ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə "çox uğurlu" telefon danışığı apardığını bildirib. O, bu barədə özünün "Truth Social" şəbəkəsində paylaşım edib.
Trampın sözlərinə görə, danışıqlar zamanı Rusiya dizelinin dünya bazarlarına çıxarılması barədə razılıq əldə olunub.
O əlavə edib ki, Putin dərhal 300 min tondan çox, noyabrda 500 min ton, ardınca 1 milyon ton, yaxın gələcəkdə isə Rusiya neft emalı zavodlarının vəziyyətinə uyğun olaraq daha 3 milyon ton yanacağın göndərilməsinə razılıq verib.
"Hörmüz boğazına tam nəzarət etməyimiz və Rusiya enerji resursları ilə bağlı bu möhtəşəm bəyanat sayəsində həm amerikalılar, həm də bütün dünya üçün dizel qiymətləri rekord sürətlə və çox qısa zamanda düşəcək! Amerikalılar, xüsusən də bizim möhtəşəm fermerlərimiz, heyvandarlarımız və yük maşını sürücülərimiz üçün qiymətlərin ucuzlaşması mənim ən başlıca prioritetimdir", – deyə Tramp vurğulayıb.
ABŞ Rusiya dizelinə sanksiyaları 2027-ci ilədək dayandırır
Trampın açıqlamasından dərhal sonra ABŞ Maliyyə Nazirliyi Rusiya dizelinin satışı və idxalına qoyulan qadağaları müvəqqəti olaraq dondurub. Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) təqdim etdiyi 135 nömrəli ümumi lisenziya Rusiya mənşəli dizel yanacağının satışına, çatdırılmasına, boşaldılmasına və ABŞ da daxil olmaqla, digər ölkələrə idxalına icazə verir. Sözügedən icazə 2027-ci il aprelin 7-dək qüvvədə qalacaq.
Bununla belə, bu əməliyyatlardan gələn pulların ABŞ bankları vasitəsilə Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondu və ya Maliyyə Nazirliyinə məxsus hesablara köçürülməsi hələ də qadağandır.
Rusiyada dizel yanacağının ixracına qadağa qüvvədədir. Oktyabrın əvvəlində Ukraynanın enerji atəşkəsi təklifinə cavab olaraq Putin Rusiyada dizelin kifayət qədər olduğunu iddia edib. Onun sözlərinə görə, Ukraynanın hücumları səbəbindən Rusiya Ümumi Daxili Məhsulunun (ÜDM) 1 faizini itirib.
Putin həmçinin bildirib ki, Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələrini dayandırsa belə, dünya bazarında dizel yanacağının həcmi artmayacaq. "Bizə dizel onsuz da bəs edir. Lakin sanksiyalar və qadağalar qüvvədə olduğu üçün o, dünya bazarına çıxa bilməz. Sanksiyalar qala-qala bizim dizelimiz qlobal bazara necə daxil olsun? Heç cür. Bunun qarşılığında isə biz onlar üçün iqtisadi cəhətdən həssas olan obyektlərə zərbələr endirməyi dayandırmalıyıq. Razılaşın ki, bu, sadəcə gülüncdür", – deyə Putin bildirib.