Macarıstan martın 5-də Ukrayna "Oşşadbank"ının yeddi əməkdaşını saxlayıb. Bunu bankın mətbuat xidməti və Ukraynanın xarici işlər naziri Andriy Sibiqa açıqlayıb.
"Oşşadbank" bildirir ki, həmin şəxslər inkassasiya xidmətinə məxsus iki avtomobildə saxlanılıblar, onlar bank ilə Avstriyadakı "Raiffeisen Bank" arasında mütəmadi xarici valyuta və bank metalları daşıyırdılar. GPS siqnalı avtomobillərin Budapeştin mərkəzindəki güc strukturlarından birinin yaxınlığında olduğunu göstərir. Bank əməkdaşlarının olduğu yer bəlli deyil.
Macarıstan isə bildirib ki, ərazisi ilə pul və qızıl daşıyan yeddi Ukrayna vətəndaşı ölkədən deportasiya olunacaq. Bu bəyanatda pulların taleyi barədə heç nə deyilməyib.
"Bu, cinayətkar qruplaşmanın gücüdür"
Ukrayna bildirib ki, yük beynəlxalq daşıma qaydalarına, Avropa gömrük prosedurlarına uyğun rəsmiləşdirilib. Avtomobillərdə 40 milyon dollar, 35 milyon avro və 9 kiloqram qızıl olub. Kiyev "Oşşadbank" əməkdaşlarının və əmlakının dərhal buraxılmasını, onların Ukraynaya qaytarılmasını tələb edib.
Xarici işlər naziri Sibiqanın sözlərinə görə, "söhbət mahiyyətcə Macarıstanın girov götürməsi və pulların oğurlanmasından gedir". O, saxlanmanın səbəblərinin bilinmədiyini söyləyib: "Cənab Orbanın bu gün dediyi "güc" budursa, bu, cinayətkar qruplaşmanın gücüdür. Bu, dövlət terrorizmi və reketdir". Sibiqa X sosial şəbəkəsində ukraynalıların dərhal azad olunması tələbi ilə rəsmi nota göndərdiklərini əlavə edib.
"Bu pullar hara gedir, kimə məxsusdur?"
Macarıstanın Vergi və Gömrük İdarəsinin bildirdiyinə görə, Avstriyadan Ukraynaya pul və qızıl daşımaq üçün nəzərdə tutulan iki zirehli avtomobil və inkassatorlar çirkli pulların yuyulması işi üzrə saxlanılıb. "Bu pulların Ukraynanın hərbi mafiyasına məxsus olub-olmaması sual doğurur", – Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. O sual edib ki, bu banklararası əməliyyat idisə, niyə adi bank köçürməsi kimi həyata keçirilməyib: "Bu pullar hara gedir, kimə məxsusdur?".
Saxlanılanlar arasında Ukrayna kəşfiyyatının keçmiş generalının olduğu iddia edilir, guya daşınmanı o təşkil edib. Macarıstan hökumətinin sözçüsü deyib ki, bu şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş generalıdır, onun müavini isə Ukrayna Hərbi Hava Qüvvələrinin keçmiş mayoru olub.
Macarıstan hakimiyyəti iddia edir ki, bu ilin əvvəlindən bəri ərazisi ilə Ukraynaya azı 900 milyon dollar, 420 milyon avro və 146 kiloqram qızıl külçəsi daşınıb. Siyarto deyib ki, bu pul köçürmələri ilə bağlı Ukraynadan dərhal cavab və izahat tələb edir.
Münasibətlər gərgindir
Macarıstan və Ukraynanın son illər gərgin olan münasibətləri son aylar daha da kəskinləşib. 2025-ci ilin avqustunda Ukrayna hərbçiləri Rusiyanın Bryansk vilayətində "Drujba" neft kəmərinin nasos stansiyasına zərbə endirib. Macarıstan həm də Ukrayna ərazisindən keçən bu kəmər vasitəsilə Rusiyadan neft alır. Zərbədən sonra tədarük bərpa olunmayıb. Kəmərin Ukraynadan keçən hissəsi də sonradan Rusiya atəşindən zədələnib. Macarıstan Ukraynanı onun bərpası üçün yetərincə səy göstərməməkdə ittiham edib.
Bu il seçkiyə gedən baş nazir Viktor Orban martın 5-də bildirib ki, Macarıstanın Ukraynanı "Drujba" kəməri ilə neft tranzitinin bərpasına məcbur edəcək alətləri var: "Biz qalib gələcəyik. Güc vasitəsilə qalib gələcəyik. Siyasi və maliyyə alətlərimiz var. Onların köməyi ilə Ukraynanı "Drujba" neft kəmərinin işinin qeyd-şərtsiz və mümkün qədər tez bərpasına məcbur edəcəyik".