Keçid linkləri

2026, 11 Mart, çərşənbə, Bakı vaxtı 23:22

Rusiya Vaşinqtonla əlaqəni korlamaq istəmirsə, İrana niyə kömək edir?

İran dronlarının Ər-Riyadda ABŞ səfirliyinin binasına hücumu.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı hava zərbələrin başlayandan iki gün sonra Ər-Riyaddakı ABŞ səfirliyi iki İran dronu ilə vurulub. Hücum nəticəsində xəsarət alan olmadığı, "məhdud" yanğın baş verdiyi açıqlanıb. Burada əsas məsələ hədəfin açıq-aşkar Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) səfirlikdəki şöbəsinin olması idi.

İran zərbələrə cavab olaraq ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi obyektlərini dronlar və raketlərlə vurur. Dubayın göydələnləri və hava limanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) duzsuzlaşdırma zavodlarına zərbələr endirilib.

Bu hədəfləri vurmaq üçün o qədər də hərbi kəşfiyyat məlumatına ehtiyac yoxdur. Ancaq Tehran həm də elə həssas hədəflərə zərbələr endirib ki, mütəxəssislərin fikrincə, xüsusi kəşfiyyat məlumatları olmadan onları müəyyən edə bilməzdi. Bu bilgiləri Rusiya məmnuniyyətlə təqdim edə bilərdi.

Rusiya nələri ötürə bilər?

AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Mayk Ekkel yazır ki, ABŞ rəsmilərinin dediyi kimi, Moskvanın Tehrana verdiyi kəşfiyyat məlumatlarının miqyası bəlli deyil. Mümkün informasiya ötürməsi barədə ilk dəfə "The Washington Post" qəzeti yazıb. Qəzetin xəbərinə görə, Moskva ABŞ-nin Yaxın Şərq və Körfəzdəki hərbi obyektlərinin, hərbi gəmi və təyyarələrinin yerini iranlılara ötürüb.

ABŞ-nin üç rəsmisi "The Washington Post"un yazdığını AzadlıqRadiosuna təsdiqləyiblər, amma əlavə məlumat verməyiblər.

İranın vurduğu digər həssas hədəflər sırasında THAAD sisteminin komponentləri də var. Bu komponentlərdən həm ABŞ, həm də müttəfiqlərinin obyektləri istifadə edir.

Xəritə: ABŞ hərbi obyektləri və İran raketlərinin uçuş məsafəsi

Rusiya, ola bilsin, elektron kəşfiyyatı – radiolokasiya siqnalları, radiodalğalar və real vaxt rejimində hədəflər barədə operativ məlumatları paylaşır. Bu bilgilər dron və raketlərin sürətlə buraxılmasına imkan verir. Bunu AzadlıqRadiosuna Fransanın "Sciences Po" tədqiqat universitetinin İran üzrə tədqiqatçısı Nikol Qrayevski deyib. Onun sözlərinə görə, buraya dəyəcək ziyanın dəyərləndirilməsi də daxil ola bilər, yəni obyekt dron, yaxud raket zərbəsindən sonra necə görünür. Bununla da kəşfiyyat rəsmiləri hücumun təsirli olub-olmadığını müəyyən edə bilirlər.

İranın cəmi bir neçə peyki güclü hərbi görüntülər hazırlaya bilir. Rusiyanın isə Tehrandan daha böyük və mürəkkəb şəbəkəsi var, amma imkanları ABŞ-dən azdır.

"Məncə, ruslar bunu etməklə döyüş acısını uzatmağa, ABŞ və İsrailin diqqətini yayındırmağa çalışırlar", – Qrayevski deyib. Onun fikrincə, Rusiya hazırda İranın onun Ukraynada üzləşdiyi durumda olduğunu görür. ABŞ, ehtimal, digər NATO ölkələri Ukrayna qüvvələrinə detallı hədəfalma məlumatları ötürürlər.

"Ümidvaram, belə etmirlər”

Ağ ev təmsilçisi Stiv Uitkoff rusiyalı həmkarlarına bu cür kəşfiyyat məlumatlarını paylaşmamaq xəbərdarlığı etdiyini bildirib. Uitkoff Moskvanın İrana hədəf məlumatları ötürdüyünə dəlillərinin olub-olmadığı haqda suala "Ümidvaram, belə etmirlər" deyib. O, CNBC-yə açıqlamasında Rusiya prezidenti Putinin Trampla telefon söhbətində bunu təkzib etdiyini söyləyib.

Müharibə ərəfəsində bir çox müşahidəçi Rusiyanın İran rejimini xilas etmək niyyətində olub-olmadığına fikir verirdi. Bunu Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun tədqiqatçısı Anna Borşşevskaya deyir.

"Amma onlar heç vaxt bunu etmək niyyətində deyildilər. Və açığı, düşünmürəm ki, İran rejiminin özü Rusiyanın bu cür davranacağını gözləyirdi", – o əlavə edib.

Təhlilçinin sözlərinə görə, Rusiya hazırda məhz bununla - kəşfiyyat məlumatlarının mübadiləsi ilə məşğuldur: "Rusiyanın İrana birbaşa hərbi yardım göstərmək niyyəti yox idi, çünki ABŞ və ya İsraillə döyüşmək istəmirlər. Bu, Moskvaya sərfəli deyil. ABŞ-İsrail kampaniyasını pozmağın dolayı yollarını axtarmaq Rusiya üçün daha məqbuldur".

Rusiya və İranın ötən il imzaladığı strateji tərəfdaşlıq müqaviləsində kəşfiyyat məlumatlarının paylaşılmasına dair bənd var. Rusiya həm də İrana S-300 hava hücumundan müdafiə və "Krasuxa" yerüstü radioelektron mübarizə sistemləri tədarük edib.

Bəs Ukrayna?

Bir çox müşahidəçi Rusiya kəşfiyyatının Tehranla məlumat paylaşmasını Kremlin daha öncəki xəttinə zidd sayır. Məsələn, ABŞ Venesuela lideri Nikolas Maduronu ələ keçirəndə Kreml buna təmkinli reaksiya vermişdi.

Bir ehtimal budur ki, Kreml Vaşinqtonu qıcıqlandırmaqdan çəkinir, bununla ABŞ-nin dəstəklədiyi Ukrayna danışıqlarına risk yaratmaq istəmir. Təhlilçilərin fikrincə, Rusiya bu prosesdən müharibədə məqsədlərinə çatmaq üçün istifadə edir.

Digər yandan, ekspertlər deyirlər ki, Rusiyanın kəşfiyyat məlumatlarını paylaşması ABŞ və İsraili təlaşlandırsa da, çox güman, qırmızı xətti keçməyib. Məsələn, "İskəndər" kimi güclü raket sisteminin ötürülməsi qırmızı xətt olardı.

"Kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı xəbərlərin Rusiyanın Ukrayna ilə bağlı danışıqlarına ağır zərbə olduğunu düşünmürəm", – Borşşevskaya deyir.

Qrayevski isə düşünür ki, Rusiya kəşfiyyat məlumatlarının paylaşılması məsələsinin ictimailəşməsi ABŞ üçün arzuolunan effekti verə bilər, çünki son günlər İranın hücumlarının tempi yavaşlayıb. Ola bilsin, Moskva Vaşinqtonla gərginliyin daha da artmasının qarşısını almaq üçün məlumat mübadiləsinin həcmini azaldıb.

XS
SM
MD
LG