Keçid linkləri

2026, 26 İyun, cümə, Bakı vaxtı 22:25

'Amerikanın qapıları bağlıdır' – Ali Məhkəmə bir milyon miqrantın deportasiyasına icazə verdi

Mexiko ştatının Naukampan şəhərində Qaçqınlara Yardım Komissiyasının binası qarşısında toplaşan miqrantlar.
Mexiko ştatının Naukampan şəhərində Qaçqınlara Yardım Komissiyasının binası qarşısında toplaşan miqrantlar.

ABŞ Ali Məhkəməsi Donald Tramp administrasiyasına immiqrasiya siyasətini sərtləşdirməyə şərait yaradan iki mühüm qərar qəbul edib. Məhkəmə müəyyən miqrant qrupları üçün müvəqqəti müdafiə statusunun ləğvinə icazə verməklə yanaşı, sərhəddə sığınacaq verilməsi prosedurunun məhdudlaşdırılması təcrübəsini də bərpa edib.

İlk qərarla administrasiyaya Haiti və Suriya başda olmaqla, bir sıra ölkələrin vətəndaşlarına verilmiş müvəqqəti müdafiə statusunu ləğv etmək hüququ tanınıb. Nəticədə ölkələrindəki müharibələr, təbii fəlakətlər və digər humanitar böhranlar səbəbindən ABŞ-də qanuni yaşamaq və işləmək icazəsi almış bir milyondan çox insan deportasiya təhlükəsi ilə üzləşə bilər.

İkinci qərar isə rəsmi keçid məntəqələrində sığınacaq müraciətlərinin sayını məhdudlaşdıran "dozalama" (metering) sistemi ilə bağlıdır. İlk dəfə Barak Obama administrasiyası dövründə tətbiq edilən bu mexanizm Trampın birinci prezidentliyi dövründə genişləndirilmiş, daha sonra Co Bayden administrasiyası tərəfindən ləğv olunmuşdu.

Ağ evin müşaviri Stiven Miller məhkəmənin qərarlarından dərhal sonra müvəqqəti müdafiə statusunu itirən şəxslərin ölkədən çıxarılmalı olduğunu bildirib: "Amerikanın qapıları sığınacaq axtaranlar üçün tamamilə bağlıdır. Əgər sığınacaq istəyirsinizsə, biz sizi qəbul edəcək başqa bir ölkə tapacağıq". Miller bu yanaşmanı "sadə və zərif" çıxış yolu adlandırıb.

Digər tərəfdən, hüquq müdafiə təşkilatları xəbərdarlıq edir ki, Ali Məhkəmənin bu addımları sərhədi qanunsuz yollarla keçmə cəhdlərini artıra bilər. Bu isə rəsmi məntəqələrdən kənar, təhlükəli marşrutlarla ABŞ-yə daxil olmağa çalışan miqrantların ölüm riskini kəskin şəkildə artıracaq.

Tramp administrasiyası immiqrasiya sahəsindəki məhdudiyyətləri ardıcıl olaraq genişləndirir. Sığınacaq proqramlarının daraldılması ilə yanaşı, hakimiyyət qaçqın qəbulunu, demək olar ki, tamamilə dayandırıb, qrin-kartların rəsmiləşdirilməsi zamanı yoxlamaları sərtləşdirib və ABŞ ərazisində doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsi hüququnun ləğvinə çalışır.

XS
SM
MD
LG