Keçid linkləri

2026, 22 Aprel, çərşənbə, Bakı vaxtı 15:52

Ova gedən ovlanar: FPV- dronların qənimi gəlir

Media nümayişi zamanı "Yolka"nın buraxılış anı.
Media nümayişi zamanı "Yolka"nın buraxılış anı.

2025-ci ilin mayında Qırmızı Meydanda keçirilən hərbi paradda prezident Vladimir Putinin təhlükəsizlik xidməti əməkdaşının qara örtük altında qeyri-adi bir silah gizlətməsi diqqətdən qaçmayıb. O vaxtdan bəri oxşar quyruq quruluşuna malik dron-tutucunun Ukrayna səmasında PUA-ları zərərsizləşdirməsini əks etdirən bir çox video yayılıb.

"Yolka" (şam ağacı) adlanan bu tutucunu adı açıqlanmayan Moskva şirkəti istehsal edir. Rusiya ordusunda geniş istifadəsinə başlanılan bu qurğu kiçik kəşfiyyat və bomba daşıyan FPV-dronlara qarşı effektiv vasitə hesab olunur.

AzadlıqRadiosunun jurnalisti Amos Çappl yazır ki, fiber-optik kabellərlə idarə olunan FPV-dronlar 2024-cü ilin əvvəlində Ukrayna cəbhəsində peyda olandan bəri onların qarşısını almaq, demək olar, qeyri-mümkün olub.

Təxminən 500 dollara

"Yolka" partlayıcı başlıqlı deyil, o, düşmən dronlarının korpusunu öz hərəkət enerjisi və gücləndirilmiş sivri burun hissəsi ilə dağıdır.

X formalı qanadları olan bu tutucu tapança tipli xüsusi qurğudan buraxılır. Məlumata görə, operatorlar onu uçan hədəfə doğru buraxaraq nişanaalma sistemini işə salırlar.

Tutucu 1.6 kilometrə qədər məsafədəki drona doğru uçur. "Atəş aç və unut" sistemi sayəsində buraxılışdan sonra istifadəçi ilə əlaqəyə ehtiyac qalmır. Bu isə uçuş zamanı elektron müdaxilə riskini aradan qalıdır.

Rusiya hərbçisi "Yolka" sistemi ilə raket-artilleriya mövqeyini qoruyur.
Rusiya hərbçisi "Yolka" sistemi ilə raket-artilleriya mövqeyini qoruyur.

"Drone Wars" sosial media layihəsinin rəhbəri Monika Ahlborn AzadlıqRadiosuna deyib ki, "Yolka"nın uğuru "sadəlik, ucuz qiymət və avtonomluq" kombinasiyasındadır. Qurğunun dəqiq qiyməti rəsmən açıqlanmasa da, bəzi hesablamalara görə, bir ədədinin qiyməti təxminən 500 dollar təşkil edə bilər.

Lakin qurğunun materialı həssasdır; "Yolka" yalnız gündüz saatlarında və quru hava şəraitində effektivdir.

Toratanlar

Ukraynada fiber-optik FPV-dronlara qarşı digər bir vasitə - 3.5-4 metr diametrdə açılan torlar buraxan toratanlardan istifadə olunur. Bu silahlar maksimum 30 metr məsafədə düşmən dronlarını dolaşdıraraq yerə sala bilir. Birinin qiyməti 200 dollardan aşağıdır.

Ukrayna hərbçilərinə antidron vasitələri ilə təmin edən "Wings of the Phoenix" (Çexiya) təşkilatının rəhbəri Yan Rujiçka AzadlıqRadiosuna bildirib ki, indiyədək cəbhəyə 500-ə yaxın toratan çatdırıb və bu qurğularla 40-dək düşmən dronunun vurulduğunu eşidib. "Bu, son çarə silahıdır, hər şey uğursuz olanda, düşmən dronu əsgərə və ya mövqeyə hədsiz yaxınlaşanda istifadə olunur", –deyə o vurğulayır.

Əlində "Ptaşka" toratan qurğusu olan ukraynalı hərbçi
Əlində "Ptaşka" toratan qurğusu olan ukraynalı hərbçi

Ukrayna Silahlı Qüvvələrinin 93-cü Mexanikləşdirilmiş Briqadasının mətbuat katibi İrina Rıbakovanın sözlərinə görə, toratanlar artıq yüksək riskli missiyalarda antidron taktikasının ayrılmaz hissəsinə çevrilib: "Özümüzlə pulemyotlarla yanaşı, ov tüfəngləri və kiçik toratanlar da aparırıq".

Lakin Rujiçka biratımlı toratanların mühüm çatışmazlığını da vurğulayır: qurğunun təkrar doldurulması çox vaxt aparır. Bu səbəbdən hərbçilərin hücum edən dronu zərərsizləşdirmək üçün, mahiyyətcə, yalnız bir şansı olur.

Digər döyüş veteranlarının fikrincə, toratanlar keçici tendensiyadır, tədricən istifadədən çıxaracaq. Radioelektron müdaxiləyə davamlı FPV-dronlar ilə effektiv mübarizə yollarının axtarışı davam edir.

XS
SM
MD
LG