Ermənistan Orta Asiya ölkələrini "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"na (TRIPP) cəlb etməyə çalışır. Bu iddialı ticarət dəhlizi ABŞ prezidenti Donald Trampın adını daşıyır və son vaxtlar onun tikintisi ilə bağlı səylər güclənir.
Dəhliz Bakı ilə sülh razılaşmasının tərkib hissəsidir, Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan eksklavı ilə birləşdirəcək. Bu marşrut həm də Rusiya və İrandan yan keçən yeni Şərq-Qərb ticarət yolunu açacaq.
Qərbin ağır sanksiyaları altında olan Moskva və Tehran layihədən məmnun deyil.
Ermənistanın baş naziri Nikol Paşinyan son həftələr Qazaxıstan və Qırğızıstanın layihədə iştirakına çalışır. Müşahidəçilərin fikrincə, hər iki ölkə Orta Asiyanın əsas siyasi və iqtisadi aktorlarından olan Rusiyanı qəzəbləndirməkdən çəkinir.
Paşinyan sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Azərbaycan və Hindistan liderləri, ABŞ təmsilçiləri ilə TRIPP-i müzakirə edib.
O, avqustun 27-də AzadlıqRadiosunun erməni xidmətinə demişdi ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə son telefon söhbətində bu ölkənin TRIPP-də mümkün iştirakını müzakirə edib.
Qırğızıstan rəsmisi Daniyar Amanqeldiyev isə AzadlıqRadiosunun qırğız xidmətinə bildirib ki, hökumət hələ rəsmi təklif almayıb.
TRIPP-in mahiyyəti
Ermənistan və ABŞ artıq layihəni ictimaiyyətə təqdim etməyə başlayıb.
Sentyabrın 1-də TRIPP-in rəsmi "Facebook" səhifəsi istifadəyə verilib. Onu Ermənistan Xarici İşlər Nazirliyi ilə ABŞ-nin Yerevandakı səfirliyi birgə idarə edir.
Elə həmin gün ABŞ və Ermənistan rəsmiləri layihəni müzakirə etmək üçün 43 kilometrlik dəhlizin keçəcəyi Sünik vilayətində görüşüblər.
Layihənin 74 faizi ABŞ-yə, qalan hissəsi isə Ermənistana məxsusdur. Vaşinqton ilkin mərhələdə 145 milyon dollar ayırmağı öhdəsinə götürüb. Paşinyan TRIPP-i "çoxmilyardlıq layihə" adlandırıb.
Ermənistan hökuməti iyulda TRIPP-i təsdiqləyib. Sənədin sentyabrın 15-də Konstitusiya Məhkəməsində nəzərdən keçiriləcəyi, daha sonra yekun səsvermə üçün parlamentə göndəriləcəyi gözlənilir. Vaşinqton əlavə maliyyə cəlbinə kömək vəd edib, ancaq hələlik yeni investor və ya maliyyə mənbəyi açıqlanmayıb.
AzadlıqRadiosunun özbək xidmətinin əməkdaşı Zamira Eşanova yazır ki, dənizə çıxışı olmayan Ermənistan üçün bu layihə iqtisadi təcridə son qoymaq, regional nəqliyyat qovşağına çevrilmək imkanı kimi qiymətləndirilir.
TRIPP dəmir və avtomobil yolları infrastrukturunun, mümkün neft və qaz kəmərlərinin, fiber-optik rabitə və elektrik enerjisi xətlərinin çəkilməsini nəzərdə tutur.
Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağ üzərində nəzarəti bərpa edəndən sonra Ermənistan uzunmüddətli müttəfiqi Moskvadan uzaqlaşmağa, Qərblə daha sıx əlaqələr qurmağa başlayıb.
Bişkek və Astana "qəribə şəkildə susur"
Qazaxıstan TRIPP-də iştiraka maraq göstərdiyini açıq bildirib.
TRIPP Rusiyadan yan keçərək Çinlə Avropanı Orta Asiya və Qafqaz vasitəsilə birləşdirən, hələ formalaşmaqda olan 6 min 500 kilometrlik ticarət marşrutunu – Orta Dəhlizi tamamlayacaq. Layihə Ermənistan və Naxçıvan vasitəsilə Azərbaycandan Türkiyə və Avropaya nəqliyyat bağlantısı yaradacaq.
Qırğızıstan rəsmiləri də TRIPP-i ölkənin Avropaya nəqliyyat əlaqələrinin mümkün davamı kimi təqdim ediblər.
"Dəmir yolumuz Bakıya çatacaq və bu da bizim üçün Türkiyəyə birbaşa marşrut açacaq... Bu, yeni fürsətdir", – Qırğızıstanın ABŞ-dəki səfiri Edil Baysalov AzadlıqRadiosunun qırğız xidmətinə deyib.
Ancaq indiyədək nə Bişkek, nə də Astana TRIPP-də iştirakla bağlı açıq öhdəlik götürüb.
Qırğızıstanlı siyasi təhlilçi Emilbek Curayev hər iki ölkənin "qəribə şəkildə" susduğunu deyir: "Hər ikisi ABŞ ilə müsbət təmaslar qursa da, ŞƏT-dəki tərəfdaşları – xüsusilə İran, Rusiya TRIPP-ə müsbət yanaşmır. Buna görə də onlar, yəqin ki, bu fürsətdən faydalanmağa tərəddüd edirlər".
Təhlilçinin sözlərinə görə, Moskvanın Paşinyan hökuməti ilə münasibətlərinin getdikcə gərginləşməsi fonunda onların ehtiyatlı davranışının ən böyük səbəbi Rusiya ola bilər.
"Ermənistan üzərində təsiri zəifləyən Rusiya üçün bu məsələ əhəmiyyətlidir. Buna görə də Moskva Qazaxıstan və Qırğızıstanın TRIPP-ə qoşulmasını dəstəkləməyəcək", – o bildirib.