Keçid linkləri

2026, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:52

Zelenski Trampla 'yaxşı görüş' keçirdiyini yazıb

Volodimir Zelenski və Donald Tramp
Volodimir Zelenski və Donald Tramp

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 28-də ABŞ Prezidenti Donald Trampla "yaxşı görüş" keçirdiyini bildirib. Onun sözlərinə görə, müzakirələr Kiyevin ABŞ istehsalı olan raket tutucularının lisenziya əsasında istehsalı və Rusiya ilə sülh danışıqlarının bərpasına həsr olunub.

“Oval kabinetdə Prezident Trampla yaxşı görüşümüz oldu”, – Zelenski Telegram-da yazıb.

“Prezidentlə Patriot sistemləri üçün raket tutucularının istehsalına lisenziyalar və kömək edə biləcək digər ideyalardan danışdıq. Diplomatiyanı da müzakirə etdik – diplomatik prosesi sürətləndirmək vacibdir”, – o əlavə edib.

Ukrayna Moskva vilayətinə kütləvi dron zərbələri endirib

Rusiya rəsmiləri Ukraynanın Moskva vilayətinə genişmiqyaslı dron hücumu həyata keçirdiyini bildirir. Hücum nəticəsində yaşayış binası, təkrar emal zavodu və bir anbara ziyan dəyib.

Moskva meri Sergey Sobyanin iyulun 28-də səhər saatlarında bildirib ki, ötən gecə Moskva vilayətini təxminən 400 dron hədəf alıb. Sosial mediada paylaşılan videolarda dronların havada uçduğu, vilayət üzərində tüstü qalxdığı görünür.

Sobyanin deyib ki, hava hücumundan müdafiə sistemləri dronların çoxunu uzaq məsafədə zərərsizləşdirib, Rusiya paytaxtına yaxınlaşan 81 dron vurulub.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, bir dron yaşayış binasına dəyib, yerli rəsmilər isə digər dronların təkrar emal zavoduna dəydiyini bildiriblər.

Monitorinq aparan Telegram kanallarına görə, Moskva vilayətinin Koledino qəsəbəsindəki 3PL logistika şirkətinin anbarı hücumdan sonra yanğına məruz qalıb. Obyekt "Wildberries" anbarının yaxınlığında yerləşir, lakin həmin anbara ziyan dəymədiyi bildirilir.

Ukrayna rəsmiləri Moskva vilayətinə dron hücumu barədə məlumatları hələlik təsdiqləməyiblər.

Kiyev Moskvanı danışıqlara sövq etmək məqsədilə uzaqmənzilli cavab zərbələrini genişləndirir. Ukrayna son zamanlar Rusiyanın "Wildberries" onlayn ticarət şirkəti ilə əlaqəli anbarlara hava hücumlarını artırıb. İddialara görə, bu şirkətdən ölkənin hərbi logistikasını dəstəkləmək üçün istifadə olunur. Moskva bu iddiaları təkzib edir.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Palm-Biçdə salamlayır. Arxiv fotosu
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Palm-Biçdə salamlayır. Arxiv fotosu

Tramp bu gün Ağ evdə Zelenski və Netanyahu ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp bu gün – iyulun 28-də Ağ evdə Ukrayna prezidenti Volodimir Zelenski və İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcək. CNN Ağ ev rəsmisinə istinadla xəbər verir ki, görüşlər ayrı-ayrılıqda keçiriləcək, Rusiya-Ukrayna müharibəsinə və Yaxın Şərqdəki vəziyyətə həsr olunacaq.

Mənbəyə görə, Tramp Netanyahu ilə danışıqlarda İranla müharibənin nəticələrini, Livanla danışıqların gedişini və "İbrahim sazişləri"nin genişləndirilməsi imkanlarını müzakirə edəcək. ABŞ prezidenti etiraf edib ki, İran məsələsində onunla İsrailin baş naziri arasında bəzi fikir ayrılıqları qalır, baxmayaraq ki, mövqeləri bir-birinə kifayət qədər yaxındır.

Zelenski ilə görüşdə əsas diqqət Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə danışıqlara yönələcək. "İndi müharibəni bitirməyin vaxtıdır", – Ağ ev rəsmisi bildirib.

Tramp iyulun 27-də Rusiyanın ABŞ hərbi bazaları barədə kəşfiyyat məlumatlarını İrana ötürməsi ilə bağlı Zelenskinin bəyanatını da şərh edib. ABŞ prezidenti jurnalistlərə deyib ki, onların bunu etdiklərini düşünmür: "Hər halda, yüksək səviyyədə etmirlər".

Netanyahu və Zelenski Vaşinqtonda Respublikaçılar partiyasından senator Lindsi Qremin dəfn mərasimində də iştirak edəcəklər.

​
XS
SM
MD
LG