməsini istəyir. Bu barədə onun xanımı Fəridə Bəydəmirlinin ölkə başçısına müraciətində bəhs edilir.

O vurğulayır ki, ərinin sağlamlığında çox ciddi problemlər yaranıb, "daha geniş xəstəxanada yatırılıb ciddi müalicə olunmalıdır".

F.Bəydəmirli istəyir ki, əri ev dustaqlığına buraxılsın.

Bu açıqlamaya rəsmi qurumların münasibəti bəlli deyil.

27 mart

Nazim Bəydəmirli Müalicə Müəssisəsinə yerləşdirilib

Keçmiş deputat Nazim Bəydəmirli martın 26-sı axşam saatlarında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Bu barədə onun xanımı Fəridə Bəydəmirli məlumat yayıb.

Amma o qeyd edib ki, hələlik, həyat yoldaşının səhhəti ilə bağlı məlumat ala bilməyib.

Məsləyə Penitensiar Xidmətin Müalicə Müəssisəsindən də münasibət almaq mümkün olmayıb.

Nazim Bəydəmirlinin həbsdə səhhəti qəfil pisləşib

Keçmiş deputat Nazim Bəydəmirlinin həbsdə səhhətinin qəfil pisləşdiyi bildirilir. Bu haqda bu gün, martın 26-da onun xanımı Fəridə Bəydəmirli məlumat yayıb. O, Penitensiar Xidmətin rəhbərliyinə və Ədliyyə Hospitalının rəisinə də müraciət edərək vurğulayıb ki, hal-hazırda Qaradağ rayonu13 nömrəli Cəzaçəkmə Müəssisəsində olan N.Bəydəmirlinin səhhəti qəfil pisləşdiyindən təcili yardım çağırılıb hospitalizasiya olunmalıdır.

Bu açıqlamaya sözügedən rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

N.Bəydəmirlinin ailəsi bundan əvvəl də onun səhhəti ilə bağlı narahatlıqlarını bəyan edib.

N.Bəydəmirli 2023-cü ilin iyulundan həbsdədir. O, əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmədə təqsirli bilinsə də, özü ittihamı "uydurma" adlandırıb. Ona 8 il həbs cəzası kəsilib.

N.Bəydəmirli 2005-2010-cu illərdə Gədəbəy rayonundan Milli Məclisin üzvü olub. Keçmiş deputatın sözlərinə görə, 2023-cü ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə bağlı kimisə qurban vermək lazım gəldiyindən onu seçiblər və bu üzdən, özünü "ekologiya məhbusu" adlandırır.

2023-cü ilin iyununda Söyüdlü sakinləri ərazidəki qızıl zavodundan axan su vasitəsilə kənddəki gölün zəhərləndiyini bildirir və bunun da əhaliyə mənfi təsir göstərdiyini vurğulayaraq etiraz aksiyası keçirmişdilər. Həmin gün və sonradan saxlanan səkkiz nəfərə inzibati qaydada 20 günlük həbs cəzası verilib. Dörd nəfər kənd sakini haqqında isə narkotik ittihamı ilə cinayət işi başlanıb və onlar həbsə göndəriliblər.

Həmin qızıl zavodunun işi dayandırılsa da, sonradan rəsmi komissiya yenidənqurma və modernləşdirilmə ilə bağlı müəyyən tövsiyələr verməklə onun fəaliyyətini mümkün sayıb. İstismarçı "Anglo Asian Mining" şirkəti üzərinə yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin gerçəkləşdirilməsi tələbləri də qoyulurdu.

Müəssisənin son durumu ilə bağlı yaxın tarixdə ictimaiyyətə açıqlama verilməyib.

Rusiya Britaniya səfirliyinin ikinci katibini ölkədə çıxarır

Moskvada Britaniya səfirliyi
Moskvada Britaniya səfirliyi

Böyük Britaniyanın Rusiyadakı səfirliyinin ikinci katibi Yanse Cerardus kəşfiyyat fəaliyyətində şübhəli bilinir, o, deportasiya ediləcək. Bunu TASS agentliyi FSB-nin mətbuat mərkəzinə istinadla bildirir.

"Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) adı çəkilən diplomatın Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid yaradan kəşfiyyat və təxribat fəaliyyətinin əlamətlərini müəyyənləşdirib, rusiyalı iqtisadi ekspertlərlə qeyri-rəsmi görüşlərdə məxfi məlumat əldə etmək cəhdlərini qeydə alıb", – FSB-nin məlumatında deyilir.

FSB iddia edir ki, Cerardus viza alarkən yalan məlumat verib. Nəticədə onun diplomatik akkreditasiyası ləğv edilib, iki həftə ərzində ölkədən çıxması tapşırılıb.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyaya etiraz təqdim edib. FSB rusiyalıları Britaniya diplomatları ilə təmaslardan çəkinməyə çağırıb, bunun cinayət məsuliyyəti yarada biləcəyi barədə xəbərdarlıq edib.

Britaniya Xarici İşlər Nazirliyi hələlik əməkdaşının qovulması ilə bağlı xəbərləri şərh etməyib.

Rusiya XİN sonuncu dəfə 2026-cı il yanvarın ortalarında Moskvadakı Britaniya səfirliyinin əməkdaşının akkreditasiyasını ləğv edib, o da Britaniya kəşfiyyat xidmətləri ilə əlaqədə şübhəli bilinib.

Bayramov Mirzoyanla danışıb

Mirzoyan və Bayramov
Mirzoyan və Bayramov

Bu gün, martın 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, onlar iki ölkə arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.

"Bayramovla Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər", - məlumatda deyilir.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən il avqustun 8-də Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

Son aylar Azərbaycan vasitəsilə Ermənistana tranzit yükdaşımalar da bərpa edilib.

Dərmanların həbsdə AXCP fəalına çatdırılmadığı deyilir

Vüqar Qədirli
Vüqar Qədirli

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) İmişli rayon şöbəsinin həbsdə olan fəalı, ikinci qrup əlil (Qarabağ müharibəsində xəsarət alıb) Vüqar Qədirliyə ailəsinin göndərdiyi dərmanların çatdırılmadığı bildirilir.

AXCP-dən verilən məlumata görə, dünən, martın 26-da onun oğlu həbsxanaya gedərək atasına çox zəruri olan dərmanları aparıb və dərmanları "çatdırarıq" vədi ilə qəbul ediblər.

"Bu gün Vüqar Qədirli ailəsinə telefon vasitəsilə bildirib ki, ona dərmanlar verilməyib. Saxta ittihamla həbs etdikləri Qarabağ əlilinə zülm verməkdən də çəkinmirlər", - partiyadan vurğulanıb.

Məsələyə cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Həbsxanada səhhətinin pisləşdiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) İmişli rayon şöbəsinin dekabrda həbs edilən fəalı, ikinci qrup əlil (Qarabağ müharibəsində xəsarət alıb) Vüqar Qədirlinin səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə onun yaxınları məlumat verib. Onların deməsinə görə, hazırda Lənkəran rayonundakı həbsxanada saxlanan Xalq Cəbhəsi üzvü lazımı müayinə və müalicədən kənarda qalıb.

Bu açıqlamaya cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Qanunsuz silah saxlamada ittiham edilən V.Qədirli barəsində dekabrın 13-də Nərimanov rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. O, dekabrın 12-də saxlanıb.

AXCP onun saxta ittihamla şərləndiyini açıqlayıb.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-dək fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 340-a yaxın siyasi məhbus var.

Putin ölkədən 100 min dollardan çox pul çıxarmağı qadağan edir

Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyi ölkələrinə nağd rubl və qızıl ixracına məhdudiyyətlərlə bağlı fərman imzalayıb. Bu ittifaqa Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Aprelin 1-dən yalnız fiziki şəxslərin 100 min ABŞ dolları ekvivalentindən artıq olmayan nağd rubl çıxarmasına icazə verilir.

Beynəlxalq aeroportlarda keçid məntəqələrinə istisna tətbiq ediləcək. Bu zaman vəsaitin çıxarılması üçün bank hesablarından pul çıxarışlarını təsdiqləyən arayışlar tələb olunacaq.

Mayın 1-dən 100 qramdan artıq qızıl külçələrin çıxarılması da yasaqlanacaq. Bu məhdudiyyət fiziki və hüquqi şəxslərə, eləcə də fərdi sahibkarlara aiddir.

Yenə aeroportlar üçün istisna nəzərdə tutulub. Bu zaman Federal Əyar Palatasından icazə sənədi tələb olunacaq.

Fərmanda deyilir ki, nağd valyuta və qızıl külçələrinin ixracı üçün xüsusi prosedur "milli təhlükəsizliyi və milli maraqları qorumaq məqsədilə" tətbiq olunur.

Ukrayna Rusiya limanlarını vurub

2024-cü ildə Ust-Luqaya əvvəlki hücumdan sonra
2024-cü ildə Ust-Luqaya əvvəlki hücumdan sonra

Martın 25-də Ukrayna Rusiyadakı hədəflərə 400-dək dron buraxıb. Rusiyanın Müdafiə Nazirliyi azı 10 vilayətə və ilhaq edilmiş Krım yarımadasına hücum olunduğunu bildirir. Bir çoxları bunun dörd il öncə müharibə başlayandan bəri Ukraynanın böyük hücumlarından biri olduğunu deyir.

Bir gün öncə Rusiya Ukrayna vilayətlərinə azı 500 dron və raketlə hücum etmişdi.

Rusiyanın Baltik dənizindəki Ust-Luqa limanında yanğın başlayıb. Açıqlamanı Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko verib. O, hazırda yanğının söndürüldüyünü bildirib.

Ukrayna hücumu təsdiqləyib, bunu Ukrayna Təhlükəsizlik Xidməti (SBU) günündə "Kiyevin Rusiyaya hədiyyəsi" adlandırıb.

Ukrayna ordusu isə Rusiyanın "Purqa" buzqıran gəmisinin vurulduğunu bildirib. Bu hücum Ukrayna sərhədindən 900 km uzaqda, Leninqrad vilayətindəki Vıborq şəhərində gerçəkləşdirilib.

Rusiya rəsmiləri bu zərbənin baş verdiyini təsdiqləməyib. Amma Drozdenko Vıborqda yaşayış binasının damına ziyan dəydiyini deyib.

Martın 23-də oxşar hücumlar nəticəsində Ust-Luqa və Primorsk limanları xam neft və yanacaq ixracını bir günlüyə təxirə salmalı olmuşdu.

Son vaxtlar Kiyev Rusiyanın enerji infrastrukturuna zərbələri intensivləşdirib. Bu arada neftin bahalanmasının, ABŞ-nin Yaxın Şərq münaqişəsi fonunda Rusiyaya sanksiyaları müvəqqəti yumşaltmasının Moskvanın iqtisadiyyatına stimul verəcəyi, hərbi işğalı daha da körükləyəcəyi sarıdan narahatlıq var.

Rusiyanın Leninqrad və Pskov vilayətləri ilə həmsərhəd Estoniya və Latviyaya Rusiya ərazisindən dron müdaxilələri olduğu bildirilir. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna dronun yerli elektrik stansiyasını vurduğunu, amma bu ölkəyə yönəlmədiyini deyib.

"Bu, Rusiyanın tammiqyaslı təcavüzünün konkret nəticəsidir", – Tsahkna X-də yazıb. Elektrik stansiyasına ziyan dəydiyi, yaxud hər hansı itki baş verdiyi açıqlanmayıb.

Rusiyada özəl mühafizə qurumlarına döyüş silahı gəzdirməyə icazə verilir

Antidron baqqisi
Antidron baqqisi

Rusiya prezidenti Vladimir Putin özəl mühafizə təşkilatlarının əməkdaşlarına döyüş silahı daşımağa icazə verən qanunu imzalayıb. Məqsəd mühafizə olunan obyektləri dronlardan qorumaqdır.

Sənəddə deyilir ki, mühafizəçilər kritik əhəmiyyətli obyektlər siyahısında olan yerlərdə dronların qarşısını kəsmək üçün döyüş silahından istifadə edə bilərlər.

Silahı yalnız strateji müəssisələr və dövlət şirkətlərinin təsis etdiyi təşkilatların əməkdaşları gəzdirə biləcəklər. Bu təşkilatlar "xüsusi hərbi əməliyyat" müddətində silahı "Rosqvardiya"dan ala biləcəklər. Rusiya hakimiyyəti Ukraynada beşinci ildir apardığı təcavüzkar müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır.

Bundan öncə Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Vasili Piskaryov demişdi ki, yanacaq-energetika kompleksinə aid obyektlərin 80 faizindən çoxunu özəl mühafizə təşkilatları qoruyur.

"Ancaq qanunla onların yalnız xidməti silahdan istifadə icazəsi var, çox vaxt bu, dronların və digər (sualtı, suüstü, quru) pilotsuz vasitələrin hücumunu tez və effektli dəf etməyə yetmir", – deputat bildirib.

Kolumbiyada hərbi təyyarə qəzasında 66 nəfər həlak olub

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Puerto Leqisamo şəhəri yaxınlığında qəzaya uğrayıb.
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Puerto Leqisamo şəhəri yaxınlığında qəzaya uğrayıb.

Martın 23-də Kolumbiyada hərbi təyyarə qəzaya uğrayıb. 66 nəfər həlak olub, dörd nəfər itkin düşüb.

Təyyarədəki 128 nəfərin 11-i Hava Qüvvələri üzvləri, 115-i hərbçilər, ikisi polis zabiti olub.

"LMT.N Hercules C-130" nəqliyyat təyyarəsi Peru ilə sərhəddə yerləşən Puerto Leqisamodan qalxarkən qəzaya düşüb. Təyyarədə yanğın başlayıb, göyərtəsindəki bəzi partlayıcı qurğular partlayıb.

Yerli sakinlər qəzadan sağ çıxanları xilas etməyə başlayıblar. Yayılan videolarda kişilərin motosikletlərlə yaralı əsgərləri daşıdığı görünür.

Hərbi maşınlar sonradan hadisə yerinə çatıb. Rəsmi qurumlar qəzanın baş verdiyi ərazinin çətin relyefdə yerləşdiyini, bunun da xilasetmə işlərini çətinləşdirdiyini deyirlər.

57 nəfər xəstəxanaya yerləşdirilib, 30-nun vəziyyəti ağır deyil.


Əhalinin nominal gəliri 5.6 faiz artıb, amma...

Manat
Manat

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.6 faiz artaraq 12 min 574 milyon manat və ya hər nəfərə ayda orta hesabla 612.5 manat olub.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.

2026-cı ilin yanvarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı isə 2025-ci ilin müvafiq dövrünə nisbətən 3.8 faiz artaraq 1104 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4065 manat, qeyri neft-qaz sektorunda 1050 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 1073 manata, özəl müəssisələrdə 1133 manata bərabər olub.

Nominal gəlir müəyyən dövrdə insanların, müəssisələrin və ya bütövlükdə ölkənin əldə etdiyi gəlirin cari qiymətlərlə ifadə olunan məbləğidir. Başqa sözlə, bu göstərici insanların real alıcılıq qabiliyyətini deyil, kağız üzərində görünən gəlir məbləğini əks etdirir.

2026-cı ilin fevralında ölkədə inflyasiya 2025-ci ilin fevralına nisbətən 5.7 faiz təşkil edib.

Bu il martın 19-da isə ölkə başçısı ayrıca bəzi dövlət qurumlarının rəhbər işçilərinin maaşlarını artırıb. Baş nazirin maaşı 17 min 160 manat, nazirlərinki isə 13 min 750 manat müəyyən edilib. Fərman yanvarın 1-dən qüvvəyə minmiş sayılır.

Dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170, yardımçı vəzifələrə isə 760 manat müəyyən edilib.

Ötən il Azərbaycanda minimum pensiya 320, minimum əməkhaqqı isə 400 manata qaldırılıb.

Müstəqil iqtisadçıların vurğulamasına görə, bir çox dövlət qurumlarında "paket" sistemi hökm sürüb, bəzi sahələrdə məmurlar vergidən yayınmaqla hər ay əməkhaqqından qat-qat artıq ödəniş alıblar.

Rəsmilər belə iddiaları təsdiq etmirdilər, amma ölkədə "boz əməkhaqqı" sisteminin mövcud olduğunu da danmırdılar.

İran Azərbaycanın ən böyük 4-cü idxal tərəfdaşına çevrilib

Quru sərhədləri İrana görə bağlıdır?
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 117.6 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13.3 milyon dollar və ya 12.8 faiz çoxdur.

Hesabat dövründə Azərbaycandan İrana 2.4 milyon dollarlıq məhsul göndərilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 2.1 faiz azdır.

İrandan Azərbaycana isə 115.3 milyon dollar dəyərində məhsul gətirilib ki, bu da 13.1 faiz artım deməkdir. Bununla da hesabat dövründə İran Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında dördüncü pillədə qərarlaşıb.

Bu ilin yanvar-fevralında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2 milyard 640 milyon dollar və ya 29.6 faiz azdır.

Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon dolları ixracın, 2 milyard 599 milyon dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 23.1 faiz, idxal isə 60 faiz azalıb.

Yekunda xarici ticarətdə 1 milyard 66 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar (70 faiz) çoxdur.

Azərbaycan mənimsəmədə təqsirləndirilən şəxsi Özbəkistana təhvil verib

Penitensiar Xidmət
Penitensiar Xidmət

Azərbaycan külli miqdarda mənimsəmədə təqsirləndirilən şəxsi Özbəkistana ekstradisiya edib.

Baş Prokurorluğun məlumatına görə, "Abdullon Şadiyev 2025-ci ilin dekabrında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib... O, 18.03.2026-cı il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan səlahiyyətli orqanlarına təhvil verilib".

Bu məsələyə Şadiyevin özü və yaxınlarının münasibəti bəlli deyil.

Xatırlatma

Azərbaycan bundan əvvəl də mənimsəmə və başqa ittihamlar ilə axtarışda olan bir sıra Orta Asiya respublikası vətəndaşlarını öz ölkələrinə təhvil verib. Lakin sonradan onlardan bir çoxunun ədalətli şəkildə mühakimə edilmələri mübahisəli sayılıb.


Rusiya qırıcısı Estoniyanın hava məkanını pozub

SU-30
SU-30

Martın 18-də Rusiya qırıcısı Estoniyanın hava məkanını pozub. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu gün – martın 19-da Rusiyanın müvəqqəti işlər vəkilini çağırdıqlarını bildirib.

İnsident Estoniyanın şimal sərhədində, Finlandiya Körfəzindəki Vayndlo adası yaxınlığında baş verib. Rusiyanın SU-30 qırıcı təyyarəsi Estoniyanın hava məkanına daxil olaraq orada bir dəqiqəyədək qalıb.

"Bu pozuntuya İtaliyanın Hava Qüvvələrinin bölməsi reaksiya verib, Estoniyanın təhlükəsizliyinə təhdid yaranmayıb", – Tsahkna vurğulayıb.

Rusiya ötən il Estoniyanın hava məkanını dörd dəfə pozub, Rusiyanın müvəqqəti işlər vəkilinə etiraz bildirilib.

Estoniya NATO-nun və Avropa İttifaqının üzvüdür. Ötən il Rusiya dronları NATO və Aİ üzvləri - Polşa və Rumıniya ərazisinə də girib.

Narkotiklərlə bağlı aşkarlanan faktlar artıb, tutulanlar azalıb

'Məktəb tualetlərində uşaqlara satırlar, öyrəşdirənədək...', - keçmiş narkotik aludəçisi danışır
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

2026-cı ilin yanvar-fevralında Azərbaycanda hüquq-mühafizə orqanlarının narkotiklərlə bağlı aşkarladığı faktlar artıb, tutulanlar isə azalıb.

Bununla bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında bildirilir.

Vurğulandığına görə, bu ilin yanvar-fevralında narkotiklər və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1765 cinayət faktı aşkarlanıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 244 fakt çoxdur.

Rəsmi məlumata görə, qanunsuz dövriyyədən ümumilikdə 2 tona yaxın narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib. Ümumilikdə onların dəyəri 47milyon 855 min manat qiymətləndirilir.

Bildirilir, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 529 nəfər cəlb edilib: "Narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 6,.. məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 16 nəfər azalıb".

Xatırlatma

Azərbaycanda narkotiklərin saxlanması və satışı ilə bağlı cinayət işlərinə görə bir çox hallarda müxtəlif şikayətlər eşidilir. Bir qisim şikayətlərə görə, belə cinayətlərdə, əsasən, "kuryerlər" məsuliyyətə cəlb edilirlər, əsas təşkilatçılar məsuliyyətdən yayına bilirlər.

Başqa bir qisim şikayətlərə görə isə, bəzən belə ittihamlardan siyasi məqsədlər üçün də istifadə edilirlər, ictimai, inanclı fəallar narkotik ittihamı ilə şərlənirlər.

Lakin hüquq-mühafizə orqanları belə şikayətləri əsassız sayırlar.

Davamı

XS
SM
MD
LG