Ukrayna prezidenti Volodimir Zelenski deyir ki, Rusiya Ukraynadan iki ay ərzində Donbasdan çıxmağı tələb edir. Bu haqda AzadlıqRadiosunun Ukrayna xidməti Zelenskiyə istinadla yazır.
Zelenski bu açıqlamanı martın 31-də Buçada keçirilən tədbirdə verib. Tədbir Avropa təmsilçilərinin iştirakı ilə Buça şəhərinin Rusiya işğalından azad olunmasının dördüncü ildönümü münasibətilə təşkil olunub.
"Məqsəd yalnız Donbası tutmaqdırsa..."
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya tərəfi bu iki aylıq müddət barədə ABŞ prezidenti Donald Tramp administrasiyasını da məlumatlandırıb. Onun bildirdiyinə görə, Rusiya ABŞ tərəfinə deyir ki, yeni möhlət qoyulub, iki aydan sonra Ukraynanın şərqi – Donbas tutulacaq. Ukraynanın həmin ərazidən çıxması üçün iki ay vaxt verilir və bu halda müharibənin bitəcəyi iddia olunur. Ukrayna çıxmasa, Rusiya Donbası ələ keçirəcək və şərtlər fərqli olacaq.
"Buradan məntiqi sual ortaya çıxır: əgər məqsəd yalnız Donbası tutmaqdırsa, bəs niyə Donbas tutulduqdan sonra daha irəli gedəcəkləri deyilir? Deməli, məsələ yalnız Donbasla bitmir", – Zelenski deyib.
Ukrayna prezidenti həmçinin bildirib ki, Rusiya ordusu bu planı həyata keçirə bilməyəcək və Kreml də bunu anlayır. Bununla belə, onun sözlərinə görə, Rusiya Vaşinqtonun Ukraynanı güzəştlərə məcbur etməsi üçün ABŞ-yə təzyiq göstərir.
Rusiyanın bu açıqlamalara münasibəti hələlik bəlli deyil.
Bugünlərdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov VGTRK-ya müsahibəsində bildirib ki, Moskva ABŞ-ni özünün təsir imkanlarından istifadə edərək Kiyevə təzyiq göstərməyə çağırır, sülh danışıqlarında Rusiyaya sərfəli şərtlərin əldə olunmasını istəyir.
Uşakov həmçinin qeyd edib ki, ABŞ sülh yolu ilə nizamlanma üçün bir sıra maraqlı və faydalı təkliflər irəli sürüb, lakin bu təkliflərin detalları açıqlanmayıb.
Bu gün danışıqlar olacaq
Ukrayna prezidenti bildirib ki, aprelin 1-də Ukrayna və ABŞ arasında Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı videoformatda danışıqlar keçiriləcək. Onun sözlərinə görə, bu görüşə onun da qoşulması xahiş olunub.
Görüşdə ABŞ prezidentinin xüsusi təmsilçiləri Stiv Uitkoff və Cared Kuşner, eləcə də senator Lindsi Qrem iştirak edəcəklər. NATO-nun baş katibi Mark Rutte də görüşə qatılacaq. Bu barədə UNIAN agentliyi məlumat yayıb.
Ukrayna tərəfdən isə Zelenskidən əlavə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da danışıqlara qatılacaq.
Zelenskinin sözlərinə görə, danışıqlarda ən aktual məsələ ərazi məsələsidir. O bildirib ki, Ukrayna kompromis olaraq cəbhə xəttində atəşkəsə hazırdır. Ancaq Rusiya Ukraynadan Donetsk vilayətindən çıxmağı tələb edir və bu tələbində israrlıdır.
Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların sonuncu raundu fevralın 17-18-də Cenevrədə keçirilib. Bundan sonra martın əvvəlində Əbu-Dabidə növbəti görüşün keçirilməsi gözlənilirdi, lakin bu görüş təxirə salınıb. Qərar fevralın 28-də ABŞ və İsrailin İrana qarşı əməliyyata başlaması ilə əlaqələndirilib.