Keçid linkləri

2026, 06 İyul, bazar ertəsi, Bakı vaxtı 21:53

NYT: Xameneinin ölümündən sonra İranda nüfuz davası qızışıb

Tehranda Əli Xameneinin əks olunduğu nəhəng banner
Tehranda Əli Xameneinin əks olunduğu nəhəng banner

İranın ali rəhbəri Əli Xameneinin vəfatından sonra siyasi qüvvələr arasında yaranan açıq ixtilaflar ölkə rəhbərliyindəki daha dərin parçalanmadan xəbər verir. Bu barədə "The New York Times" qəzeti dörd yüksəkrütbəli iranlı məmura və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki təmsilçisinə istinadən yazır. Nəşrin məlumatına görə, müxtəlif siyasi qruplar yeni Ali rəhbər Müctəba Xameneiyə təsir göstərmək üçün gərgin mübarizə aparırlar.

Məqalədə deyilir ki, əgər əvvəllər İranda əsas qarşıdurma mühafizəkarlar və islahatçılar arasında idisə, indi bu parçalanma mühafizəkarların öz düşərgəsinə də sirayət edib. "The New York Times"ın mənbələri iddia edir ki, hazırda üstünlük SEPAH-ın yüksəkrütbəli komandirləri, parlament sədri Məhəmməd Baqir Qalibaf, prezident Məsud Pezeşkian və Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zolqədrin daxil olduğu daha praqmatik qrupun tərəfindədir. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, atəşkəsə nail olan və ABŞ ilə danışıqlara başlayan məhz bu qrupdur; sərt xətt tərəfdarları isə Vaşinqtona hər hansı güzəştə gedilməsinin qəti əleyhinədirlər.

Nəşr onu da yazır ki, M.Xamenei İsrailin mümkün zərbəsindən ehtiyat etdiyi üçün atasının Tehrandakı dəfn mərasiminə qatılmayıb. Mənbələrin bildirdiyinə görə, aldığı xəsarətlərdən sonra o, ictimaiyyət arasında nadir hallarda görünür və bu da ölkənin yeni rəhbərliyi ətrafındakı qeyri-müəyyənliyi daha da artırır.

Öz növbəsində "The Washington Post" qəzeti diqqəti ona yönəldir ki, Ə.Xameneinin ölümü İran rəhbərliyini zəiflətməyib, əksinə, güc strukturlarının, xüsusən də SEPAH təmsilçilərinin nüfuzunun artmasına səbəb olub. Qəzetin məlumatına görə, bu fonda prezident Pezeşkian və Xarici işlər naziri Abbas Əraqçi da daxil olmaqla, mülki siyasətçilər arxa plana keçiblər.

XS
SM
MD
LG