ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Hörmüz boğazının "qoruyucu mələyi" ola bilər. Bu bəyanat Fars körfəzi regionunda yeni hava hücumları fonunda səslənib.
Tramp iyulun 13-də “Fox News” telekanalına telefonla müsahibəsində deyib ki, əgər ABŞ Hörmüz boğazına nəzarəti üzərinə götürərsə, bunun əvəzində kompensasiya almalıdır. Dinc dövrdə dünyada enerji daşımalarının təxminən beşdə biri Hörmüzdən keçib və boğaz hazırda münaqişənin əsas cəbhələrindən birinə çevrilib.
"Biz boğazı qoruyacağıq və yəqin ki, onu idarə də edəcəyik. Biz boğazın mühafizəçisi olacağıq. Bəlkə də buna 'boğazın qoruyucu mələyi' deyəcəyik. Və bunun qarşılığında bizə ödəniş edilməlidir", – Tramp bildirib.
Prezident bu planın necə həyata keçiriləcəyi ilə bağlı əlavə məlumat verməyib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə iyulun 13-də bildirib ki, Hörmüz boğazında normal gəmiçiliyin bərpasının yeganə yolu ABŞ-nin bu su yolundakı hərbi müdaxiləsinə son qoymasıdır.
Trampın açıqlamalarından öncə ABŞ İranın Hörmüz boğazında gəmilərə hücumlarına cavab olaraq ölkənin cənubundakı hədəflərə zərbələr endirib. Həmin hücumlara cavab olaraq İran da Fars körfəzindəki qonşu ölkələrə zərbələr endirib.
ABŞ İrana yeni zərbələr endirib
ABŞ İranın Hörmüz boğazında gəmilərə hücumlarına cavab olaraq ölkənin cənubundakı hədəflərə zərbələr endirib. İran buna cavabında Fars körfəzindəki ölkələrə hücumlar həyata keçirib. Bəhreyn isə Tehranı mülki şəxsləri hədəfə almaqda ittiham edib.
İyulun 13-ü səhər saatlarından İranın müxtəlif bölgələrində partlayışlar qeydə alınıb. Günortaya yaxın Hörmüz boğazında yerləşən Bəndər-Abbas strateji liman şəhərində və Qeşm adasında da partlayışlar baş verib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, qüvvələri "İranın Hörmüz boğazından sərbəst keçən mülki dənizçilərə və kommersiya gəmilərinə hücum etmək imkanlarını daha da zəiflətmək məqsədilə yeni zərbələr endirib".
İyulun 13-ü günortaya yaxın bu hücum dalğasının başa çatdığı bildirilib.
CENTCOM bildirib ki, ABŞ qırıcı təyyarələri, hərbi gəmilər, birdəfəlik hücum dronları və tarixdə ilk dəfə birdəfəlik dəniz dronlarından istifadə edib, İranın hava hücumundan müdafiə sistemlərini, sahil radarlarını, raket və dron imkanlarını, kiçik hərbi qayıqlarını vurub.
"Hörmüz boğazı qlobal ticarət üçün həyati əhəmiyyət daşıyan dəniz dəhlizidir. İran bu boğaza nəzarət etmir", – bəyanatda deyilir.
ABŞ-nin Fars körfəzindəki ərəb müttəfiqləri də Vaşinqtonun hərbi əməliyyatlarına cavab olaraq İrandan raket və digər mərmilər atıldığını bildiriblər.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bəyan edib ki, Bəhreyn və Küveytdə ABŞ hərbi obyektlərini hədəfə alıb, Omanda radar sistemlərini məhv edib. Bundan başqa İordaniyadakı Şahzadə Həsən Hərbi Hava Bazasında yanacaq çənləri və sursat anbarlarına zərbələr endirib. Bu iddiaları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
Bəhreyn "İranın bir neçə xain hava hücumunun qarşısının uğurla alındığını və məhv edildiyini" bildirib, Tehranı "mülki şəxsləri hədəf alan qanunsuz raket və dron hücumları" həyata keçirməkdə ittiham edib.
Bir gün öncəki zərbələr
İyulun 12-si səhər saatlarında ABŞ ötən həftə ərzində üçüncü genişmiqyaslı hücum dalğası gerçəkləşdirib, İranın müxtəlif hərbi obyektlərinə zərbələr endirib. Bundan əvvəl Tehran kommersiya konteyner gəmisini vurmuş, dünyanın ən mühüm strateji su yollarından olan Hörmüz boğazının bağlandığını elan etmişdi.
“Ötən gecə onlara çox ağır zərbələr endirdik”, – prezident Donald Tramp iyulun 12-də CNN telekanalına deyib.
O, Vaşinqton və Tehranın son atışmalardan əvvəl razılaşmaya çox yaxın olduqlarını iddia edib.
“Onlar hər şeydən imtina edirdilər. Sonra isə cəmi iki saat keçməmiş bir gəmiyə dronla hücum etdilər. Bu insanlarda nəsə problem var”, – Tramp bildirib.
Prezident NBC-yə müsahibəsində deyib ki, “onlar çox-çox pis və xəstə insanlardır. Onlarla görüşlərimiz olmuşdu. Dünən bizim üçün mükəmməl razılaşmanı qəbul etmişdilər. Nüvə proqramı olmayacaqdı, başqa heç nə olmayacaqdı. Hər şeydən imtina etmişdilər”.
“Sonra otaqdan çıxdılar və bir saat keçməmiş gəmiyə dron göndərdilər. Mən də dedim ki, ‘Siz xəstə insanlarsınız. Siz xəstəsiniz’”, – o əlavə edib.
Tramp Hörmüz boğazının açıq olduğunu da iddia edib.
CENTCOM da boğazın gəmiçilik üçün açıq qaldığını bildirib.
ABŞ-nin yüksək vəzifəli rəsmisi jurnalistlərə bildirib ki, İranın hava müşahidə radarları, dəniz müşahidə sistemləri, raket və dronların saxlanıldığı obyektlər, raket və PUA buraxılış meydançaları, zenit-raket kompleksləri hədəfə alınıb. Məqsəd Tehranın hərbi imkanlarını zəiflətmək olub.
İran dövlət mediası zərbələrdən sonra ölkənin cənubunda silsilə partlayışlar barədə yazıb. IRIB telekanalının məlumatına görə, Bəndər-Abbasda üç, Sirikdə iki partlayış qeydə alınıb. Hörmüz boğazına baxan Qeşm adasında da partlayışlar qeydə alınıb.
İran cavabında ABŞ-nin yaxın müttəfiqi Küveyt tərəfə raketlər atıb.
Son eskalasiya Omanın vasitəçiliyi ilə aparılan diplomatik səylərin zəifləməsi fonunda baş verib.
İranın xarici işlər naziri Abbas Əraqçi Omanın xarici işlər naziri Seyid Bədr Əl-Busaidi ilə görüşərək Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması mexanizmlərini müzakirə edib.
ABŞ rəsmiləri müzakirələrə qatılmayıblar.
AzadlıqRadiosu (RFE/RL) diplomatik mənbələrdən öyrənib ki, Oman vasitəçiləri İran təmsilçilərinə dəniz naviqasiyası ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağı hədəfləyən təkliflər təqdim ediblər. Yüksək vəzifəli rəsmilər təkliflərin məzmununu şərh etməyiblər.
Kəskin bəyanatlar
Bu arada tərəflərdən sərt bəyanatlar səslənib.
İranın yeni ali rəhbəri Müctəba Xamenei atası və sələfi Əli Xameneinin öldürülməsinə görə qisas alınacağını bildirib.
“Bu məsələ nə mənim, nə də başqa rəsmilərin şəxsi mövcudluğundan asılıdır. Biz olsaq da, olmasaq da, bu baş verəcək”, – o deyib və İranın hədəfə alınacaq şəxslərin siyahısını hazırladığını əlavə edib.
Bundan bir neçə saat əvvəl Tramp xəbərdarlıq edib ki, ona qarşı hər hansı sui-qəsd cəhdinə ABŞ misli görünməmiş şəkildə hərbi cavab verəcək.
“1000 raket artıq hazırdır və İran İslam Respublikasına tuşlanıb. Onların ardınca minlərlə raket də dərhal buraxılmağa hazırdır”, – Tramp Truth Social platformasında yazıb. Onun sözlərinə görə, belə bir təhlükə reallaşarsa, ABŞ İranı “tamamilə məhv edəcək”.
Fevralın sonlarında ABŞ və İsrail İrana genişmiqyaslı zərbələr endirməyə başlayıb. Tərəflər arasında qısamüddətli atəşkəs qüvvədə olub. Tramp atəşkəsin artıq qüvvədən düşdüyünü bəyan etsə də, yenidən danışıqlara açıq olduğunu bildirib.