ABŞ Rusiya prezidenti Vladimir Putini dekabrda Mayamidə keçiriləcək Böyük İyirmiliyin (G20) sammitinə dəvət edib. Bunu dövlət katibi Marko Rubio sentyabrın 23-də bildirib. Bu arada Tramp administrasiyası Ukraynadakı döyüşləri səngitməyə çalışır.
"Prezident Putini G20 sammitinə dəvət etmişik. Fikrimizcə, bu, onun təkcə prezidentlə deyil, digər dünya liderləri ilə də təmas qurması üçün bir fürsətdir", – Rubio Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra jurnalistlərə deyib.
Rusiya rəsmiləri əvvəllər nazirlər səviyyəsində keçirilən görüşlərə dəvət olunublar.
"Problemləri həll etmək üçün razılaşmadığınız insanlarla görüşməlisiniz"
Rubio deyib ki, sammit Putinlə ABŞ prezidenti Donald Trampın görüşü üçün imkan yarada bilər. Ancaq o, jurnalistlərə belə bir görüş barədə hələlik hər hansı razılığın əldə edilmədiyini də söyləyib.
Tramp 2025-ci ildə hakimiyyətə qayıdandan bəri iki lider bir neçə dəfə telefonla danışıb, ötən il avqustun 15-də isə onlar Alyaskada bir araya gəliblər. Rubionun sözlərinə görə, üzbəüz görüşün konkret nəticəsi əvvəlcədən müəyyənləşdirilsə, bu, daha faydalı olar.
Rubio ilə Lavrovun görüşündən əvvəl Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Tramp-Putin sammiti hazırlıq işləri tələb edir.
Rubionun dediyinə görə, Putini dəvət etmək qərarının arxasında Trampın rəqibləri ilə də dialoqa hazır olması dayanır: "ABŞ prezidenti, indiki prezident, demək olar, hər kəslə təmas qurmağa və görüşməyə hazırdır. Yalnız razılaşdığınız insanlarla görüşsəniz, bu, çox xoş keçər, amma heç bir nəticə verməz. Problemləri həll etmək üçün razılaşmadığınız insanlarla görüşməlisiniz".
Vaşinqtondan məhdud atəşkəs çağırışı
Vaşinqton Moskva və Kiyevi məhdud atəşkəsi nəzərdən keçirməyə, enerji infrastrukturuna və taxıl obyektlərinə zərbə endirməməyə çağırır.
Ukrayna prezidenti Volodimir Zelenski də enerji obyektlərinə hücumların dayandırılması tərəfdarıdır. O, sentyabrın 22-də Nyu-Yorkda Trampla görüşəndən sonra deyib ki, Rusiya da eyni addımı atsa, Kiyev belə zərbələri dayandırmağa hazırdır. "Reuters"in məlumatına görə, enerji obyektləri ilə bağlı əvvəl əldə edilmiş razılaşma hücumlar bərpa olunandan az sonra pozulub.
BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Lavrov isə bildirib ki, Rusiya sülh danışıqları gedən müddətdə döyüşləri dayandırmayacaq.
"Danışıqların formatından asılı olmayaraq, onlar davam etdiyi müddətdə xüsusi hərbi əməliyyatı dayandırmayacağıq. Halbuki Avropa məhz bunu istəyir", - o vurğulayıb.
Lavrovun iddiasına görə, Avropa İttifaqı bu yolla "vaxt qazanmaq və Kiyev rejiminin tükənmiş hərbi arsenalını doldurmaq" məqsədi güdür.