Keçid linkləri

2026, 10 İyul, cümə, Bakı vaxtı 18:47

İki gecəlik zərbələrdən sonra sakitlik: ABŞ İrana qarşı hərbi hazırlığı qoruyur, təmasları kəsmir

İranşəhr hava limanına zərbə nəticəsində yüksələn tüstü
İranşəhr hava limanına zərbə nəticəsində yüksələn tüstü

ABŞ və İran arasında iki gecə davam edən qarşılıqlı zərbələrdən sonra Yaxın Şərqdə vəziyyət cümə günü sakit keçib.

CNN mənbələrindən öyrənib ki, Amerika qüvvələrinin döyüş hazırlığı vəziyyətində qalmasına baxmayaraq, prezident Donald Tramp administrasiyası hələlik diplomatik nizamlanmaya üstünlük verir.

Telekanalın həmsöhbətləri bildirirlər ki, Pentaqon ehtiyac yaranarsa, İrana yeni zərbələr endirmək üçün planlar hazırlayıb, amma hazırda Vaşinqton əsas rolu diplomatiyaya verir.

CNN-in mənbələrindən biri vurğulayıb ki, ABŞ-nin strategiyası məhdud hərbi əməliyyatlarla diplomatik fasilələri növbələşdirməkdən ibarətdir. Amerika hərbçiləri yüksək döyüş hazırlığı vəziyyətində qalmaqdadır, Tramp administrasiyası isə İranla nüvə proqramına dair texniki məsləhətləşmələrin davam etdiyini təsdiqləyir.

Bölgə ölkələri hərəkətə keçdi

Yeni gərginlik dalğası İranın Hörmüz boğazında üç tankerə hücum etməsindən sonra başlayıb. ABŞ buna cavab olaraq çərşənbə və cümə axşamı gecələri İran ərazisinə 170-ə qədər zərbə endirib. İran Səhiyyə Nazirliyi hücumlar nəticəsində 17 nəfərin öldüyünü, 93 nəfərin isə yaralandığını bildirib.

İran buna Küveyt, Bəhreyn və İordaniyadakı Amerika obyektlərinə və hərbi bazalarına zərbələr endirməklə cavab verib. Cümə axşamı günü günorta saatlarında İran mediası Birləşmiş Ştatların ölkə ərazisinə yeni zərbələr endirdiyi barədə məlumat yaysa da, Vaşinqton bu iddianı təkzib edib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, may ayının əvvəlindən bəri bu beynəlxalq ticarət dəhlizi vasitəsilə 800-dən çox kommersiya gəmisinin təhlükəsiz keçidi və təxminən 380 milyon barel neftin daşınması təmin olunub.

"Axios" portalının məlumatına görə, Qətər, Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı son günlərdə Vaşinqton və Tehranla intensiv təmaslar qurublar.

Tramp və Netanyahu telefonla danışıblar

İyulun 9-u axşam saatlarında ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutub. İsrail hökumət başçısının dəftərxanasının yaydığı məlumata görə, tərəflər "müxtəlif cəbhələrdə" sıx fəaliyyət koordinasiyasını davam etdirmək barədə razılığa gəliblər.

Eyni zamanda, CNN xəbər verir ki, İsrail Vaşinqtona İran tərəfindən Trampa qarşı sui-qəsd hazırlanmasını sübut edən kəşfiyyat məlumatları ötürüb.

Əli Xameneinin birhəftəlik dəfn mərasimi başa çatıb

Cümə günü Məşhəd şəhərində fevralın 28-də İsrailin Tehrana endirdiyi zərbə nəticəsində həlak olmuş İranın ali lideri Əli Xameneinin və onun ailə üzvlərinin birhəftəlik dəfn mərasimi başa çatıb. Matəm yürüşü anti-Amerika şüarları ilə müşayiət olunub. İştirakçıların bir qismi Trampın ünvanına hədələr yazılmış plakatlar daşıyıb.

Xameneinin oğlu və onun ali lider postunda xələfi olan Müctəba Xamenei dəfn mərasimləri zamanı ictimaiyyət qarşısına çıxmayıb. "The New York Times" qəzeti daha əvvəl yazmışdı ki, M.Xamenei İsrailin mümkün zərbəsindən ehtiyat etdiyi üçün atasının Tehrandakı dəfn mərasiminə qatılmayıb. Mənbələrin bildirdiyinə görə, fevralın 28-də aldığı xəsarətlərdən sonra o, ictimaiyyət arasında nadir hallarda görünür və onun ortalıqda olmaması ölkənin yeni rəhbərliyi ətrafındakı qeyri-müəyyənliyi artırır.

XS
SM
MD
LG