Trampdan İrana xəbərdarlıq: 'Ya razılaşma, ya da xoşagəlməz addımlar'

ABŞ prezidenti Donald Tramp Merilenddəki "Endryus" hərbi bazasına çatarkən jurnalistlərin suallarını cavablandırır.

ABŞ prezidenti Donald Tramp İranla danışıqların yekun mərhələyə yaxınlaşdığını, Tehran razılığa gəlməyəcəyi təqdirdə hərbi əməliyyatların yenidən başlaya biləcəyini bəyan edib.

"İran məsələsində son mərhələdəyik. Görək nə olacaq. Ya razılaşma əldə olunacaq, ya da bəzi xoşagəlməz addımlar atacağıq. Amma ümid edirəm ki, buna ehtiyac qalmayacaq", – deyə Tramp mayın 20-də jurnalistlərə bildirib.

Tramp altı həftə əvvəl atəşkəs elan edərək "Epik Qəzəb" əməliyyatını dayandırmışdı. Lakin o vaxtdan bəri müharibənin birdəfəlik dayandırılması istiqamətində ciddi irəliləyiş əldə olunmayıb.

Ağ ev rəhbəri bu həftə zərbələrin bərpa olunmasına çox yaxınlaşdıqlarını, ancaq diplomatiyaya şans vermək üçün bu qərardan daşındıqlarını qeyd edib. O, mayın 19-da verdiyi açıqlamada Körfəz ölkələrinin müraciətindən sonra planlaşdırılan hücumları başlamasına cəmi bir saat qalmış təxirə saldığını vurğulayıb: "Buna şans verəcəyik. Mən tələsmirəm. İdeal variantda daha az insanın ölməsini istərdim. Biz bu problemi hər iki yolla həll edə bilərik".

Qalibaf: "Düşmən hərbi planlarından əl çəkməyib"

İran tərəfi isə Trampın danışıqlarla bağlı nikbin bəyanatlarını rədd edib.

İran parlamentinin sədri və Tehranın danışıqlardakı baş təmsilçisi Məhəmməd Baqir Qalibaf sosial şəbəkələrdə yayımlanan audiomüraciətində ABŞ-nin yeni zərbələrə hazırlaşdığını iddia edib: "Düşmənin açıq və gizli hərəkətləri göstərir ki, o, iqtisadi və siyasi təzyiqlərlə paralel olaraq hərbi məqsədlərindən də əl çəkməyib. Vaşinqton müharibənin yeni mərhələsini və yeni avantüralar axtarır".

Ötən ay İslamabaddakı danışıqlarda Tehran nümayəndə heyətinə rəhbərlik edən Qalibaf İran ordusunun atəşkəs dövründə hərbi gücünü bərpa etmək üçün maksimum səy göstərdiyini vurğulayıb. O qeyd edib ki, hücumlar yenidən başlasa, İran "düşməni təəccübləndirəcək və onu hücum etdiyinə görə peşman edəcək".

Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xəbərdarlıq edib ki, İrana hücumların bərpasına Yaxın Şərq regionunun hüdudlarından kənara çıxacaq sərt cavab veriləcək.

Tehran bu həftə Vaşinqtona yeni təkliflər paketi göndərib. Ancaq yerli mənbələrin məlumatına görə, burada Trampın daha əvvəl rədd etdiyi şərtlər (Hörmüz boğazına nəzarət, müharibə təzminatı, sanksiyaların tam ləğvi, dondurulmuş aktivlərin qaytarılması və ABŞ qoşunlarının regiondan çıxarılması) yenidən təkrarlanıb.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehranda Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ilə görüşür.

Pakistanın daxili işlər naziri dörd gündən sonra yenidən Tehrandadır

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi mayın 20-də Tehrana növbəti səfərini reallaşdırıb. Nazir bundan cəmi dörd gün əvvəl – mayın 16-da da Tehranda yüksəkvəzifəli şəxslərlə görüşmüşdü.

İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai dövlət televiziyasına bildirib ki, tərəflər arasında danışıqlar İranın təqdim etdiyi 14-maddəlik şərtlər əsasında gedir. O, Tehranın əsas tələblərini belə sıralayıb: Livan da daxil olmaqla, bütün cəbhələrdə döyüşlər dayandırılmalı, İranın dondurulmuş pulları qaytarılmalı və gəmilərinə qoyulan blokada ləğv edilməlidir.

SEPAH-a yaxın "Tasnim" agentliyi isə xəbər verir ki, ABŞ İranın 14-maddəlik planını aldıqdan sonra Pakistan vasitəsilə Tehrana öz cavab şərtlərini göndərib. Mənbənin sözlərinə görə, İran hazırda Vaşinqtonun mətni üzərində işləyir və hələlik rəsmi cavab verməyib. İslamabad tərəflər arasında əsas vasitəçi rolunu oynamağa davam edir.

Tramp: Tehran düzgün cavab verməsə, vəziyyət gərginləşəcək

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun son təklifinə İranın cavabını bir neçə gün gözləməyə hazır olduğunu, lakin mənfi cavab gələcəyi təqdirdə eskalasiyanın sürətlənəcəyini bildirib.

Konnektikutda hərbi kursantlar qarşısında danışan Tramp xəbərdarlıq edib: 'İnanın mənə, istədiyimiz cavablar gəlməsə, proseslər çox sürətlə inkişaf edəcək. Biz tam hazırıq'."

Tramp Sahil Mühafizəsi Akademiyasındakı çıxışında isə diplomatiyanın iflasa uğrayacağı təqdirdə İrana yenidən zərbələr endirilə biləcəyinə işarə edib: "Onları çox ağır vurduq. Ola bilsin, daha sərt vurmalı olacağıq, ya da buna heç ehtiyac qalmayacaq. Lakin bir şey dəqiqdir: İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəyik. Bu, çox sadədir".