Prezident İlham Əliyev və onun köməkçisi Hikmət Hacıyevin ToplumTV internet televiziyası ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalist və fəalların məhkəməsində dindirilməsi tələb olunur.
H.Hacıyevin dindirilməsi ilə bağlı vəsatət əvvəlki məhkəmə proseslərində də qaldırılsa da, prezident Əliyevlə bağlı "ToplumTV işi"ndə ilk dəfə belə bir tələb səslənib.
Mayın 25-də məhkəmədə təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov bu barədə vəsatət qaldırıb.
"ToplumTV işi" üzrə təqsirləndirilən doqquz nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Texniki avadanlıqların qaytarılmasını tələb edib
Mayın 25-də məhkəmədə A.Qurbanovla hakim arasında mübahisə yaşanıb. Səbəb hakimin məhkəmə istintaqını tamamlayıb çıxış üçün prokurora söz vermək istəyi olub.
A.Qurbanov isə deyib ki, məhkəmə araşdırmaları başa çatmayıb, onların bir çox vəsatətləri var. Bu məsələlərə baxılmamış məhkəmə istintaqı tamamlana bilməz.
A.Qurbanovun sözlərindən aydın olub ki, hakim A.Tağıyev onun vəkili Fuad Ağayevdən Vəkillər Kollegiyasına şikayət edib. Qurbanov bunu həm özlərinə, həm də vəkillərinə təzyiq kimi qiymətləndirib.
Cinayət işindəki ziddiyyətlərdən danışan A.Qurbanov vurğulayıb ki, istintaq axtarış zamanı götürülmüş gediş kartlarını da bank kartı kimi təqdim edib. Yaxud da götürülmüş bank kartlarındakı bütün vəsaitlər cinayət yolu ilə əldə edilmiş vəsait hesab olunub.
A.Qurbanov ofis və evlərdən götürülmüş texniki avadanlıqların (kompüter, telefon, planşet) qaytarılmasını tələb edib. O bildirib ki, şəxsən özünə aid cihazlar məhkəməyə gətirilərsə, giriş kodlarını daxil edərək açmaqla bir çox məsələlərə aydınlıq gətirər.
Siyasi sifarişlə həbs olunduqlarını vurğulayan A.Qurbanov əlavə edib ki, bu üzdən məhkəmədən heç bir gözləntisi yoxdur. Onun sözlərinə görə, hakimlərin özbaşına qərar vermədiklərinə, verilən sifarişi gəlib məhkəmə zalında elan etdiklərinə əmindir.
"Bu adamlar dindirilmədən bu iş araşdırıla bilməz"
O, çıxışının sonunda prezident İlham Əliyev, köməkçisi Hikmət Hacıyev, baş prokuror Kamran Əliyev, müavini Elçin Məmmədov, Xətai rayon Məhkəməsinin sədri və hakimlərinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Vəsatətini əsaslandırarkən deyib ki, barələrindəki cinayət işi də, ittiham aktı da saxta sübutlar əsasında hazırlanıb: "Bu adamlar dindirilmədən bu iş araşdırıla bilməz".
A.Qurbanovun vəsatəti təmin olunmayıb.
Ardından məhkəmə prosesində fasilə elan olunub. Fasilədən sonra təqsirləndirilən şəxslər məhkəmə prosesində iştirakdan imtina ediblər. Doqquz nəfərdən həbsdə olan səkkizi məhkəmə zalına gəlməyib. Yalnız hazırda azadlıqda olan Elmir Abbasov və vəkillər məhkəmə iclasına qatılıb.
Bununla belə, hakim məhkəmə prosesini keçirib.
Prokuror Rauf Malışov deyib ki, o, çıxış etməyə hazırdır, lakin təqsirləndirilən şəxslər məhkəmə prosesini uzadırlar.
Qərar verilib ki, iyunun 8-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror çıxış edərək "ToplumTV işi" üzrə həbsdə olan jurnalist və ictimai fəallara cəza istəsin.
Sizin brauzer HTML5-i dəstəkləmir
ToplumTV-də həbslərdən 1 il sonra: Akif Qurbanov həbsxanadan suallara cavab yazır
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər 2024-cü ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar yeddi nəfər, o cümlədən ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli qaçaqmalçılıq ittihamıyla həbs olundu. O zaman jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, 2025-ci ilin yanvarında İsmayılov da həbs edildi.
Təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlbetmə və başqa ittihamlar da elan edildi. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 nəfərdən artıq jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.
Hökumət rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına və ya jurnalist fəaliyyətinə görə təqib olunmadığını bildirirlər. Rəsmi mövqeyə görə, sözügedən siyahılarda yer alan şəxslər törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.