Dövlət Duması əmək miqrantları və onların övladlarının Rusiyada qalma qaydalarını sərtləşdirən yeni qanunlar paketini qəbul edib.
Yeni düzəlişlərə əsasən, patentlə işləyən xarici vətəndaşların övladları 18 yaşına çatdıqda ya 30 gün ərzində özlərinə patent rəsmiləşdirməli, ya da Rusiyanı tərk etməlidirlər. Ölkədə qanuni işləmək və yaşamaq icazəsi olan miqrantların yetkinlik yaşına çatmayan övladları isə Rusiyada qalma hüququnu qoruyub saxlayır.
Bundan başqa, miqrantlar artıq həm özləri, həm də yanlarında olan hər bir uşaq üçün fiziki şəxslərin gəlir vergisi üzrə sabit ödəniş etməli olacaqlar. Əgər əmək miqrantının ümumi gəliri özü və himayəsindəki hər bir ailə üzvünə düşən yaşayış minimumundan aşağı olarsa, onun patenti ləğv ediləcək.
Vergi orqanları xarici vətəndaşların il ərzindəki 3, 6, 9 və 12 aylıq gəlirləri barədə məlumatları avtomatik olaraq Daxili İşlər Nazirliyinə (DİN) ötürəcək. Patenti uzadılmayan miqrantlar 15 gün ərzində Rusiyadan çıxmalıdırlar.
Son illər Rusiyada miqrasiya qanunvericiliyi xeyli sərtləşdirilib. Xüsusilə, miqrant uşaqlarının rus dili imtahanı vermədən məktəblərə qəbulu qadağan edilib, valideynlərinə isə ölkədə qanuni qaldıqlarını təsdiqləmək öhdəliyi qoyulub.
2026-cı ilin yanvarından isə DİN ilə təhsil qurumları arasında miqrant uşaqlarına dair məlumat mübadiləsi haqqında qanun qüvvəyə minib. Azyaşlı xaricilərə nəzarəti gücləndirən bu məlumatlar gələcəkdə miqrantların rəqəmsal profilinə daxil ediləcək.
DİN-in statistikasına əsasən, 2025-ci ilin əvvəlindən Rusiyadakı əcnəbilərin ümumi sayı 10 faiz azalaraq 6.3 milyondan 5.7 milyona enib. Bu dəyişikliyin başlıca səbəbi kimi miqrant ailələrinin yetkinlik yaşına çatmayan uşaqlarının sayının təxminən dörddə bir (25 faiz) azalması göstərilir.