Ukrayna Rusiyanın 426 dron və raket buraxdığını bildirir. Martın 24-nə keçən gecə ölkənin bir neçə vilayətinə hücum nəticəsində azı dörd nəfər ölüb, onlarla insan yaralanıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin dediyinə görə, Rusiyanın hücumundan sonra bərpa işləri gedir, 11 regiona ziyan dəyib.
"Ukraynaya qarşı daha bir Rusiya terroru gecəsi", – bunu xarici işlər naziri Andriy Sibiqa yazıb.
"Rusiya döyüş meydanında uduzanda və danışıqlar masasında öz iradəsini diktə edə bilməyəndə mülki şəxslərə qarşı terrora əl atır. Rusiya cinayətkarlarının tipik metodları", – Sibiqa bildirib. O, Rusiyaya təzyiqi gücləndirməyin, sanksiyaları sərtləşdirməyin vacibliyini vurğulayıb: "Avropa İttifaqının 20-ci paketi qəbul olunmalıdır".
Moldovanın Avropa ilə əsas elektrik bağlantısını kəsilib
Moldova prezidenti Maya Sandu Rusiyanın hücumunu "hərbi cinayət, hamımıza hücum" adlandırıb.
"Gecə zərbələri Moldovanın Avropa ilə əsas elektrik bağlantısını kəsib. Alternativ yollar mövcuddur, lakin vəziyyət kövrəkdir. Yalnız Rusiya məsuliyyət daşıyır", – Sandu X paylaşımında yazıb.
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 34 raket və 392 dron buraxdığını açıqlayıb. Onların arasında yeddi "İskəndər" ballistik, 23 qanadlı və dörd idarəolunan "hava-hava raketi olub. Hava qüvvələrinin 365 dron və 25 raketi vurduğu bildirilir.
Bu hücumdan bir neçə saat öncə prezident Zelenski gecə çıxışında kəşfiyyat məlumatlarına istinadla Rusiyanın irimiqyaslı hücumu ilə bağlı xəbərdarlıq etmişdi. O, vətəndaşları hava hücumu siqnallarını izləməyə çağırmışdı.
Ukrayna da dron hücumu gerçəkləşdirib
Rusiyanın Müdafiə Nazirliyi isə Ukraynanın 55 dronunu vurduğunu bildirib. Bir gün öncə Ukrayna Baltik dənizindəki Primorsk limanında yanacaq anbarını vurub. Bu, Rusiyanın qərbdə ən böyük neft ixracat mərkəzidir.
Bu arada Rusiya Vaşinqton, Moskva və Kiyev arasında üçtərəfli danışıqlarda "situasiyadan dolayı" fasilə verildiyini bildirib. Bu fasilə ABŞ və İsrailin fevralın sonunda İrana zərbələrindən sonra yaranıb.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, "bu, aşkar səbəblərdən yaranan fasilədir". O əlavə edib ki, amerikalılar Ukrayna məsələsinə daha çox diqqət ayıra biləndə Moskva fasilənin bitəcəyinə, danışıqların yeni mərhələsinin keçiriləcəyinə ümid edir.