Keçid linkləri

2026, 04 İyun, cümə axşamı, Bakı vaxtı 20:59

ABŞ və Ermənistan TRIPP sazişini imzalayıb

Marko Rubio və Ararat Mirzoyan, 26 may, 2026-cı il
Marko Rubio və Ararat Mirzoyan, 26 may, 2026-cı il

ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) fəaliyyət mexanizmlərini müəyyən edən ikitərəfli çərçivə sazişini imzalayıblar. Ermənistandan keçəcək bu marşrut Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək.

Tərəflər sazişi ötən həftə Rubionun Yerevana qısa səfəri zamanı paraflamışdılar.

Ermənistan Xarici İşlər Nazirliyi Mirzoyanın sənədi imzaladığını göstərən qısa videonu yayıb.

“Dövlət katibi Rubio sazişi (iyunun 1-də) imzalayıb, sənəd Ermənistana göndərilib və indi mən Ermənistan tərəfi adından onu imzaladım. Bununla məsafədən imzalanma prosesi tamamlanıb və saziş ratifikasiya üçün hazırdır”, – Mirzoyan bildirib.

Rusiya və İran 'Tramp yolu'na qarşı birləşir?
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00

Mirzoyan və Rubio mayın 26-da Yerevanın Zvartnots Beynəlxalq Hava Limanında sazişi paraflayıblar. Rubio iyunun 2-də bu sazişi “Ermənistanın strateji mövqeyini kökündən dəyişdirmək imkanı” adlandırıb.

“Bu, Azərbaycanın önəm verdiyi və münasibətlərdə narahatlıq yaradan çıxış məsələsini həll edir, amma bununla kifayətlənmir. Bu saziş Ermənistan iqtisadiyyatını çox güclü şəkildə transformasiya etmək potensialına malikdir”, – Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsində deyib.

Bu sazişlə yanvarda imzalanmış TRIPP layihəsinə dair birgə çərçivə sənədinin əsas müddəaları bir daha təsdiqlənir. Buraya ABŞ-Ermənistan birgə müəssisəsinin yaradılması, onun Ermənistan-İran sərhədi boyunca inşa ediləcək dəmir yolu, avtomobil yolu, enerji xətləri və digər infrastruktur obyektlərini ən azı 49 il müddətində idarə edilməsi daxildir.

“TRIPP Development Company”nin (TDC) 74 faizi ABŞ hökumətinə məxsus olacaq. İyunun 3-də ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) şirkətin yaradılmasına dəstəyi rəsmən təsdiqləyib. Amma TRIPP infrastrukturlarına qoyulacağı planlaşdırılan ABŞ investisiyalarının həcmi açıqlanmayıb.

Rubio və Mirzoyan sazişi Ermənistanda parlament seçkilərinə bir neçə gün qalmış imzalayıb. Ölkənin müxalifət qrupları TRIPP-in Ermənistanla sərhədinə təhlükə yarada biləcəyini deyirlər. İran da bu marşruta qarşı çıxır.

TRIPP-lə bağlı razılaşma ötən il avqustun 8-də Vaşinqtonda əldə olunub. Həmin gün Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Həmin sənəddə tərəflərin bir-birlərinin ərazi bütövlüyünü tanıdıqları, qarşılıqlı iddiaları dayandırmaları bəyan edilib.

XS
SM
MD
LG