ABŞ və İran hərbi əməliyyatları dayandırmaq və Hörmüz boğazını yenidən açmaq barədə razılığa gəliblər. Amma İranın nüvə proqramı da daxil olmaqla, bir sıra fundamental məsələlər hələ də müzakirə mövzusu olaraq qalır. Rəsmilərin sözlərinə görə, tərəflər artıq çərçivə sazişini rəqəmsal formatda imzalayıblar və rəsmi imzalama mərasiminin iyunun 19-da keçirilməsi gözlənilir.
AzadlıqRadiosu keçmiş ABŞ diplomatı Cina Aberkrombi-Uinstanli ilə əldə olunan nəticələri, həllini gözləyən məsələləri və bundan sonra nələrin izlənilməli olduğunu müzakirə edib. Hazırda Atlantik Şurasında elmi işçi olan Aberkrombi-Uinstanli Yaxın Şərq təhlükəsizliyi və strategiyası üzrə ixtisaslaşıb.
O, İranla əldə olunan sənədi diplomatik baxımdan "anlaşma" adlandırmağı və "Anlaşma memorandumu" ifadəsini daha uyğun sayır, çünki bütün məsələlər hələ tam razılaşdırılmayıb və bu, gələcək sülh sazişinə aparan ilk addımdır. Anlaşmanın nə dərəcədə davamlı olacağına gəlincə, keçmiş diplomat hesab edir ki, bir çox amil onun pozulmasına gətirib çıxara bilər: " Əvvəla, sözlərin böyük çəkisi var. İran tərəfi boğazın onların nəzarətində qalacağını və müəyyən ödənişlərin tətbiq edilə biləcəyini deyir. ABŞ prezidenti və vitse-prezidenti isə boğazdan keçidin tamamilə ödənişsiz olacağını bəyan edirlər. Amma "rüsum" çox konkret termindir və yanaşmadan asılı olaraq, hər iki açıqlama eyni anda doğru ola bilər. Çox güman ki, ortada fərqli yozumlar var. Rəsmi yazılı mətni görməyincə isə, orada hələ də razılaşdırılmamış və fərqli şərhlərə yol açan qeydlərin qalıb-qalmadığını dəqiq bilə bilmərik".
Çətin məsələləri sonraya saxlamaq
ABŞ rəsmiləri bildirirlər ki, sənəddə ən çətin məsələlər, xüsusilə də İranın nüvə proqramı ilə bağlı maddələr qəsdən sonraya saxlanılıb. Bəs bu yanaşma diplomatik baxımdan necə izah olunur? AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlunun bu sualına cavabında Aberkrombi-Uinstanli deyib ki, İranın mövqeyindən bu, əlbəttə ki, əlverişli yanaşmadır:
"ABŞ üçün isə bu, yəqin ki, qaçılmaz bir zərurət idi. Çünki müxtəlif sızmalar göstərirdi ki, nüvə proqramı ilə bağlı tərəflərin mövqeləri arasında heç bir ortaq nöqtə yoxdur. Belə vəziyyətlərdə vaxt qazanmaq bir növ "etimad quruculuğu tədbiri" sayılır: əvvəlcə razılığa gəlinə bilən məsələləri razılaşdırıb icra edir, daha çətin mövzuları isə sonraya saxlayırsınız. Bu baxımdan, nüvə məsələsinin təxirə salınması Vaşinqton üçün zəruri, Tehran üçün isə arzuolunan idi, çünki iranlılar hələlik amerikalıların tələb etdiyi güzəştlərə getməyə hazır deyildilər. Əgər dondurulmuş vəsaitlərin açılması və ya sanksiyaların yumşaldılması sayəsində İran öz iqtisadiyyatını bərpa edə bilsə, bu, tərəflər arasında qarşılıqlı etimadı artırar və gələcəkdə daha mürəkkəb problemlərin həllinə yol aça bilər", - keçmiş ABŞ diplomatı bildirir.
Tam müsahibəni bu linkdə oxu: Former US Diplomat Gina Abercrombie-Winstanley On What Will Determine The Iran Deal's Success