Rusiya Ukraynaya qarşı müharibədə İran istehsalı dronlardan çox istifadə edir. Kiyevin mövqeyincə, bu, İranı müharibənin dolayı iştirakçısına çevirir. Bu isə o deməkdir ki, Ukrayna Rusiyaya gedən İran yük gəmilərini legitim hərbi hədəf sayır.
Ötən həftəsonu Xəzər dənizində İranın yük gəmisinin vurulması Tehranın ciddi narazılığına səbəb olub.
"Ukraynalılar bu cür əməliyyatları davam etdirsələr, bu, şübhəsiz ki, həm İran, həm də Rusiya üçün vəziyyəti çətinləşdirəcək. Amma bunun müharibənin gedişatını əsaslı dəyişəcəyini düşünmürəm", – Fransanın "Sciences Po" Universitetinin Rusiya-İran münasibətləri üzrə eksperti Nikol Qrayevski belə deyir.
"Ukraynanın İran gəmisinə zərbəsi taktikanın əhəmiyyətli dəyişdiyini göstərir və aydın mesaj verir ki, Ukrayna haradan gəlməsindən asılı olmayaraq təcavüzə dözməyəcək", – bunu isə Vaşinqtondakı Hudson İnstitutunun Rusiya üzrə eksperti Lyuk Koffi söyləyir. Onun sözlərinə görə, bu cür əməliyyatlar Rusiya ilə İran arasında Xəzər dənizi üzərindən daşımaları getdikcə daha da çətinləşdirəcək.
"Tehran heç bir addımı cavabsız qoymayacaq"
Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) bildirib ki, dronları Rusiyanın "Molniya" raket katerini, eləcə də İran və Rusiya arasında hərbi yüklərin daşınması üçün istifadə olunan və beynəlxalq sanksiyalar altında olan iki yük gəmisini vurub.
Ukrayna prezidenti Volodimir Zelenski "Telegram"da yazıb ki, "Ukrayna Xəzər dənizində, o cümlədən İranla əlaqəli hərbi yükləri daşıyan gəmilərə uzaqmənzilli zərbələrdə çox ciddi nəticələr əldə edib".
Söhbət Rusiya bayrağı ilə üzən, Ukrayna müharibəsindən dolayı beynəlxalq sanksiyalar altında olan "Port Olya 2" və "Begey" yük gəmilərindən gedir.
Bu gəmilərin konkret nə daşıdığı bəlli deyil.
İran rəsmiləri hücuma sərt reaksiya verib. Ukraynanın Tehrandakı yüksəkrütbəli diplomatı Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz notası təqdim olunub.
İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədri İbrahim Əzizi bildirib ki, "Tehran heç bir addımı cavabsız qoymayacaq".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, Ukraynanın hücumu faktiki İrana hücum kimi qiymətləndirilməlidir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xəzər dağıdıcı müharibə meydanına çevrilə bilərmi?
AzadlıqRadiosunun jurnalisti Mayk Ekkel ekspertlərə istinadla yazır ki, İranın Ukraynaya qarşı real hərbi cavab imkanları məhduddur.
"Tehran açıq-aşkar qəzəblidir, ancaq Ukraynaya qarşı hərbi güc tətbiq etmək imkanları çox məhduddur", – Tennessi Universitetinin professoru, İran ordusu üzrə ekspert Səid Qolkar bildirib. Onun fikrincə, İran cavab vermək qərarına gəlsə, bunu birbaşa hərbi zərbə ilə deyil, kiberməkan əməliyyatları, kəşfiyyat fəaliyyəti kimi dolayı üsullarla edə bilər.
N.Qrayevskinin dediyinə görə, nə İranın, nə də Rusiyanın Ukraynanı bu qarşıdurmanın yeni cəbhəsinə çevirmək marağı var: "Ruslar, çox güman ki, İranı daha təmkinli davranmağa çağırırlar".
ABŞ prezidenti Co Bayden dövründə Ağ evin Milli Təhlükəsizlik Şurasında İran üzrə direktor olmuş Neyt Svenson da hesab edir ki, İranın ciddi cavab vermək imkanları zəifdir.
"Ukrayna məsələsində İran imkanlarını aşan hədə-qorxu gəlir", – hazırda Atlantik Şurada çalışan tədqiqatçı Svenson söyləyib.
Tafts Universitetinin Fletçer Məktəbinin Rusiya və Avrasiya Proqramının rəhbəri Mixail Troitski düşünür ki, İranın sərt bəyanatları daha çox Rusiyaya ünvanlanıb: "Tehrana Moskvanın daha geniş dəstəyi lazımdır. Görünür, Kreml İranın kəşfiyyat və hərbi texnika ilə bağlı bütün istəklərini yerinə yetirmir".
İkibaşlı proses
Ukrayna ilk dəfə deyil Xəzərdə hədəfləri vurur.
L.Koffinin sözlərinə görə, müharibə başlayandan azı 12 Rusiya hərbi gəmisinə zərbə dəyib, baxmayaraq ki, onların bir çoxuna dəymiş ziyanın miqyası tam bəlli deyil.
ABŞ ilə birlikdə İrana qarşı əməliyyatlar keçirən İsrail də Xəzər dənizində İran hədəflərini vurub. Martın 18-də İsrail qırıcıları Bəndər-Ənzəli limanına zərbə endirib, naməlum sayda hərbi gəmini batırıb.
Ekspertlər güman edirlər ki, Ukrayna son əməliyyatlarda İsrail kəşfiyyatının dəstəyindən istifadə etməsi mümkündür.
"Strateji baxımdan bu, məntiqidir. İsrailin İran üzrə çox güclü kəşfiyyat imkanları var, Ukrayna isə İran-Rusiya hərbi əməkdaşlığını pozmaqda çox maraqlıdır", – Qolkar vurğulayıb.
Fars körfəzində İran-Rusiya birgə hərbi-dəniz təlimləri
Zelenski iyulun 28-də Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşüb. Onun bu hücumları ABŞ-nin İrana qarşı kampaniyasına mühüm töhfə kimi təqdim etməyə çalışacağı gözlənilirdi.
L.Koffi deyir ki, hücumların vaxtı təsadüfi seçilməyib, məqsəd Tramp administrasiyasının diqqətini çəkmək olub.
N.Qrayevski isə hesab edir ki, Kiyevin iki müharibəni bir-biri ilə əlaqələndirmək cəhdi Vaşinqton üçün vəziyyəti çətinləşdirə bilər. Onun sözlərinə görə, ABŞ administrasiyası "nədənsə Rusiyanın İran müharibəsində iştirak etdiyini göstərmək istəmir": "Bu baxımdan, bəli, vəziyyət mürəkkəbləşir. Ukraynalılar açıq şəkildə Rusiyanın münaqişədə birbaşa iştirak etdiyini deyirlər".
Qrayevskinin fikrincə, Tramp administrasiyası Ukrayna və İran müharibələrini bir-birindən ayrı saxlamağa çalışır: "Bu iki müharibə nə qədər çox bir-birinə qarışarsa, Ukrayna və İranla bağlı siyasəti əsaslandırmaq bir o qədər çətin olacaq".
S.Qolkar durumun mənfi və müsbətlərinə diqqət çəkir. Belə ki, bir tərəfdən, İran-Rusiya hərbi əməkdaşlığının pozulması ABŞ-nin strateji maraqlarına uyğundur və bunun üçün Amerikanın birbaşa iştirakı tələb olunmur: "Digər tərəfdən isə, bu, onsuz da mürəkkəb vəziyyəti daha da qəlizləşdirir. Vaşinqton indi Ukrayna, İsrail, Körfəz ölkələri və İranla münasibətləri eyni vaxtda idarə etməli, eyni zamanda regionda daha geniş eskalasiyanı önləməlidir".