Keçid linkləri

2026, 10 Sentyabr, cümə axşamı, Bakı vaxtı 13:55

Nazir: TRIPP-də fiziki işlərin başlanmasının 2027-ci ilə keçirilməsi gözlənilir

Ceyhun Bayramov
Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 9-da jurnalistlərə açıqlamasında "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) üzrə fiziki işlərin başlanmasının 2027-ci ilə təxirə salına biləcəyini deyib.

Nazir vurğulayıb ki, TRIPP-lə bağlı əsas danışıqlar ABŞ və Ermənistan arasında aparılır. Onun əlavə etməsinə görə, eyni zamanda, Birləşmiş Ştatlardan olan tərəfdaşlar danışıqların gedişatı barədə Azərbaycan tərəfini müntəzəm məlumatlandırırlar: "Bu da çox təbiidir. Layihənin həm daxilolma, həm çıxış nöqtəsi Azərbaycan sərhədidir və ölkəmizin bilavasitə iştirakı olmadan layihənin həyata keçirilməsi mümkünsüzdür. Fiziki işlərin başlanmasının 2027-ci ilə keçirilməsi gözləntisi var. Bizim yanaşma ondan ibarətdir ki, bu layihə nə qədər tez icra olunsa, bir o qədər yaxşıdır".

Nazir qeyd edib ki, bu layihənin həm Azərbaycan, həm Ermənistan, həm də daha geniş bir coğrafiyada yerləşən digər region ölkələri üçün çoxsaylı faydaları var.

Görüş
Görüş
8 avqust

Ermənistandakı ABŞ diplomatı Bakıya gəlib, sülh prosesi müzakirə olunub

Sentyabrın 8-də Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu ölkədə səfərdə olan ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Alleni qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, tərəflər Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasını, regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımları müzakirə ediblər.

Həmçinin, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) icrası, habelə layihənin infrastruktur inşasına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Azərbaycan-ABŞ ikitərəfli gündəliyi və Strateji Tərəfdaşlıq Xartiyasında əksini tapan sahələr üzrə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Xatırlatma

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu imzalanmışdı. Xartiya həmin işçi qrupun görüş və müzakirələri nəticəsində ərsəyə gəlib. Sənəd tərəflər arasında regional bağlantılar, qarşılıqlı investisiyalar və təhlükəsizlik əməkdaşlığı kimi ortaq maraq doğuran strateji sahələri əhatə edir.

Ötən ilin avqustunda Vaşinqtonda, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Həmin sənədlə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıdıqlarını və qarşılıqlı iddiaları dayandırdıqlarını bəyan ediblər. Sazişdə həmçinin TRIPP layihəsi ilə bağlı da razılıq əldə olunub. Sözügedən layihə Ermənistandan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməlidir.

Hazırda yekun sülh sazişinin imzalanması yolunda əsas əngəlin Ermənistan konstitusiyasının preambulasında istinad edilən Müstəqillik Aktının olduğu deyilir. Rəsmi Bakı burada Azərbaycana qarşı ərazi iddialarının yer aldığını vurğulayır. Ermənistan hökuməti isə konstitusiya dəyişikliklərinə hazırlaşdığını və yeni layihəni bu ilin sonuna qədər təqdim edəcəyini bildirir.

XS
SM
MD
LG