Fars körfəzində üç aydan çoxdur gedən qarşıdurma kütləvi istehsal olunan ucuz silah sistemlərinin, xüsusilə dronların və sursatların əhəmiyyətinin artdığını nümayiş etdirib. Bunu AzadlıqRadiosuna "Mach Industries" müdafiə texnologiyaları şirkətinin rəhbərlərindən olan Natan Diller deyib. Onun fikrincə, bu münaqişə həm də ucuz silahlara qarşı bahalı müdafiə texnologiyalarından istifadənin məhdud olduğunu göstərib.
Diller ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan polkovnikidir. O, AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğluna müsahibəsində bildirib ki, bu münaqişə müttəfiq ölkələrin hərbi-sənaye təchizat zəncirlərini gücləndirməsinin və istehsal dayanıqlığını artırmasının vacibliyini üzə çıxarıb. O, mövcud vəziyyəti Rusiyanın Ukraynaya qarşı müharibəsindən çıxarılan dərslərlə müqayisə edib.
"Ucuz dronların və ucuz sursatların qarşısının çox bahalı sistemlərlə alınmasına nəzər saldıqda görürük ki, bu dərsi kifayət qədər sürətlə öyrənə bilmirik", – ABŞ prezidenti Donald Trampın ilk prezidentlik dövründə Ağ evdə çalışmış Diller deyib.
Keçmiş qırıcı təyyarə pilotu olan Diller ənənəvi hərbi imkanların hələ də vacib olduğunu vurğulayır. Amma onun sözlərinə görə, yeni texnologiyalar İran-İsrail qarşıdurmasının həm xərcini, həm də müddətini azaldaraq çəkindirmə effektini daha tez yarada bilərdi.
"Zavod silahın özüdür"
Diller bildirib ki, Ukraynadan Yaxın Şərqədək müxtəlif münaqişələrdə pilotsuz sistemlərin tətbiqindən çıxarılan ən mühüm dərs istehsal gücünün strateji aktivə çevrilməsidir: "Məni təəccübləndirən odur ki, biz hələ də zavodun silahın özü olduğunu tam dərk etməmişik".
Ekspertin fikrincə, ölkələrin hərbi texnikanı sürətlə istehsal edib uyğunlaşdırmaq qabiliyyəti gələcək müharibələrdə və çəkindirmə strategiyalarında həlledici amilə çevrilə bilər: "Bir ölkənin çevik zavod yaratmaq sürəti gələcəkdə çəkindirmə qabiliyyətimizlə birbaşa əlaqəli olacaq", – o əlavə edib.
Diller Fars körfəzi regionundakı vəziyyətlə bağlı deyib ki, İran, İsrail və ABŞ arasında diplomatik təmasların davam etməsi və genişmiqyaslı zərbələrdə fasilənin yaranması ehtiyatlı nikbinliyə əsas verir: "Hər gün səmada raketlərin olmaması yaxşı haldır".
Bu müsahibədən əvvəl İsrail və İran aprel atəşkəsindən bəri ilk dəfə bir-birinə qarşılıqlı zərbələr endirib. Sonradan hər iki tərəf hücumları dayandırıb.
Siyasətçilər dəfələrlə pozulan atəşkəslərin artıq münaqişənin özündən daha baha başa gəldiyini vurğulayırlar. Dillerin fikrincə isə, müəyyən qeyri-müəyyənlik hərbi çəkindirmənin əsas elementlərindən biri olaraq qalır.
"Strateji qeyri-müəyyənlik vacib amildir", – o bildirib. Şirkət rəhbərinin sözlərinə görə, rəqiblərin öz addımlarının nəticələrini tam proqnozlaşdıra bilməməsi çox vaxt gərginliyin artmasının qarşısını alır.