ABŞ Senatı Rusiya və İrana qarşı iqtisadi təzyiqi gücləndirmək məqsədi güdən genişmiqyaslı qanun layihəsini dəstəkləyib. İyulun 28-də Senat prosedur səsverməsində 86-12 səs nisbəti ilə qanuna dəstəyini bildirib. Bu, prezident Donald Tramp 2025-ci ilin əvvəlində bu vəzifəyə qayıdandan bəri Vaşinqtonun Ukraynaya ən güclü ikipartiyalı dəstəyinin nümayişidir.
Prosedur səsverməsi Cənubi Karolina ştatının senatoru, qanun layihəsinin baş müəllifi Lindsi Qremin dəfn mərasimindən bir neçə saat sonra keçirilib. Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bağlı qapılar arxasında senatorlara müraciət edib.
Senatorlarla görüşdən çıxan Zelenski qanun layihəsinin əhəmiyyətindən danışıb: "Bu qanun layihəsi çox vacibdir. Rusiyaya sanksiya təzyiqi çox vacibdir. Söhbət təkcə Rusiyanın bu müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi puldan getmir. Bu, həm də Avropaya böyük bir siqnal, Ukraynaya böyük bir siqnal və xalqımıza böyük dəstəkdir".
Zelenski qanun layihəsinin qanuna çevriləcəyinə ümidini etdiyini bildirib.
AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu senatorların qanun layihəsinə dəyişikliklər etdiyini, onun İranı da əhatələdiyini xəbər verir.
AzadlıqRadiosunun əldə etdiyi sənədin yenilənmiş versiyasında Ukraynadakı müharibə ilə bağlı Rusiyaya genişmiqyaslı sanksiyalar saxlanılır. Sənədə İrana qarşı sanksiyalar haqqında qanunun beş il uzadılması barədə müddəa əlavə olunur. İslam respublikası ilə biznes quran xarici şirkətlərə qarşı tədbirlərin müddəti də uzadılır.
Rusiyaya sanksiyalarla bağlı əsas müddəalar, o cümlədən ikinci dərəcəli tariflərə və maliyyə məhdudiyyətləri, demək olar, dəyişilməyib. Təşəbbüs Rusiya enerji resurslarını idxal edən ölkələri əhatələyir.
Qanun layihəsi bu ay vəfat etmiş senator L.Qremin iştirakı ilə hazırlanıb. Ona "cəhənnəm sanksiyaları" deyilir, çünki prezidentə Rusiya neftinin və təbii qazının ən böyük beş alıcısına, habelə Rusiyaya enerji sanksiyalarından yayınmaqda kömək edən beş ölkəyə 200 faizədək rüsum tətbiq etmək səlahiyyəti verir. Əsasən Çin və Hindistan nəzərdə tutulur.
Qrem iyulun 11-də qəflətən vəfat edib. O, bir ildən artıq idi Moskvaya sanksiyaların sərtləşdirilməsi təşəbbüsünü fəal irəli sürürdü. Onun vəfatından sonra Tramp mərhum senatorun istəyinə istinad edərək sənədə İrana qarşı sanksiyaların da əlavə olunmasını tələb edib.
Qanun layihəsinin son redaksiyasına məhdudiyyət əlavə edilib: prezidentin rüsum tətbiq etməklə bağlı yeni səlahiyyətləri beş il müddətində qüvvədə olacaq. AzadlıqRadiosunun məlumatına görə, bəzi demokratlar ABŞ rəhbərinin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı narahatlıqlarını bildirirlər.
A.Raufoğlu yazır ki, qanun layihəsi qarşısında daha bir maneə durur. Nümayəndələr Palatası avqust tətilindən sonra iclaslarını bərpa edəcək. Bu isə Konqresin qanun layihəsinə yekun təsdiqinin gecikməsi deməkdir.