Keçid linkləri

2026, 10 Sentyabr, cümə axşamı, Bakı vaxtı 23:56

ABŞ konqresmeni: Ermənistan-Azərbaycan sülh sazişi Trampın dövründə imzalanacaq

Ermənistan baş naziri Nikol Paşinyan Yerevanda ABŞ konqresmeni Abraham Hamadeni qəbul edir.
Ermənistan baş naziri Nikol Paşinyan Yerevanda ABŞ konqresmeni Abraham Hamadeni qəbul edir.

ABŞ konqresmeni Abraham Hamade deyir ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi çoxlarının gözlədiyindən daha sürətlə irəliləyir. O, yekun sülh sazişinin prezident Donald Trampın indiki prezidentlik müddəti başa çatmazdan xeyli əvvəl yekunlaşa biləcəyini vurğulayır.

Arizona ştatından respublikaçı konqresmen Hamade iyunda Azərbaycana, avqustda isə Ermənistana səfər edərək hər iki ölkənin rəhbərləri ilə görüşüb. O, sentyabrın 9-da AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğluna müsahibəsində Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunu (TRIPP) iqtisadi layihədən daha böyük təşəbbüs kimi qiymətləndirib. Onun fikrincə, bu marşrut Ermənistanla Azərbaycanı siyasi və iqtisadi baxımdan bir-birinə bağlaya, Cənubi Qafqaza Qərb ölkələrindən daha çox ticarət və sərmayə cəlb edə bilər.

TRIPP Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistan ərazisindən keçməklə birləşdirəcək. Marşrut boyunca dəmir və avtomobil yollarının, mümkün neft və qaz kəmərlərinin, fiber-optik rabitə və elektrik enerjisi infrastrukturlarının yaradılması nəzərdə tutulur. Bu təşəbbüs ötən il Vaşinqtonda imzalanmış sənədlər çərçivəsində təqdim edilib.

İqtisadi layihədən daha böyük

Konqresmen yekun sülh sazişinin imzalanmasına maneələrdən birinin zaman olduğunu deyir: "Müharibə dövründən sonra emosiyaların sakitləşməsi üçün vaxt lazımdır. Ancaq həm Bakıda, həm də Yerevanda gördüklərimə əsasən deyə bilərəm ki, proses çox rahat gedir. Hər iki tərəf Cənubi Qafqazda sülh və rifahın təmin edilməsinə tam sadiqdir".

TRIPP gecikdirilərsə və ya siyasi səbəblərlə əngəllənərsə, bu, sülh prosesini təhlükəyə ata bilərmi? Konqresmen layihənin gecikdiriləcəyinə heç bir səbəb görmədiyini deyir. O, TRIPP-in sadəcə iqtisadi layihə olmadığını, ölkələri diplomatik, siyasi və iqtisadi baxımdan daha sıx birləşdirərək münasibətlərini möhkəmləndirəcəyini bildirir.

"Rusiyanın Cənubi Qafqazdakı təsiri azalır və bu, ABŞ üçün böyük üstünlükdür. İran tamamilə zəiflədilib və hazırda diqqəti başqa məsələlərə yönəlib. Gürcüstan, Ermənistan və Azərbaycandan ibarət Qafqaz bölgəsi Türkiyənin də köməyi ilə böyük potensiala malikdir. Bu bölgə Asiya, xüsusilə də əhəmiyyəti yetərincə qiymətləndirilməyən Orta Asiya ilə Avropa arasında körpüyə çevrilə bilər. Marşrut Orta Asiyanı Xəzər dənizi və TRIPP vasitəsilə Qafqaza, daha sonra Türkiyə və Avropaya bağlaya bilər", – konqresmen vurğulayır.

Kreml TRIPP-ə qırmızı xətt çəkdi – 'Layihənin gələcəyi dumanlıdır'
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

"Ruslara etibar etmək olmaz"

A.Hamade Rusiyanın TRIPP-lə bağlı iddialarını "dezinformasiya" adlandırır. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, layihənin reallaşması Birləşmiş Ştatlara Ermənistan ərazisində hərbi qüvvə və kəşfiyyat bazaları qurmaq üçün şərait yaradacaq.

"Bu, klassik Rusiya dezinformasiyasıdır. Onlar demokratik ölkə olan Ermənistanda sabitliyi pozmağa çalışırlar. Ermənistan bölgədə ən sabit demokratiyalardan biridir. Moskva hazırda Ermənistan cəmiyyətinin müəyyən bir kəsimi arasında Paşinyanı gözdən salmağa çalışır. Rusiyanın Ermənistandakı təsiri digər Qafqaz ölkələri ilə müqayisədə daha güclüdür. Ruslara etibar etmək olmaz. Hazırda onların diqqəti əsasən Ukrayna müharibəsinə yönəlib. Onlar anlayırlar ki, böyük boşluq yaranıb və ABŞ indi həmin boşluğu doldurur. Azərbaycanlılar və ermənilər Rusiya ilə deyil, ABŞ ilə əməkdaşlığa daha çox üstünlük verirlər. Biz daha etibarlıyıq. Sülhü mümkün edən tərəf bizik. Rusiya bu ölkələrdə təsir imkanlarına malik olub, ancaq hər ikisinin ümidlərini doğrultmayıb", – konqresmen söyləyir.

A.Hamade Vaşinqtonun bölgədəki iştirakının yalnız Tramp administrasiyasının dövrü ilə məhdudlaşmayacağını, uzunmüddətli olacağını düşünür: "ABŞ-də böyük bir erməni icmasının olduğunu hamımız bilirik. Ancaq azərbaycanlılar da sülh mesajı verməklə yaxşı iş görüblər. Buna görə də bunu partiyalara bağlı məsələ kimi görmürəm. Düşünürəm ki, bu mövzu demokratları, respublikaçıları aşacaq. İnsanların son məqsədi sülh olmalıdır. Konqresdə mənim kimi insanlar Cənubi Qafqazın ciddi tərəfdarlarıdırlar".

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prezident Trampın səlahiyyət müddəti başa çatmazdan əvvəl tam yekunlaşacağı gözlənilirmi? A.Raufoğlunun bu sualına konqresmen Hamade belə cavab verib: "Bəli, mütləq. Düşünürəm ki, bu, xeyli tez baş verəcək".

XS
SM
MD
LG