İran Müctəba Xameneini yeni ali lider seçməklə ABŞ və İsrailə açıq mesaj göndərir: xarici təzyiq, başçısız qalmaq İslam Respublikasının rəhbərliyinin formasını dəyişməyəcək, onu daha da sərtləşdirəcək, - ekspertlər belə deyirlər.
Keçmiş Ali lider Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana hava hücumu başlatdığı gün öldürülüb. Müctəba onun ikinci böyük oğludur. O, sərt xətt tərəfdarı ruhani kimi tanınır. Ekspertlər Məclisinin martın 8-də onu ali lider elan etməsi davamlılığı göstərir.
"Tehranın verdiyi mesaj boyun əyməməkdir: Xameneinin birini öldürürsünüz, qarşınıza digərini çıxarırıq", – Vaşinqtondakı Ərəb Körfəzi Dövlətləri İnstitutunun baş elmi işçisi Əli Əlfoneh AzadlıqRadiosuna deyib.
AzadlıqRadiosunun İran məsələləri üzrə yazarı Kian Şərifi qeyd edir ki, bu seçim həm də sistemin kəskin daxili gərginlik içində olduğunu üzə çıxardı. Ekspertlərin fikrincə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ruhanilərin dominantlıq etdiyi siyasi qurumları lider seçimindən sıxışdıraraq uzaqlaşdırıb. SEPAH İran silahlı qüvvələrinin elit qolu, ölkə teokratiyasının onurğa sütunudur.
İrsi idarəçilik
88 üzvü olan Ekspertlər Məclisi ABŞ və İsrailin hava hücumlarından dolayı yeni lideri məsafədən seçməli olub. Yeni liderin dərhal hədəfə çevriləcəyi qorxusu isə onun elan olunmasını təxirə salıb.
Xameneinin dəstəklənməsi üçün SEPAH-ın məclis üzvlərinə təzyiq göstərdiyi bildirilir. İlkin onlayn iclasda prosedur səbəbləri əsas gətirilərək problem yaranıb. Səsvermənin tamamlanması üçün ikinci iclas keçirilib.
K.Şərifi yazır ki, Xameneinin seçilməsi İslam Respublikasının əsas tərəfdarları arasında daxili qəzəb yarada bilər. Bəziləri daha öncə deyirdilər ki, irsi hakimiyyətə doğru addım 1979-cu il İslam İnqilabının antimonarxist köklərinə xəyanətdir.
"Monarxiyaya qarşı inqilabın baş verdiyi ölkədə hökumət artıq irsi hala gəlib. Bu baxımdan, bu, İslam Respublikası üçün utanc mənbəyidir", – Missuri Elm və Texnologiya Universitetindən Mehrzad Bürucirdi AzadlıqRadiosunun fars xidmətinə deyib.
Liderin adı qala bilər
56 yaşlı M.Xamenei heç vaxt seçkili vəzifədə olmayıb. Onun orta ruhani titulu olan hüccətülislam rütbəsi var. Ali liderlərə səlahiyyət isə ayətullah titulu ilə verilir. Artıq dövlət mediası ona yalnız ayətullah titulu ilə müraciət edir.
Bürucirdi deyir ki, gənc Xameneinin təcrübəsizliyi onu SEPAH-ın idarə etdiyi "dərin dövlət"dən tamamilə asılı vəziyyətə salır.
Xamenei 20 il atasının qərargahı - Beytdə ruhanilər ilə SEPAH arasında koordinasiya işləri aparıb.
Əlfonehin sözlərinə görə, Xameneinin də, atası kimi, hakimiyyəti möhkəmləndirməsinə illər lazım olacaq: "O vaxta qədər dövlət işlərinə prezident, parlament sədri, məhkəmə hakimiyyətinin başçısı, SEPAH və nizami ordu təmsilçilərindən ibarət qeyri-rəsmi idarəetmə şurasının nəzarət edəcəyini gözləyirəm".
Əlfoneh bildirib ki, nüfuzlu Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də qeyri-rəsmi idarəetmə şurasına kömək edəcək. Laricani 2025-ci ilin iyununda İsrail ilə 12-günlük müharibədən sonra əsas fiqur kimi ortaya çıxıb.
Siqnal
İsrail Xameneinin yeni ali lider seçilməsinə dərhal xəbərdarlıqla reaksiya verib. İsrail ordusu Ə.Xameneinin istənilən varisini təqib edəcəyi ilə hədələyib.
ABŞ prezidenti Donald Tramp isə daha öncə oğul Xameneinin seçilməsini "qəbuledilməz" adlandırmışdı. O demişdi ki, Amerikanın təsdiqi olmasa, İranın yeni lideri "uzun müddət davam gətirməyəcək".
Bürucirdi deyir ki, Tehran Trampa meydan oxumaqla Ağ evə siqnal göndərir: "Onlar Trampa deyirlər: "Xeyr, Venesueladan fərqli olaraq, növbəti şəxsin kimliyini sizin yox, bizim müəyyən etmək gücümüz var"".