ABŞ İrana zərbələri davam etdirir. Tehran Körfəzdə gəmiləri hədəfə alır

ABŞ İrana zərbələrdə dəniz dronlarından istifadə edib

ABŞ ordusu iyulun 14-də İrandakı hədəflərə zərbələri davam etdirib. Bundan bir neçə saat əvvəl İran Körfəz regionuna raket hücumları edib, ABŞ prezidenti Donald Tramp isə Hörmüz boğazında blokadanın bərpa olunduğunu elan edib.

İranın dövlət mediası Hörmüz boğazı yaxınlığında yerləşən Bəndər-Abbas liman şəhəri ətrafında beş partlayışın baş verdiyini bildirib. İranın yeganə atom elektrik stansiyasının yerləşdiyi Buşəhr liman şəhərinin də hücuma məruz qaldığı bildirilir.

Bundan əlavə, İranın cənub sahilləri yaxınlığındakı Kiş, Qeşm və Əbu Musa adalarında da partlayışlar qeydə alınıb.

İordaniya və Bəhreyn İranın ballistik raketlərinin yaylım atəşini zərərsizləşdirdiklərini açıqlayıblar. Birləşmiş Ərəb Əmirlikləri isə Hörmüz boğazında gəmilərə hücumlar nəticəsində bir ekipaj üzvünün öldüyünü, azı 8 nəfərin isə yaralandığını bildirib.

Tramp Hörmüzdə blokadanın bərpa olunduğunu bildirib

ABŞ ordusu Hörmüz boğazında təhlükəsizliyini təmin etmək məqsədilə İrandakı hədəflərə yeni hava zərbələri endirdiyini bildirib. Bundan bir neçə saat əvvəl isə prezident Donald Tramp Hörmüzdə blokadanın bərpa olunduğunu elan edib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 13-ü gecə yaydığı bəyanatda İrana ardıcıl üçüncü gündür hücumlar etdiyini bildirib.

"Bu zərbələr İran qüvvələrinin ağır itkilər verməsinə səbəb olacaq, onların Hörmüz boğazında dinc sakinlərə və kommersiya gəmiçiliyinə hücum imkanlarını zəiflədəcək", – bəyanatda deyilir.

İranın dövlət mediası ölkənin cənub sahillərindəki Kiş, Qeşm və Əbu Musa adalarında partlayışlar baş verdiyini bildirib.

Tramp həftəsonu Konqresi rəsmən bilgiləndirib

ABŞ mediası iyulun 13-də xəbər verib ki, Tramp ABŞ-nin İranla yenidən müharibə vəziyyətində olduğunu həftəsonu Konqresə rəsmən bildirib. Bununla da prezident Konqresdən rəsmi icazə almadan 60 gün ərzində hərbi əməliyyatlar aparmaq səlahiyyəti əldə edib.

Tramp iyulun 13-ü axşam Ağ evdə jurnalistlərə deyib ki, zərbələrin məqsədi İranın Hörmüz boğazında dəniz nəqliyyatına mane olmaq imkanlarını sıradan çıxarmaqdır.

O, münaqişəyə son qoyacaq razılaşmanın hələ də mümkün olduğunu vurğulayıb.

"Bəli, fikrimcə, razılaşma mümkündür. Əlbəttə mümkündür. İki gün əvvəl onlarla razılaşmamız var idi, sonra isə dedilər ki, 'Yox, bu razılaşmanı bağlaya bilmərik. Onu daha da müzakirə etməliyik'", – Tramp Oval kabinetdə jurnalistlərə söyləyib.

Tramp bundan əvvəl “Fox News”a müsahibəsində bildirmişdi ki, Hörmüz boğazına nəzarəti öz üzərinə götürə bilər, amma bu halda “ədalət naminə” boğazdan daşınan bütün yüklərə 20 faiz ödəniş tətbiq olunacaq. Müharibədən əvvəl dünya enerji daşımalarının təxminən beşdə biri Hörmüzdən keçib.

İranın cavab zərbələri

Trampın paylaşımından az əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, Hörmüz boğazında normal gəmiçiliyin bərpasının yeganə yolu ABŞ-nin bu strateji su yoluna hərbi müdaxiləsinə son qoymasıdır.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi iyulun 13-də bildirib ki, Hörmüz boğazının cənub keçidində, Oman ərazi sularında ölkəyə məxsus iki tanker İranın qanadlı raketləri ilə vurulub. Hücum nəticəsində Hindistan vətəndaşı olan bir ekipaj üzvü həlak olub, daha səkkiz nəfər yaralanıb.

İran Körfəz regionundakı bir sıra qonşu ölkələrə, eləcə də özünün boğazdan keçid qaydalarını pozduğunu iddia etdiyi gəmilərə hücumlar həyata keçirib.

Artıq bir neçə gündür sülh razılaşmasının taleyi ilə bağlı suallar davam edir.

Tramp ötən həftə bildirib ki, Anlaşma Memorandumu artıq onun nəzərində qüvvədən düşüb. Amma əlavə edib ki, əgər tərəflər sülh sazişi istiqamətində irəliləyiş əldə edə biləcəklərinə inanırlarsa, danışıqları davam etdirə bilərlər. Həftəsonu zərbələri isə bu perspektivləri daha da zəiflədib.