Tramp Rusiyadan dizel yanacağı ixracına icazə verməsi qərarının arxasında durur

Donald Tramp

ABŞ prezidenti Donald Tramp Rusiyadan dizel ixracına icazə verməklə bağlı qərarını müdafiə edib. Bu qərar Ukrayna və Avropa rəsmilərinin, hətta prezidentin təmsil olunduğu Respublikaçılar Partiyasının tənqidləri ilə üzləşib.

Tramp oktyabrın 12-də Ağ evin qarşısında jurnalistlərə Ukrayna və Rusiya arasında atəşkəsin qüvvədə olduğunu deyib. Amma iki gündür Ukrayna rəsmiləri Rusiyanın yeni zərbələri barədə ardıcıl məlumatlar yayırlar.

Prezident tərəflərin atəşkəs barədə razılığa gəlib-gəlmədiyi barədə suala belə cavab verib: "Razılaşıblar. Bilirsiniz niyə? Çünki mən "Razılaşırsınız" dedim, ona görə. Razılaşdıqlarını dediyim üçün razılaşdılar və bu məsələ həll olunmalıdır".

AzadlıqRadiosunun Rusiyanın razılaşmanı pozması xəbərləri barədə sualına Tramp bundan əmin olmadığını deyib. Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski və rusiyalı həmkarı Vladimir Putin bir araya gəlməli və bu mənasız müharibəyə son qoymalıdırlar.

Tramp oktyabrın 11-də sosial şəbəkədə hər iki tərəfin enerji atəşkəsinə razılaşdığını elan edib.

Moskva bu elanı təsdiqləməyib. Zelenskinin isə "Axios" nəşrinə bu təklifin onun üçün "yeni xəbər" olduğunu dediyi məlumdur.

ABŞ prezidenti bundan əvvəl də tərəflərin enerji obyektlərinə hücumları dayandırmaq barədə razılığa gəldiyini bəyan etmişdi. Ancaq Putin hücumları davam etdirib və uzunmüddətli atəşkəs baş tutmayıb.

Zelenski oktyabrın 12-də bildirib ki, Moskva Ukraynanın enerji sisteminə zərbələri dayandırmağa razı olarsa, Ukrayna da Rusiyanın neft emalı müəssisələrinə hücumları dayandırar.

Trampın budəfəki açıqlamasından bir neçə saat sonra Rusiya dronları Kiyevdə enerji obyektlərini vurub.

Avropa Rusiyadan enerji resursları alır

Tramp Rusiyadan dizel ixracına icazə verilməsi sazişini də müdafiə edib. O, müharibəyə baxmayaraq, Avropanın Rusiyadan enerji resursları almağa davam etdiyini deyib. Hərçənd bəzi Avropa ölkələri hələ də Rusiyadan təbii qaz və xam neft alsalar da, Rusiya tədarükündən imtina edildikcə idxal kəskin azalıb.

Prezident saziş çərçivəsində ABŞ-nin Rusiyadan ilk olaraq 300 min metrik ton dizel yanacağı alacağını, daha sonra isə milyonlarla ton əlavə tədarükün gözlənildiyini bildirib.

Bu addım çərçivəsində ABŞ Maliyyə Nazirliyi Rusiyadan dizel yanacağı ilə bağlı əməliyyatlara, eləcə də onun ABŞ-yə idxalına ümumi lisenziya verib və bu lisenziya 2027-ci il aprelin 7-dək qüvvədə olacaq.

3 noyabr Konqresə aralıq seçkiləri ərəfəsində Tramp administrasiyası bu sazişi yanacağın yüksək qiymətlərinə qarşı yönəlmiş bir addım kimi təqdim edib.

Demokratlar və bəzi Respublikaçı rəsmilər isə bu qərarı tənqid ediblər. Onların fikrincə, saziş Putini Ukraynaya qarşı müharibəni davam etdirməyə həvəsləndirəcək.

Ekspert: "300 min ton dizel ABŞ-yə cəmi yarım gün yetər"

AzadlıqRadiosuna danışan enerji analitikləri əlavə tədarükün seçkidən əvvəl qiymətlərə əhəmiyyətli təsir göstərə biləcəyinə şübhə edirlər.

Atlantik Şurasının Avrasiya Mərkəzinin ştatdankənar əməkdaşı Mark Temnitski AzadlıqRadiosuna bildirib ki, 300 min metrik ton dizel ABŞ-nin təxminən yarım günlük istehlakına bərabərdir. Bunu ABŞ Enerji İnformasiya Administrasiyasının rəqəmlərinə əsasən də görmək olar.

Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumlarından sonra Moskva istehsal və ixraca məhdudiyyətlər qoyub. Temnitski bu baxımdan Rusiyanın vəd etdiyi həcmdə yanacağı göndərə biləcəyini də şübhə altına alıb.

Təhlilçi xəbərdarlıq edib ki, Moskvadan hər hansı güzəşt əldə etmədən sanksiyaları yumşaltmaq Rusiyaya yönəlmiş beynəlxalq təzyiqi zəiflədə, Moskvaya potensial gəlir gətirə və Putinə siyasi qələbə qazandıra bilər.