ABŞ prezidenti Donald Tramp Tehranı Hörmüz boğazını açmasa, İranın infrastrukturuna ağır zərbələrlə hədələyib. Prezident kəskin ifadələr işlədib.
"Çərşənbə axşamı (7 aprel) İranda Elektrik Stansiyaları Günü və Körpülər Günü olacaq, hamısı bir arada. Bunun bənzəri olmayacaq!!! Bu lənətə gəlmiş boğazı açın… yoxsa cəhənnəmdə yaşayacaqsınız – GÖRƏRSİNİZ!", –Tramp "Truth Social" platformasında yazıb.
Tramp son ultimatumunun vaxtını sosial media postları və müsahibələrində bir neçə dəfə dəyişib.
Aprelin 5-də "The Wall Street Journal"a müsahibəsində deyib ki, İran iki gün ərzində boğazı açmalıdır, əks halda, "ölkədəki bütün elektrik stansiyalarını və digər obyektləri itirəcəklər". Başqa bir postunda aprelin 6-nı son tarix kimi göstərib. "Çərşənbə axşamı, saat 20:00, Şərq vaxtı!", – o, yazıb.
"Onlar indi danışıq aparırlar"
Bu təhdidlər fonunda Tramp "Fox News"a müsahibəsində deyib ki, Tehran hazırda danışıqlar aparır, növbəti 24 saat ərzində razılıq əldə olunması üçün "yaxşı şans" olduğuna inanır.
"Məncə sabah (6 aprel) yaxşı şans var. Onlar indi danışıq aparırlar", – o deyib.
"Tezliklə razılıq əldə etməsələr, hər şeyi dağıtmağı, nefti nəzarətə götürməyi düşünürəm", – prezident vurğulayıb.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ultimatuma sərt reaksiya verib, ABŞ-ni Tehranla müharibəni dayandıraraq "təhlükəli oyun"a son qoymağa çağırıb.
Ağ evdə bəziləri Qalibafı mümkün tərəfdaş kimi görür. O, aprelin 5-də sosial media postunda Vaşinqtonu münaqişədə "məsuliyyətsiz addımlar" atmaqda ittiham edib, "bütün region yanacaq" deyə xəbərdarlıq edib.
Tramp həmçinin qeyd edib ki, ABŞ İran etirazçılarına "kürdlər vasitəsilə silah verib. Və məncə, kürdlər onları özündə saxlayıb".
Dekabrın sonlarında İranda iqtisadi vəziyyətin pisləşməsi fonunda kütləvi etirazlar başlayıb. Təhlükəsizlik qüvvələri etirazçılara amansızlıqla divan tutub, on minlərlə iranlı qətlə yetirilib, yaxud həbs olunub.
F-15
İkinci ekipaj üzvü necə xilas edilib
Aprelin 6-da Tramp aprelin 3-də vurulan təyyarənin ekipaj üzvünün "möcüzəvi" əməliyyat nəticəsində sağ-salamat xilas edildiyini bildirib.
Tramp "Truth Social"da yazıb ki, ekipaj üzvü "yaralanıb, amma yaxşı olacaq". Bir neçə media orqanı əsgərin Küveytdə xəstəxanaya aparıldığını xəbər verib.
Prezident bir sonrakı paylaşımında ekipaj üzvünün ciddi yaralandığını, onun polkovnik olduğunu və "İranda dağların dərinliklərindən" xilas edildiyini yazıb.
"İran ordusu böyük qüvvə ilə onu axtarırdı və artıq yaxınlaşmışdı", – prezident əlavə edib.
Tramp əməliyyat zamanı heç bir amerikalının həlak olmadığını, yaralanmadığını bildirib.
ABŞ xüsusi təyinatlı qüvvələri silah sistemləri üzrə zabit (WSO) olan ikinci ekipaj üzvünü aprelin 5-i səhər saatlarında mürəkkəb xilasetmə əməliyyatı nəticəsində aşkarlayıb.
Hər iki ekipaj üzvü təyyarə vurulduqdan sonra katapult edib, fövqəladə rabitə vasitələri ilə ABŞ qüvvələri ilə əlaqə yaradıb.
WSO təyyarə qalıqlarından uzaqlaşaraq dağlıq əraziyə sığınıb, xilasedicilərə istiqamət vermək üçün siqnal cihazını aktivləşdirib.
"Fox News" xilasetmə zamanı quru döyüşlərinin baş verdiyini, ABŞ-nin itki vermədiyini bildirir. Yerli şahidlərin yayımladığı videolarda İran qüvvələri arasında itkilərin olduğu iddia olunur.
Əməliyyatda ABŞ Hərbi Hava Qüvvələri iştirak edib. İki xilasetmə helikopterinin atəşə tutulduğu, ekipaj üzvlərinin yaralandığı, amma ərazidən çıxarıldığı bildirilir.
İran tərəfi də ekipaj üzvlərini axtarır, onları tutan mülki şəxslərə mükafat vəd edirdi.
ABŞ rəsmiləri xəbərdarlıq etmişdilər ki, İranın amerikalı pilot tutması gərginliyi daha da artırar.
İranın versiyası
İran ordusu isə ABŞ əməliyyatının iflasa uğradığını iddia edib, amma bunu təsdiqləyən konkret sübut təqdim etməyib.
Rəsmi açıqlamada iki C-130 təyyarəsinin və iki "Black Hawk" helikopterinin məhv edildiyi bildirilib.
ABŞ rəsmiləri isə iki nəqliyyat təyyarəsini İranın əlinə keçməməsi üçün özlərinin məhv etdiyini, ekipajın qurtarıldığı deyiblər.