Keçid linkləri

2026, 14 Mart, şənbə, Bakı vaxtı 19:18

Ülvi Həsənli: 'Özlərinə aid cinayətlərdə bizi ittiham edirlər'

"AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı və direktoru Ülvi Həsənli
"AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı və direktoru Ülvi Həsənli

"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdə olan yeddi jurnalist aşağı instansiyalarda birlikdə mühakimə olunsalar da, Ali Məhkəmədə onların işinə ayrı-ayrılıqda baxılır. Martın 13-də Ali Məhkəmədə "AbzasMedia"nın direktoru Ülvi Həsənlinin kassasiya şikayətinə baxılıb.

Müdafiə tərəfi vəsatət verib ki, Ü.Həsənlinin şikayətinə "AbzasMedia işi" üzrə onunla birlikdə mühakimə olunmuş digər həmkarları ilə birlikdə baxılsın: "Bu şəxslərin məhkəməsi birlikdə keçirilməlidir. Onlar eyni iş üzrə qrup şəklində təqsirləndirilir. Hesab edirik ki, bu işlərə ayrı-ayrılıqda baxılması doğru deyil".

Zaur Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Ü.Həsənlinin vəkili müvəkkilinə verilmiş qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və s. ittihamlardan danışaraq vurğulayıb ki, bu ittihamların heç bir əsası və sübutu yoxdur. Vəkil yada salıb ki, jurnalistika lisenziyalı fəaliyyət növü deyil, bu fəaliyyəti qanunsuz sahibkarlıq kimi təqdim etmək olmaz.

"Qumar və yaxud başqa növ cinayətlər sayəsində qazanılan vəsait cinayət yolu ilə əldə edilən əmlak sayıla bilər. Burada hansı cinayətdən söhbət gedir, aydın deyil. Cinayətin həm obyekti, həm də subyekti olmalıdır", - vəkil Fəxrəddin Mehdiyevin sözləridir.

O, hüquqlarını qoruduğu şəxsin heç bir cinayət törətmədiyini, rəhbərlik etdiyi "AbzasMedia"nın tənqidi fəaliyyətinə görə cəzalandırıldığını vurğulayıb.

Vəkil istintaqdakı qanunsuzluqlar barədə danışıb, "AbzasMedia"nın ofisində axtarış zamanı yol verilən pozuntuları sadalayıb. Deyib ki, videogörüntülərdən ofisdə daha çox adam göründüyü halda, axtarış protokoluna cəmi dörd nəfərin adı yazılıb.

'AbzasMedia işi'ndə yekun qərar: 'Məqsəd bizi susdurmaqdır'
Gözlə

No media source currently available

0:00 0:05:44 0:00

"Qaçaqmalçılığı sübut edən hansı fakt var?"

Ü.Həsənli də çıxışında həm özünün, həm də onunla eyni iş üzrə mühakimə edilən jurnalist həmkarlarının təqsirsiz olduğunu, siyasi sifarişlə həbsdə saxlandıqlarını söyləyib. O vurğulayıb ki, prezident İlham Əliyev və ətrafındakı məmurların fəaliyyəti, korrupsiyası barədə tənqidi materiallara görə cəzalandırılıblar. Onun sözlərinə görə, saxlandığı gün polis idarəsində "AbzasMedia"nın korrupsiya araşdırmaları barədə soruşurdular.

"Biz Əliyevlər ailəsinin, digər məmurların korrupsiyasını, ölkənin sərvətlərinin xaricə, ofşorlara daşınmasını araşdırıb bu barədə materiallar yayırdıq. Bu fəaliyyətimizə görə bizi cəzalandırdılar. Özlərinə aid cinayətlərdə bizi ittiham etdilər", - Ü.Həsənli belə deyib.

Əlavə edib ki, onun və həmkarlarının təqsirsiz olduğunu həm yerli, həm də beynəlxalq insan haqları təşkilatları, ən əsası, cəmiyyət bilir. Onun sözlərinə görə, istintaq orqanı heç bir sübut-dəlil olmadan hamıya standart şəkildə bir neçə maddə ilə ittiham verib: "Qaçaqmalçılığı sübut edən hansı fakt var? Heç nə yoxdur. Bəs bu maddə ilə məhkəmə necə cəza təyin edir?".

Ü.Həsənli saxlanılarkən işgəncəyə məruz qalması və digər pozuntulardan da danışıb. O, çıxışının sonunda cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək ertələnib.

"AbzasMedia işi" üzrə həbsdə olanlardan daha ikisi – nəşrin koordinatoru Məhəmməd Kekalov və AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin kassasiya şikayətinə isə martın 6-da baxılıb. Onların da işi Ali Məhkəmədə Zaur Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatındadır.

Bu məhkəmə prosesinin də davamı qeyri-müəyyən vaxta qalıb.

Xatırlatma

"AbzasMedia" ilə bağlı həbslər 2023-cü ilin noyabrında başlansa da, F.Mehralızadə 2024-cü il mayın 30-da saxlanılıb.

Ötən il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, "Turan" informasiya agentliyinin redaktoru, araşdırmaçı-jurnalist Hafiz Babalı və AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadənin hər biri 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. əməllərdə suçlanıblar. Jurnalistlər və müdafiəçiləri bu ittihamları rədd edib, ortaya tutarlı sübut qoyulmadığını bildiriblər.

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamıyla həbs olunub. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.

Hökumət təmsilçiləri, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbsdə deyil. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.

Beynəlxalq insan haqları təşkilatları hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

XS
SM
MD
LG