Keçid linkləri

2026, 13 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:33

Çexiya kəşfiyyatı: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlaya bilər

Vladimir Putin
Vladimir Putin

Rusiya yaxın aylarda Ukraynanı dəstəkləyən NATO üzvü ölkələrdə daha riskli və genişmiqyaslı əməliyyatlara əl ata bilər. Bunu Çexiyanın təhlükəsizlik xidmətinin rəhbəri Mixal Kudelka oktyabrın 12-də bildirib. Onun sözlərinə görə, Moskva "deeskalasiya üçün eskalasiya" taktikasına keçir.

Rusiyanın mümkün əməliyyatlarına NATO ölkələrindəki Ukraynaya yardım obyektlərinə təxribatlar, həmçinin Kiyevə göndəriləcək silah anbarlarına dron və ya raket hücumları daxildir.

Kudelka parlamentdə keçirilən təhlükəsizlik konfransında danışıb. Onun fikrincə, ən ekstremal halda NATO-nun qonşu üzv ölkələrindən birinə qarşı məhdud hərbi əməliyyat da aparıla bilər. O, Rusiyanın hazırda bütün qüvvələrini Ukraynada cəmlədiyini də əlavə edib.

Kudelka Çexiya kəşfiyyat xidmətində ölkəyə qarşı birbaşa təhdidlə bağlı hələlik konkret məlumatın olmadığını bildirib.

Almaniyanın daxili kəşfiyyat qurumunun rəhbəri Sinan Selen isə oktyabrın 12-də bildirib ki, Rusiya hibrid əməliyyatlarda əlindəki, demək olar, bütün vasitələrdən istifadə edir. Bu əməliyyatlara Almaniyada planlaşdırılan sui-qəsd cəhdləri də daxildir.

Selen Berlində keçirilən mətbuat konfransında deyib ki, Leypsiq/Halle hava limanındakı dron insidentinə bənzər hadisələrin təkrarlanacağı gözlənilir.

Almaniya rəsmiləri avqustda Leypsiq hava limanında Ukraynaya yük daşıyan təyyarələrə edilən dron hücumu cəhdində də Rusiyanı günahlandırıblar.

Kreml bu ittihamları rədd edib. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda ölkəsinin heç bir Avropa dövlətinə hücum planının olmadığını deyib. Moskva təxribat və hibrid müharibə əməliyyatlarında iştirakını da dəfələrlə inkar edib.

​
XS
SM
MD
LG