Keçid linkləri

2026, 26 Mart, Cümə axşamı, Bakı vaxtı 09:37

Macarıstan 20-ci sanksiyalar paketini və Ukraynaya krediti bloklayıb

Macarıstan baş naziri Viktor Orban
Macarıstan baş naziri Viktor Orban

Avropa İttifaqı (Aİ) ölkələrinin XİN başçıları fevralın 23-də keçirilən görüşdə Rusiyaya qarşı 20-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlməyiblər. Macarıstan və Slovakiya paketin təsdiqinə qarşı çıxıb. Qərarın qəbulu üçün yekdil dəstək tələb olunur.

Aİ xarici siyasət rəhbəri Kaya Kallas baş verənləri "uğursuzluq" adlandıraraq qeyd edib ki, bu, fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun dördüncü ildönümü ərəfəsində Avropa İttifaqına "göndərmək istədiyimiz siqnal deyil". Onun sözlərinə görə, iş davam edir.

İclasda Macarıstan Ukraynaya əvvəlcədən razılaşdırılmış 90 milyard avroluq kreditin verilməsini təsdiqləməkdən də rəsmən imtina edib. Bundan əvvəl Macarıstan, Slovakiya və Çexiya bu kreditin qarantı olmaqdan imtina etmişdi.

Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt yalnız Ukrayna "Drujba" kəməri ilə neft tədarükünü bərpa etdikdə mövqeyinə yenidən baxacaq.

22 fevral

Macarıstan 'Drujba' neft kəmərinə görə Rusiyaya sanksiyaları bloklayacaq

Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin təsdiqlənməsini bloklamaq niyyətindədir. Səbəb isə "Drujba" boru kəməri ilə Rusiya neftinin tranzitinin dayandırılmasıdır.

"Ukrayna "Drujba" boru kəməri vasitəsilə Macarıstan və Slovakiyaya neft tranzitini bərpa etməyənədək Kiyev üçün vacib qərarların irəliləməsinə icazə verməyəcəyik", – Macarıstanın xarici işlər naziri Peter Siyarto X sosial şəbəkəsində yazıb.

Bundan əvvəl Macarıstan və Slovakiya Ukraynaya elektrik enerjisi tədarükünü dayandırmaqla hədələmişdi. Onlar Kiyevdən Rusiya neftinin tranzitinin bərpasını tələb edirlər. Siyarto Avropa Komissiyasının öncədən təsdiqlədiyi, Ukrayna üçün 90 milyard avro həcmində Aİ kredit paketini bloklamaq niyyətini açıqlayıb.

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) bu bəyanatları "şantaj" adlandırıb. "Rusiyanın Ukraynanın enerji infrastrukturuna kütləvi və məqsədli zərbələr endirdiyi, Moskvanın ekstremal şaxtalarda ukraynalıları işıqsız, istiliksiz və qazsız qoymağa çalışdığı bir şəraitdə bu cür addımlar təxribat xarakterli, məsuliyyətsizdir, bütün regionun enerji təhlükəsizliyinə risk yaradır", – qurum bəyanatında deyilir.

Nazirlik Ukraynanın Rusiya mənşəli olmayan neftin tədarükü üçün alternativ marşrutlar təklif etdiyini bildirib. Odessa-Brodı marşrutlardan biridir.

Ukrayna hakimiyyəti "Drujba" boru kəməri ilə neft tədarükünü Rusiyanın bombardmanlarının pozduğunu bildirir. Kiyev vurğulayır ki, Macarıstan və Slovakiya Rusiya nefti və qazını almaqla Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsinin maliyyələşdirilməsinə kömək edir.

Macarıstan və Slovakiya isə Ukrayna hakimiyyətini tədarükün bərpasına qəsdən mane olmaqda ittiham edir. Hər iki ölkə enerji resurslarının idxalında bu neft kəmərindən xeyli asılıdır.

XS
SM
MD
LG