Keçid linkləri

2026, 15 İyun, bazar ertəsi, Bakı vaxtı 22:46

İsraildən ABŞ-İran razılaşmasına ilk reaksiya: 'Bizim üçün məcburi deyil'

İtamar Ben-Qvir
İtamar Ben-Qvir

İsraildən ABŞ və İran arasında əldə olunmuş çərçivə razılaşmasına ilk rəsmi reaksiya gəlib. Ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, prezident Donald Trampın elan etdiyi sənəd onlar üçün məcburi deyil və "İsrail bu sazişin tərəfi hesab olunmur".

Ben-Qvir iyunun 15-də özünün Telegram- kanalında yazıb ki, İsrail yalnız "Hizbullah"ın tamamilə ləğv edilməsinə razılaşa bilər və Livanın cənubunda nəzarətə götürdüyü ərazilərdən geri çəkilməməlidir.

İsrailin müdafiə naziri İsrael Kats da ölkəsinin silahlı qüvvələrinin Livan, Suriya və Qəzzada qeyri-müəyyən müddətə qalacağını bəyan edib. Bu bəyanat Vaşinqton və Tehranın Yaxın Şərqdəki, o cümlədən Livandakı münaqişəyə son qoymaq üçün razılığa gəldiklərini elan etməsindən cəmi bir neçə saat sonra verilib.

Kats bildirib ki, İsrail Müdafiə Qüvvələri "sərhədləri və ölkə icmalarını cihadçı ünsürlərdən qorumaq məqsədilə" Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarında qeyri-məhdud müddətə qalacaq. Bununla belə, o, öz açıqlamasında ABŞ-İran razılaşmasına birbaşa istinad etməyib.

Donald Tramp
Donald Tramp

Tramp və İran müharibəni bitirir. Hörmüz boğazı açılır

ABŞ prezidenti Donald Tramp deyir ki, Yaxın Şərqdə döyüşlərin dayandırılması üçün çərçivə razılaşmasının əldə olunub. Razılaşma Hörmüz boğazının yenidən açılmasını və İran limanlarına qarşı ABŞ blokadasının qaldırılmasını nəzərdə tutur.

"İran İslam Respublikası ilə razılaşma artıq tamamlanıb", – Tramp "Truth Social" platformasında yazıb.

Bu razılaşmanın ardınca Vaşinqton və Tehran arasında daha ətraflı sülh sazişinin hazırlanması məqsədilə 60 günlük danışıqlar mərhələsinin başlayacağı bildirilir.

Pakistanın baş naziri Şahbaz Şərif də sülh razılaşmasının əldə olunduğunu təsdiqləyərək imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçiriləcəyini qeyd edib. İslamabad bu prosesdə Vaşinqton və Tehran arasında vasitəçi rolunu oynayıb.

İran tərəfi də razılaşmanı təsdiqləyib. Ölkənin xarici işlər nazirinin müavini Kazım Qəribabadi iyunun 15-də bildirib ki, "Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dərhal və daimi şəkildə dayandırılması elan edilib". Onun sözlərinə görə, razılaşma rəsmən imzalandıqdan sonra, iyunun 19-da Hörmüz boğazı yenidən açılacaq.

Yekun saziş imzalanacağı imzalanarsa, bu, münaqişənin sona çatdırılması yönündə ən böyük addım olacaq.

İranla müharibə fevralın 28-də ABŞ və İsrailin hava zərbələri endirməsi ilə başlayıb.

Tramp mövzu ilə bağlı paylaşımında "Bu böyük razılaşma bütün regiona sülh və təhlükəsizlik gətirəcək", – deyə vurğulayıb.

"Cümə günü (19 iyun) razılaşma imzalandıqdan sonra boğazın açılması və minalardan təmizlənməsi ilə neft daşımaları hər iki istiqamətdə bərpa olunacaq", - o əlavə edib.

Nüvə silahından imtina qarşılığında 25 milyard dollar

İranın "Mehr" dövlət xəbər agentliyi 14 maddədən ibarət anlaşma memorandumunun təfərrüatlarını dərc edib. Sənəddə nüvə məsələləri və Tehrana qarşı sanksiyaların tamamilə ləğvi ilə bağlı 60 günlük danışıqlar mərhələsinin nəzərdə tutulduğu bildirilir.

Tramp dəfələrlə vurğulayıb ki, hərtərəfli sülh sazişinin əsas şərti İranın nüvə silahı əldə etməsinin qarşısının alınması və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasıdır.

"Reuters" agentliyi isə bundan əvvəl yüksək rütbəli iranlı rəsmiyə istinadən yazmışdı ki, sənədə əsasən, ABŞ İranın dondurulmuş 25 milyard dollarlıq aktivini geri qaytarır, Tehran isə nüvə silahı əldə etməmək öhdəliyi götürür.

Həmin rəsminin bildirdiyinə görə, İran yekun saziş imzalananadək uranın zənginləşdirilməsini və nüvə obyektlərinin genişləndirilməsini dayandırmağa, beləliklə də mövcud nüvə status-kvosunu qorumağa razılaşıb.

Digər tərəfdən, İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın olan "Fars" agentliyi xəbər verir ki, "Fars körfəzində dəniz nəqliyyatının İran və Omanın koordinasiyası ilə tənzimlənməsi qərara alınıb". Bu isə Trampın boğazda sərbəst gəmiçiliklə bağlı əvvəlki bəyanatlarına ziddir.

İranın hərbi rəhbərliyi sülh razılaşmasını ölkə üçün qələbə kimi qiymətləndirib.

Tramp bundan əvvəl "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib ki, razılaşmanı ya şəxsən özü, ya da vitse-prezident Cey Di Vens elektron qaydada imzalayacaq.

Tehran
Tehran

İranlıların qarışıq hissləri

Sıravi iranlılar bu razılaşmanın nəticələrini hələ də anlamağa çalışırlar. Cəmiyyətdə bəziləri ehtiyatlı nikbinlik nümayiş etdirsə də, digərləri tərəddüd içindədir.

"Ümid edirəm ki, tərəflər sazişi imzalayacaqlar və biz nisbi sülhə qovuşacağıq", – deyə 50 yaşlarında bir qadın AzadlıqRadiosunun fars xidmətinə bildirib. O, radioya danışan digər həmvətənləri kimi, təhlükəsizlik səbəbindən adının açıqlanmasını istəməyib. Qadının sözlərinə görə, bu münaqişə insanlar üçün çox ağır keçib və "müharibənin yaratdığı stress uzun illər yaddaşlardan silinməyəcək".

O, ABŞ ilə münasibətlərin yaxşılaşacağına ümid bəslədiyini bildirib, amma əlavə edib ki, İranda dini hakimiyyət qaldığı müddətdə bunun baş verməsi çətin görünür: "Sadəcə ümid edirəm ki, yenidən müharibə başlamayacaq. Çünki hərbi əməliyyatlar vəziyyəti daha da pisləşdirdi".

30 yaşlarında bir kişi də hərbi əməliyyatların dayanmasından sevincini bildirsə də, yekun sazişin İranın daxili vəziyyətinə necə təsir göstərəcəyindən əmin olmadığını söyləyib: "Əgər bu addım ölkədə daha çox liberallaşmaya və iqtisadiyyatın dirçəlməsinə gətirib çıxararsa, müsbət hal olacaq". "Ümid edirəm ki, uzunmüddətli perspektivdə bu saziş rejiminin süqutuna səbəb olacaq, çünki onlar xalqı düşünmürlər", - o sözlərinə davam edib.

30 yaşlarında başqa bir iranlı isə qeyd edib ki, bir çoxları bu razılaşmanı sadəcə "müvəqqəti həll" kimi görür, buna görə də gələcəyə böyük ümid bəsləmirlər. Bununla belə, o, İranda bəzi mühafizəkar və sərt xətt tərəfdarlarının razılaşmaya qəti qarşı çıxdığını bildirib, ABŞ ilə sazişin hakimiyyətin daxildən dəyişmə prosesinin bir hissəsinə çevrilə biləcəyini vurğulayıb.

Emmanuel Makron
Emmanuel Makron

Qərb Hörmüzün açılmasını gözləyir

Qərb liderləri ABŞ-İran çərçivə razılaşmasını alqışlayıblar. İyunun 15-də G7 sammitinə ev sahibliyi edən Fransa prezidenti Emmanuel Makron bildirib ki, bu razılaşma Hörmüz boğazının təcili və qeyd-şərtsiz açılmasına imkan yaratmalıdır. O, Böyük Britaniya ilə birlikdə yaradılmış beynəlxalq missiyanın bu prosesə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Böyük Britaniyanın baş naziri Kir Starmer isə Hörmüz boğazında rüsumsuz və sərbəst gəmiçiliyin bərpa olunmasının vacibliyini vurğulayıb. O əlavə edib ki, "İran heç vaxt nüvə silahına sahib olmamalıdır".

BMT-nin baş katibi Antonio Quterreş razılaşmanı Yaxın Şərqdəki müharibənin nizamlanması istiqamətində "kritik addım" adlandırıb.

ABŞ Demokratlar Partiyasının təmsilçiləri diplomatik səyləri alqışladıqlarını bəyan etsələr də, razılaşmanın konkret detallarını görmədən yekun dəstək qərarı verməyəcəklərini bildiriblər. Trampın yaxın müttəfiqlərindən olan və Tehrana qarşı sərt mövqeyi ilə tanınan respublikaçı senator Lindsi Qrem də çərçivə razılaşmasından məmnunluğunu ifadə edib, amma sənədin tam detallarını gözlədiyini deyib.

Digər tərəfdən, İran Livandakı müharibənin başa çatdırılmasını istənilən saziş üçün əsas şərt kimi irəli sürür. Hazırda İsrail Livanın cənubunda "Hizbullah" qruplaşmasına qarşı hərbi əməliyyatları davam etdirir. ABŞ "Hizbullah"ı terror təşkilatı hesab edir, Avropa İttifaqı isə yalnız onun silahlı qanadını qara siyahıya salıb.

İyunun 14-də İsrail ordusu "Hizbullah"ın Livandakı mövqelərinə yenidən zərbələr endirib. İsrail tərəfi hələlik sülh razılaşması ilə bağlı bəyanatlara rəsmi münasibət bildirməyib.

XS
SM
MD
LG