Keçid linkləri

2026, 09 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:53

Yair Lapid: İranın neft arteriyası kəsilməlidir

İsrail müxalifət lideri Yair Lapid Tel-Əvivdə AzadlıqRadiosunun müxbiri Rey Furlonqa danışır
İsrail müxalifət lideri Yair Lapid Tel-Əvivdə AzadlıqRadiosunun müxbiri Rey Furlonqa danışır

İranın neft yataqlarına hava zərbələri İran rejiminin "həyat arteriyasını kəsmək" üçün lazım idi. Bunu AzadlıqRadiosuna İsraildə müxalifət lideri Yair Lapid deyib. Ötən həftə bu zərbələr Tehranda qara yağışa səbəb olub.

Lapid AzadlıqRadiosunun Təl-Əvivə ezam olunmuş aparıcı beynəlxalq jurnalisti Rey Förlonqa şəhər mərkəzində danışıb. Martın 8-də İran raketinin havada vurulması nəticəsində düşən qalıqlar həmin əraziyə də ziyan vurub.

Müxalifət lideri bildirib ki, İsrail ötən həftəsonu Əli Xameneinin öldürülməsindən sonra hakimiyyətə gələcək istənilən yeni ali rəhbərə zərbə endirmək hüququnu özündə saxlayır.

"Bu, liderin kim olacağından asılıdır. Bu yolla özümüzü ölüm və dağıntıdan qoruyuruq. Bilirsiniz, bu rejimin mahiyyəti budur", – Lapid vurğulayıb.

"Birlik və qətiyyət vaxtı"

Lapid 2022-ci ildə Binyamin Netanyahunun hakimiyyətə qayıdışından öncə bir neçə ay İsrailin baş naziri olub. O, fevralın 28-də İsrail hökumətinin İrana qarşı başladığı hava zərbələrini qətiyyətlə dəstəkləyib. Həmin zərbələrdə Xamenei də öldürülüb.

İranın yeni ali rəhbərini seçən Ekspertlər Məclisi martın 8-də Xameneinin oğlu Müctəba Xameneinin yeni lider seçildiyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp isə bu təyinatdan öncə demişdi ki, Ağ evin razılığı olmadan seçilən istənilən yeni ali rəhbər "çox davam gətirməyəcək".

Lapid daxili siyasət, Qəzza zolağı məsələlərində Netanyahuyaya qarşıdır, amma İrana zərbələrlə bağlı ona dəstək bildirib.

"Belə birlik və qətiyyət gördüyümüz bir vaxtı xatırlamıram", – deyən müxalifət lideri "İsrail xalqının ruhu"nu tərifləyib.

AzadlıqRadiosu Netanyahunun "Likud" partiyasından da münasibət öyrənməyə çalışıb. Amma son günlər "Likud" deputatları və nazirləri mediaya nadir hallarda müsahibə verirlər.

Netanyahunun televiziya çıxışı

Netanyahu martın 7-də televiziya ilə çıxışında deyib ki, İsrailin "çoxlu sürprizləri olan" planı var. O, israillilərə deyib ki, bu kampaniya İran rejimini sarsıdacaq, "həqiqət anı yaxınlaşır".

Netanyahunun sözlərinin İranda rejim dəyişikliyinin yaxınlaşdığı anlamına gəlirmi? Lapid bu suala belə cavab verib: "Hava zərbələri ilə rejim dəyişikliyinin real olmasına inanmaq mənə çətindir".

"Fikrimcə, quru qoşunlarının yeridilməsi qaçılmaz deyil, amma ən yaxşı fikir olmaya da bilər. Hazırda İran xalqının öz taleyini dəyişməsi üçün şərait yaratmağa çalışırıq", – 62 yaşlı siyasətçi bildirib.

Onun sözlərinə görə, bu strategiyanın bir hissəsi də İranın neft sənayesinə zərbələrdir. İsrail martın 7-də neft obyektlərinə ilk hücumu edib. Ertəsi gün səmanı qaranlıq, çirkli buludlar örtüb, Tehrana qara yağış yağıb.

"Pul məhz buradan gəlir. Onlar son 40 ildə iqtisadiyyat qurmaq əvəzinə nüvə obyektləri tikiblər. Ona görə də əllərində qalan elə bu neft obyektləridir. Onları sıradan çıxarmaq rejimin həyat arteriyasını kəsməyə kömək edəcək", – Lapid vurğulayıb.

İranda dinc sakinlərin "ürəkdağlayan" ölümü

ABŞ və İsrailin hava zərbələri İranın hərbi gücünü ciddi zəiflədib. Ancaq bu hücumlar mülki itkilərə də səbəb olub.

ABŞ-də yerləşən "Human Rights Activists News Agency" (HRANA) bildirir ki, 1 min 200-dən çox dinc sakin həlak olub, təxminən 200-ü uşaqdır. Müasir hava hücumundan müdafiə sistemləri olan İsraildə isə 12 mülki şəxs ölüb.

Mülki itkilərlə bağlı suala cavabında Lapid arxasındakı ziyan görmüş binanı göstərib: "Ətrafınıza baxın. Biz haradayıq? Bu, hərbi obyekt deyil, düzdür? İranlılar qəsdən dinc əhalini öldürməyə çalışırlar".

"Bəzən təsadüfi insanlar, günahsızlar ölür, xüsusilə də uşaqlar. Bunlar ürək dağlayır. Uşaqlar böyüklərin müharibələrində ölməməlidir... Burada isə bunu qəsdən edirlər", – Lapid əlavə edir.

XS
SM
MD
LG