Keçid linkləri

2026, 23 Mart, Bazar ertəsi, Bakı vaxtı 23:38

ABŞ-Ukrayna danışıqları: hərbi əsir mübadiləsi davam edə bilər

Rustem Umerov və Stiv Uitkoff
Rustem Umerov və Stiv Uitkoff

Rusiya və Ukrayna hərbi əsir mübadiləsini davam etdirə bilər. Vaşinqton və Kiyev Mayamidə danışıqların yekununda belə bir razılığa gəlib. Bu haqda Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

"Bu, gerçəkdən yaxşı xəbər, diplomatiyanın işləməsinin təsdiqi olardı. Ümid edirəm, bu, mümkün olacaq", – Zelenski deyib.

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff nümayəndə heyətlərinin martın 21-22-də görüşlərini "konstruktiv" adlandırıb, Ukraynada təhlükəsizliyin "davamlı və etibarlı" əsaslarının müəyyənləşdirilməsi, eləcə də regionda vacib humanitar səylərin əsas məqamlarına fokuslandığını bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov deyib ki, danışıqlarda tərəflər etibarlı təhlükəsizlik zəmanətləri və hərbi əsirlərin mübadiləsi məsələlərinə diqqət ayırıblar.

Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların sonuncu raundu fevralın 17-18-də keçirilib. Tərəflərin martın əvvəlində Əbu-Dabidə görüşəcəyi gözlənilsə də, İran müharibəsinə görə məsləhətləşmələr təxirə salınıb.

Rusiya Ukraynaya zərbələri davam etdirir

Bu arada Rusiya Ukraynanın vilayətlərinə aviazərbələri davam etdirir.

Martın 22-də Rusiya qüvvələrinin raket və dron zərbələrindən Ukraynada azı üç nəfər həlak olub, 10 nəfərdən çox sakin yaralanıb.

Prezident Zelenski deyib ki, ABŞ dənizdə tankerlərdə qalmış Rusiya neftinə sanksiyaları müvəqqəti qaldırandan sonra Moskva "cəzasızlıq" hiss edir.

"Bu həftə sanksiyalar yumşaldığından Rusiya müharibəsini maliyyələşdirmək üçün xam neft satışını artırıb. Bu gəlirlər Rusiyaya cəzasızlıq və müharibəni davam etdirmək imkanı verir. Ona görə də təzyiq davam etməlidir", – Zelenski Telegram-da yazıb.

Rusiya qüvvələri Ukraynada mülki, enerji və dəmiryolu infrastrukturuna da hücumları davam etdirir.

XS
SM
MD
LG