Keçid linkləri

2026, 21 May, cümə axşamı, Bakı vaxtı 02:15

Tramp İrana zərbələrlə hədələyir, strateji dilemma qalır

ABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp İranla əldə olunmuş atəşkəsin Vaşinqtonun hərbi zərbələri ilə pozula biləcəyini iki gün ərzində dəfələrlə gündəmə gətirib. Təhlilçilər və siyasətçilər Ağ evdən gələn bu siqnalları diqqətlə izləyirlər.

Tramp mayın 18-də "Truth Social" platformasında yazıb ki, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) liderləri diplomatiyaya daha çox şans tanımaq üçün ondan mayın 19-na planlaşdırılan hərbi hücumu təxirə salmağı xahiş ediblər.

Mayın 19-da isə o, hücumun "cümə, şənbə, bazar və ya gələn həftənin əvvəlində" baş verə biləcəyini söyləyib. Bu açıqlama İran ətrafındakı hərbi-siyasi ritorikanı daha da kəskinləşdirib.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin respublikaçı üzvü Don Beykon bu bəyanatdan bir neçə saat sonra AzadlıqRadiosuna bildirib ki, yeni hərbi əməliyyatlar həqiqətən də qaçılmaz ola bilər. "Tehranın nüvə silahı olmamalıdır. Məncə, hərbi gücə əl atmaq lazımdır", – deyə o vurğulayıb.

Beykon həmin gün Senatda keçirilən ilk prosedur səsverməsində İrana əlavə zərbələr endirilməsi üçün Konqresin icazəsini tələb edən qanunvericilik təşəbbüsünü dəstəkləyib.

Trampın yaxın müttəfiqi olan və bu qətnamənin əleyhinə səs verən senator Lindsi Qrem isə daha sərt hərbi tədbirlərin tərəfdarı kimi çıxış edir. O, Trampın son bəyanatlarından sonra sosial şəbəkədə yazıb: "İran rejiminin razılaşma əldə etmək üçün aylarla vaxtı var idi, lakin mənə elə gəlir ki, onlar sadəcə vaxt qazanmaq üçün oyun oynayırlar".

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper isə Konqresin Silahlı Qüvvələr Komitəsindəki dinləmələrdə qətiyyətli mövqe nümayiş etdirib: "Bizim vəzifəmiz əmrə hazır olmaqdır və biz tam hazırıq".

Strateji dilemma

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) analitiki Mark Kansian bildirib ki, Körfəzdən çıxan neftin və İrana daxil olan malların blokadası sonsuza qədər davam edə bilməz: "Administrasiyanın böhrandan çıxış yolu axtardığına heç bir şübhə yoxdur. Onlar bu münaqişəni tamamilə bitirmək istəyirlər".

İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran üzrə baş tədqiqatçısı Denni Tsitrinoviç isə mövcud vəziyyətin regiondakı bir neçə mühüm dinamikanı üzə çıxardığını qeyd edib. Onun fikrincə, Tehranın Fars körfəzi ölkələrinə qarşı çəkindirmə siyasəti effektiv işləyir; region hökumətləri getdikcə daha çox o qənaətə gəlirlər ki, nə onların şəxsi hərbi imkanları, nə də ABŞ-nin çətiri İranın irimiqyaslı cavab zərbələrinin qarşısını ala bilər.

Müharibə dövründə İranın hücumlarının əsas ağırlığı məhz Körfəz ölkələrinin üzərinə düşüb. Hətta BƏƏ birbaşa hərbi əməliyyatlarda iştirak edən İsraildən daha çox hədəfə alınıb. "Regionda belə bir rəy güclənir ki, İran rejimi mövcud kampaniyadan sağ çıxmağı bacarıb və əlavə hərbi əməliyyatlar strateji reallığı köklü şəkildə dəyişməyəcək", - deyə Tsitrinoviç vurğulayır.

Təhlilçi əlavə edir ki, Trampın mayın 18-də zərbələri təxirə salmaq qərarı strateji dönüşdən ziyadə, taktiki pauza təsiri bağışlayır. Çünki sülh danışıqlarında mənalı bir kompromis əldə olunmasa, eyni dilemma prezident Trampın qarşısına daha kəskin formada çıxacaq.

Diplomatiya maneələrlə üzləşir

Beynəlxalq Böhran Qrupunun İran layihəsi üzrə direktoru Əli Vaez də bu qiymətləndirmə ilə razılaşır. "Radio Fərda"ya danışan ekspert bildirib ki, tərəflərin ikinci dərəcəli məsələlərdə müəyyən ortaq məxrəcə gəlməsi real görünür.

Vaez İranın xarici işlər naziri Abbas Əraqçinin ötən həftə BRICS sammitində verdiyi siqnalları xatırladır. Nazir Tehranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatını üçüncü bir ölkəyə – böyük ehtimalla Rusiyaya – ötürə biləcəyinə eyham vurmuşdu. Amma Vaşinqton bu materialın birbaşa Birləşmiş Ştatlara təhvil verilməsində israr edir.

Ümumilikdə isə nüvə proqramının gələcəyi və Hörmüz boğazının statusu kimi fundamental məsələlərdə tərəflər arasında ciddi uçurum qalmaqdadır. Vaezin qənaətinə görə, ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadası Vaşinqtondakı tərəfdarlarının düşündüyü qədər həlledici təzyiq rıçaqı rolunu oynamayacaq. Apreldə blokada başlayanda bəzi dairələr İranın bir neçə günə kapitulyasiya edəcəyini proqnozlaşdırsa da, bu ssenari reallaşmadı.

Ekspert hesab edir ki, İslam Respublikası iqtisadi sıxıntıların ağırlığını öz əhalisinin üzərinə yıxmaqdan çəkinmir və güclü repressiya aparatı vasitəsilə daxili nəzarəti qoruya bilir. Bu səbəbdən, hətta iqtisadiyyatın tamamilə çökməsi belə, Tehranın siyasi baxımdan diz çökməsi ilə nəticələnməyə bilər.

XS
SM
MD
LG