'2027-ci ildə heç kim bu qatara minməyəcək' – ABŞ TRIPP üzrə növbəti addımları açıqlayır

Sizin brauzer HTML5-i dəstəkləmir

Kreml TRIPP-ə qırmızı xətt çəkdi – 'Layihənin gələcəyi dumanlıdır'

Bu gün – sentyabrın 23-də ABŞ "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin inkişafı üzrə işlərin növbəti mərhələsini açıqlayacaq. Ermənistanın cənubundan keçməsi planlaşdırılan bu nəqliyyat və infrastruktur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək. Vaşinqtonun qənaətinə görə, həmin marşrutun Cənubi Qafqaz, Mərkəzi Asiya və Qərb bazarları arasında yeni ticarət yolları açmaq potensialı var.

ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli rəsmiləri sentyabrın 22-də bu haqda jurnalistlərə danışıblar.

Bugünkü tədbirdə Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin, Mərkəzi Asiyanın beş ölkəsinin nümayəndələrinin, ABŞ-nin sülh üzrə xüsusi elçisi Stiv Uitkoffun, senator Stiv Deynsin, eləcə də əksəriyyəti ABŞ şirkətləri olmaqla 40-dan çox korporasiya rəhbərinin iştirakı gözlənilir. Rəsmilərin sözlərinə görə, Qazaxıstan və Özbəkistan bu layihəyə xüsusi maraq göstərir.

Tədbirdə Transxəzər Müəssisə Fondu da təqdim olunacaq. Fond Ağ evin təyin etdiyi idarə heyətinin rəhbərliyi altında, ABŞ hökumətindən müstəqil şəkildə fəaliyyət göstərir, Dövlət Departamentindən qrant maliyyəsi alır. Bu fond dəhlizin inkişafı və idarə olunması üçün yaradılan birgə ABŞ-Ermənistan şirkətindən – TRIPP İnkişaf Şirkətindən ayrıdır.

Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi deyib ki, Vaşinqton son 13 ayı Ermənistandakı infrastruktura investisiya yatırılması və onun idarə olunması üçün gərəkən hüquqi bazanın yaradılmasına sərf edib. ABŞ Konqresi də sülh prosesini və layihənin inkişafını dəstəkləmək üçün vəsait ayırıb.

"Bu, bizim üçün mühüm təhlükəsizlik məsələsinə çevrilir", – deyən rəsmi ticarət yollarındakı mövcud dar boğazların aradan qaldırılmasını əsas hədəflərdən biri kimi göstərib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?

2025-ci ilin avqustundan bəri baş verənlər

Layihənin Ermənistandan keçən hissəsində tikinti işlərinə başlamaq üçün hazırlıqlar hələ tamamlanmayıb.

Uzunluğu 43 kilometrdən bir qədər az olan bu hissədə dəmir və avtomobil yollarının, boru kəmərlərinin, elektrik infrastrukturunun və rəqəmsal məlumat xətlərinin çəkilməsi nəzərdə tutulur.

Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi bildirib ki, Azərbaycan öz hesabına Ermənistan sərhədinə doğru infrastruktur qurur. Türkiyə də sərhədə qədər oxşar işlər görür. Ermənistan ərazisindən keçən hissə isə hələ inşa olunmalıdır.

Çərşənbə günkü tədbirdə tikinti işlərinə simvolik olaraq başlanılıb-başlanılmayacağı barədə suala rəsmi şəxs "Hələ o mərhələyə çatmamışıq" - deyə cavab verib. Administrasiya ümid edir ki, 2026-cı ilin sonunadək və ya 2027-ci ilin birinci rübündə layihələrdə iştirak edə biləcək şirkətləri və investisiya imkanlarını müəyyənləşdirməyə başlamaq mümkün olacaq.

Dəmir yolunun çəkilməsi daha çox vaxt aparacaq. Texniki-iqtisadi əsaslandırmanın 2026-cı ilin sonuna və ya 2027-ci ilin əvvəlinə qədər hazırlanması gözlənilir. Bundan sonra şirkətlər tenderlərdə iştirak edə biləcəklər. Rəsminin sözlərinə görə, mürəkkəb relyef səbəbindən dəmir yolunun tamamlanması, çox güman ki, azı 18 ay çəkəcək.

"2027-ci ildə heç kim bu qatara minməyəcək", – o bildirib.

Sizin brauzer HTML5-i dəstəkləmir

TRIPP 2027-yə qaldı: Tikintini kim yubadır - Paşinyan, yoxsa Putin?

Rusiya və İran

Rəsmilər TRIPP-i mövcud şərq-qərb marşrutlarına alternativ kimi təqdim ediblər.

Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi Vaşinqtonun regiondakı rəqiblərlə də müzakirələr apardığını söyləyib.

AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, TRIPP üçün ayrıca təhlükəsizlik qüvvəsi və ya xüsusi mühafizə mexanizmi elan olunmayıb. Rəsmilər bunun əvəzinə ABŞ-nin layihədəki uzunmüddətli iştirakını və davamlı diplomatik təmaslarını önə çəkiblər. Eyni zamanda, Vaşinqtonun həm Ermənistan, həm də Azərbaycanla genişlənən iqtisadi və siyasi əlaqələri xüsusi qeyd olunub.

Vaşinqton Ermənistan ilə Azərbaycanın "sülhə doğru geri dönməz yolda" olduğunu bildirsə də, tərəflər hələ ki, yekun sülh sazişi imzalamayıblar.

Buna baxmayaraq, ABŞ TRIPP-i sülh prosesi ilə paralel şəkildə inkişaf etdirmək niyyətindədir. Vaşinqtonun fikrincə, iqtisadi inteqrasiyanın güclənməsi yerdə qalan maneələri də aradan qaldırmağa kömək edə bilər.