Ukraynanın şərqində buzlu təlim meydançasında 10-dan çox qadın məhkum cəbhə xəttində dron missiyalarına hazırlaşır.
"Kupo" ləqəbli qadın da, digərləri kimi, "Şkval" batalyonunda xidmət qarşılığında həbsdən buraxılıb. Bu batalyon məhkumlardan ibarətdir.
"İllərlə orduya yazılmağa çalışırdım", – Kupo danışır.
"2023-cü ildən hər yerə yazırdım. Onda məhbusları orduya qəbul etməyə başlamışdılar, amma qadınları götürmürdülər", – keçmiş məhbus yada salır.
Deyir, 46 briqada onun müraciətini rədd edib. Nəhayət, Kuponun olduğu həbsxanaya Ukraynanın 59-cu briqadasının "Şkval" batalyonundan gəliblər.
Orduya getməyi gözləyən qadınlar
Hərbi komissarlar xidmətə fiziki uyğun gəlməyənləri, narkotik asılılığı olanları, zorlama və çoxsaylı qətl törədənləri çıxdaş ediblər. Məhkum batalyonunda xidmət üçün 100-dək qadın müraciət edibmiş, təxminən 20-si qəbul olunub.
"Hələ də gözləyən xeyli qadın var", – Kupo deyir.
O, 23 yaşında həbs olunub, niyəsindən danışmaq istəmir. Beş il həbs cəzası çəkib, daha bircə gün də itirməməyə andı içib.
"Məhbəsdə oturmağın mənası yoxdur. Faydalı olmalısan. Düşünürəm ki, böyük qələbəyə kiçik pay verə bilərəm. Hər şey yaxşı olacaq, hətta ən pis halda belə", – o bildirir.
Rusiya ilə müharibənin sonunadək orduda qalsa, Kupo azadlığa çıxacaq. Amma məhkumların çoxu o vaxta sağ çıxmaya bilər. Onları cəbhənin ən təhlükəli yerlərində riski böyük tapşırıqlar gözləyir.
Burada qadınlara kəşfiyyat təlimi keçilir. Bir çox məhkumlar isə piyada döyüş missiyalarına göndərilir, bu, daha risklidir.
Bu təlim meydançasındakı qadınların çoxu 20 yaşlarındadır.
Kişi məhkumları hücuma göndərirlər
Yaxınlıqda isə orta yaşlarda olan kişi məhkumların təlimi var. Müharibə uzandıqca, Ukrayna döyüşə qüvvə cəlb etməyə çalışır. Kişi məhkumlar artıq bir aydır təlim keçirlər və istənilən vaxt ilk hücum missiyasına göndərilə bilərlər.
Fransada cəmi bir neçə dəfə olmuş bir kişi məhkuma "Fransız" deyirlər.
"Mənə çətindir, bu yaşımda çətindir", –o, gileylənir. "Fransız"ın 58 yaşı olacaq.
Danışır ki, Gürcüstanda rüşvətxor polis onu həbs edib, sonra Ukraynaya təhvil verilib. Ölkəsinə qayıdandan az sonra orduya yazılıb.
"Fransız" Rusiyaya qarşı savaşmaq həvəsini bir neçə səbəblə izah edir.
"Biz onların üstünə getməmişik, onlar gəliblər", – o deyir.
Onun doğma şəhəri Rusiya işğalı altında olan Luqansk vilayətində yerləşir, özü, ailəsi nəsillikcə şaxtalarda işləyib. Xanımı isə müharibə başlayanda qızı ilə Fransaya köçüb.
Syava Parisə gedə biləcəkmi...
"Müharibə qurtarsın, Syavanı Parisə aparmaq istəyirəm", – "Fransız" yanındakı məhkum əsgərə işarə edir.
Syava isə Ukraynadan savayı, bircə Polşanı görüb, o da 1990-cı illərdə.
"Orada məni həbs etdilər. Üstümdə tapança vardı", – o deyir. Polşada həbsdə üç gün qalandan sonra Ukraynaya qaytarılır. Onda 16 yaşı varmış. Ukraynada başına gələn qalmır. Deyir, son 35 ilini məhbəsdə keçirib.
"Şəhərdə məni hamı bandit kimi tanıyır", – Syava söyləyir.
Məhkum həbsi hərbi uniformaya dəyişməsini müəyyən ad-san qazanmaq həvəsi ilə izah edir.
"Hara getdiyimizi bilirik. Hamı anlayır ki, gəzintiyə çıxmayıb. Nikbinəm, amma pisə də hazıram", – Syava vurğulayır.
Bu söhbətdən üç həftə sonra Syava azadlığa çıxıb... amma dəhşətli bədəl hesabına.
Elə ilk hücum missiyasında ağır yaralanıb, hər iki ayağı, barmaqlarının çoxu amputasiya olunub.
Məqaləni çexiyalı fotojurnalist Yakub Layxter hazırlayıb.