İlk baxışdan Tehranın mədəniyyət və ticarət mərkəzi sayılan Vəliəsr küçəsinin ağaclı səkiləri tamamilə adi görünür. Ancaq burada radikal olan məhz gözə dəyməyənlərdir.
Qadınlar şəhərdə rahatlıqla qolsuz köynəklərdə, qısaqol donlarda, gen şalvarlarda və dar cinslərdə gəzirlər. Kimisi baş örtüyünü öz istəyi ilə taxır, çoxu isə ümumiyyətlə örtünmür. Kafelər adamla dolub-daşır, küçələrdə isə iynə atsan, yerə düşməz. Elə bil heç kim bu mənzərəni izləmir, heç kimin eyninə də deyil. Əslində, ən çox diqqət çəkən də məhz bu laqeydlikdir.
Bir vaxtlar qadınların geyimini təpədən-dırnağa nəzarətdə saxlayan, küçələrə qorxu salan patrullar artıq gündəlik həyatdan silinib. Məcburi hicab qanunu rəsmi olaraq hələ də qüvvədədir, amma İranın iri şəhərlərində bu qaydanın tətbiqi xeyli yumşalıb. Halbuki keçmişdə bu şəhərlər qadınların öz azadlıqları uğrunda "əxlaq polisi" ilə vuruşduğu əsl döyüş meydanı idi.
"Çoxdandır küçələrdə hicaba nəzarət edən patrullara rast gəlmirəm", – təhlükəsizlik səbəbindən adının açıqlanmasını istəməyən 30 yaşlarında olan tehranlı qadın "Radio Farda"ya bildirib. "Qadınlar artıq istədikləri kimi geyinirlər".
Hicab əleyhinə etirazlar
Bu dəyişikliklər qadınların illərlə apardığı mübarizənin bəhrəsidir. Həmin müqavimət 2022-ci ildə "Qadın, Həyat, Azadlıq" şüarı altında keçirilən etirazlarla pik həddinə çatdı. Son aylarda isə İranın ABŞ ilə qarşıdurması və ölkədəki ümumi siyasi gərginlik bu prosesi daha da sürətləndirdi.
"Cəmi bir neçə il əvvəl bunu təsəvvür etmək belə mümkün deyildi", – deyir iki uşaq anası olan 40 yaşlı bir qadın. Onun sözlərinə görə, indi o, heç bir maneə ilə rastlaşmadan, tam rahat şəkildə başıaçıq və qısaqol geyimdə gündəlik işlərini görə bilir.
O, bir neçə gün əvvəl dövlət maliyyə idarəsinə başıaçıq getdiyini xatırlayır. Qapıdakı əməkdaş ondan hicab taxmasını xahiş etsə də, bu, sadəcə nəzarətdən keçmək üçün bir rəsmiyyətdən başqa bir şey olmayıb: "Əməkdaş mənə dedi: "Keçəndən sonra çıxara bilərsiniz". Bu, məni güldürdü. Onlar qadınların hicaba necə münasibət bəslədiyini çox yaxşı bilirlər".
Bu dəyişikliklərin arxasında dəqiq nəyin dayandığını söyləmək çətindir, çünki rəsmi qurumlar mövzu ilə bağlı susqunluqlarını qoruyurlar. Amma analitiklər hesab edirlər ki, bu, real islahatlardan çox, siyasi hesablama və taktiki gedişdir.
Müharibənin başlamasından cəmi bir neçə həftə əvvəl, fevralın 28-də İslam Respublikası kütləvi etirazlarla sarsılmışdı. Qiymət artımına qarşı aksiyalar kimi başlayan hadisələr sürətlə rejim əleyhinə genişmiqyaslı iğtişaşlara çevrilmişdi. Üsyanı yatırmaq üçün təhlükəsizlik qüvvələri ölkə boyu küçələrdə minlərlə – bəzi məlumatlara görə, on minlərlə – insanı qətlə yetirdi. Analitiklərin fikrincə, hazırda iranlılar müharibənin ağır nəticələri ilə boğuşduğu bir vaxtda hökumət yeni bir gərginlik dalğasından yayınmağa çalışır.
"İran hökuməti qadınların hicabla bağlı tələblərini qəbul etməyə məcbur oldu", – Avropada yaşayan qadın hüquqları müdafiəçisi, yazıçı və tədqiqatçı Mənsurə Şocai deyir. "Əvvəlki zorakılıq və sərt tədbirlər artıq yoxdur. Amma bu, o demək deyil ki, qanun dəyişib".
O əlavə edir ki, son aylarda dövlət televiziyasında hicabsız qadınların görünməsi cəmiyyətdən gələn təzyiqin göstəricisidir; hərçənd hakimiyyət bu mesajı da nəzarətdə saxlamağa çalışır.
"Hökumət bundan təbliğat məqsədilə istifadə edir", – o vurğulayıb. "Sanki demək istəyir: Məni və mənim siyasətimi qəbul etdiyiniz müddətcə, hicabsız qadınlara qarşı deyiləm".
Buna baxmayaraq, risklər hələ də real olaraq qalır. Bu ilin əvvəlində iranlı müğənni Pərəstü Əhmədi hicabsız mahnı hazırladığı və səsləndirdiyi üçün 74 şallaq cəzasına məhkum olunub.
Mühafizəkar şəhər
Paytaxtdan kənarda isə durum fərqlidir. İranın ən mühafizəkar şəhərlərindən sayılan Məşhəddən Məhnuş deyir ki, orada həyat Tehrana nisbətən daha məhdud olsa da, keçmişlə müqayisədə xeyli dəyişiklik var.
"Hələ də tam hicab bağlayan mühafizəkar qadınlar var", –o bildirib, "Amma başını ümumiyyətlə örtməyənlər də az deyil".
Onun dediyinə görə, hətta ötən həftə Məhərrəmlik mərasimləri keçiriləndə – şiələr üçün əhəmiyyətli sayılan bu günlərdə – bir çox gənc qadın ənənəvi qara paltar əvəzinə rəngli geyimlərə üstünlük verib.
Müəyyən yerlərdə məhdudiyyətlər hələ də qüvvədədir. Məhnuş deyir ki, İmam Rza türbəsində, habelə yaxınlıqdakı otellərdə və bazarlarda qadınlardan hələ də saçlarını örtmək tələb olunur: "Amma kafelərdə, küçələrdə və ictimai nəqliyyatda nə geyindiyiniz heç kimin vecinə deyil".
Kərəcdəki universitet tələbəsi Səna hesab edir ki, bu dəyişikliklərin qarşısını artıq almaq mümkün deyil. "Tam azadlığa gedən yol qısa da ola bilər, uzun illər də çəkə bilər", – deyir o. – "Amma cəmiyyət bir dəfə dəyişməyi qərara alıbsa, artıq geri dönüş yoxdur".