Zelenski: Cəbhədə vəziyyət son 10 ayda ən yaxşı həddədir

Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski deyir ki, ölkə üçün cəbhə xəttindəki vəziyyət son 10 ayda ən yaxşı həddədir. Onun sözlərinə görə, Kiyevin qoşunları ötən ay Rusiyanın hücum planının qarşısını alıb.

"Silahlı qüvvələrimiz onların mart ayına planlaşdırdıqları hücumunu puça çıxardı. Buna görə də ruslar indi sadəcə hücum əməliyyatları artıracaqlar", – Zelenski aprelin 3-də bildirib. Onun açıqlamasını prezident administrasiyası yayıb.

"Ümumilikdə, cəbhə xətti saxlanır... Vəziyyət mürəkkəbdir, amma son 10 ayla müqayisədə ən yaxşı səviyyədədir", – deyən Zelenski Ukrayna və Britaniyanın kəşfiyyat məlumatlarına istinad edib.

Ukrayna ordusu aprelin 3-də bildirib ki, Ukrayna sərhədindən 1400 kilometr uzaqda yerləşən Ufada "Başneft-Novoil" neft emalı zavoduna zərbə endirib. Hücum nəticəsində yanğın baş verdiyi deyilir.

Başqa bir insidentdə Rusiyanın SU-30 qırıcı təyyarəsi Krımda planlaşdırılan təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilotlar təhlükəsiz şəkildə katapult edərək xilas olub. Qəzanın səbəbi açıqlanmayıb.