Saakaşvili Gürcüstan azərbaycanlılarından yazıb: 'İran onları asanlıqla verbovka edir'

Gürcüstanda İmam Əli məscidində Əli Xamenei üçün xütbə

Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili Facebook sosial şəbəkəsində ölkəsinin azərbaycanlı əhalisinin İranın dini rejimini dəstəkləməsindən yazıb. Onun postunda məsciddə bardaş qurub oturmuş kişilərin əllərində İranın qətlə yetirilmiş ali lideri Əli Xameneinin fotolarını tutduğu görünür.

"Azərbaycanlı əhalimizin əhəmiyyətli bir hissəsi İranın adamyeyən rejiminin tərəfdarına necə çevrildi? Necə oldu ki, Marneulidə gənclər Xameneinin portretlərini qaldıraraq gəzdilər?", –Saakaşvili sual edir.

Xamenei fevralın 28-də İrana ABŞ və İsrailin zərbələri nəticəsində həlak olub.

Keçmiş prezident İranın xüsusi xidmət orqanlarının Gürcüstan azərbaycanlılarını çox asanlıqla "verbovka" (məxfi əməkdaşlığa cəlb) etdiyini bildirir. Onun təbirincə, Azərbaycan məhz Gürcüstan azərbaycanlılarının öz ərazisinə daxil olmasının qarşısını almaq üçün Gürcüstanla sərhədi bağlamağa məcbur qalıb: "Fikir verin: Azərbaycan azərbaycanlıların öz ərazisinə daxil olmasına icazə vermir".

Saakaşvili "Qızılgül inqilabı"ndan öncə azərbaycanlıların təcrid vəziyyətində yaşadığını, əsasən kənd təsərrüfatı ilə məşğul olduğunu, gürcü dilini bilmədiyini yazır. Özü hakimiyyətə gələndən sonra azərbaycanlıların inteqrasiyası üçün atdığı addımlardan bəhs edir. Ondan sonrakı dövrdə isə regionda İranın kəşfiyyat xidmətlərinin fəallaşdığını vurğulayır.

Keçmiş prezidentin iddialarına İranın xüsusi xidmət orqanlarının reaksiyası bəlli deyil.

Kvemo Kartli sakinlərinə casusluq şübhəsi

Saakaşvili Kvemo Kartlidən olan bir neçə sakinin Avropa ölkələrində İran üçün casusluq şübhəsi ilə saxlandığını qeyd edir. Onlardan sonuncusu bir neçə gün əvvəl Yunanıstanda həbs olunub.

"Xüsusilə gənclər arasında islamçıların təsiri güclüdür. Azərbaycan dini radikalizm qorxusundan onları öz ərazisinə buraxmır, Tbilisi isə onlara gələcək təklif etmir, elə gürcü gənclərinə də münasibət belədir. Gürcülər buna etirazlarla, xaricə köçməklə cavab verirlərsə, azərbaycanlılar çıxışı İranın radikal şiəliyində tapırlar", – Saakaşvili yazır.

Amma həmin bölgənin sakinləri indiyədək oxşar fikirləri qəbul etməyiblər. Onlar deyirdilər ki, əksinə, Azərbaycan hökuməti Gürcüstanda yaşayan Azərbaycan əsilli insanlara lazımi diqqət və qayğını göstərmirlər. Həmin bölgənin qabaqcıl fərdləri də vurğulayırdılar ki, hüquqlarının qorunması baxımından nə Tbilisidən, nə də Bakıdan lazımi dəstəyi ala bilirlər.

Saakaşvili bir neçə cinayət işi üzrə məhkum edilib, 2034-cü ilin aprelinə qədər cəza çəkməlidir. Keçmiş prezidentin tərəfdarları onun təqibini "siyasi motivli" adlandırır, insan haqları təşkilatları və Qərb siyasətçiləri onun azadlığa buraxılmasını tələb edirlər.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimi elan edilib, quru sərhədləri bağlanıb. Sonuncu dəfə karantin rejiminin müddəti aprelin 1-cən uzadılıb. Tənqidçilər məhdudiyyəti hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir. Hakimiyyət rəsmiləri isə son vaxtlar çıxışlarında sərhədlərdə məhdudiyyətin saxlanılmasını, əsasən, təhlükəsizlik amili ilə yozurlar.