Keçid linkləri

2026, 27 Fevral, Cümə, Bakı vaxtı 15:09

Azərbaycanlı tələbə Mamdani-Tramp görüşündən sonra azad edilib

Nyu-York şəhərində Kolumbiya Universitetinin kampusu qarşısında etiraz aksiyası. 26 fevral 2026
Nyu-York şəhərində Kolumbiya Universitetinin kampusu qarşısında etiraz aksiyası. 26 fevral 2026

ABŞ-də İmmiqrasiya və Gömrük İdarəsi (ICE) əməkdaşlarının saxladığı azərbaycanlı tələbə Nyu-Yorkun meri Zöhran Mamdani ilə prezident Donald Trampın görüşündən sonra azad edilib.

"The City" nəşri yazır ki, Ağ evdə görüş zamanı mer prezidentdən ICE agentlərinin fevralın 26-da səhər yataqxanada saxladığı Kolumbiya Universiteti tələbəsinin buraxılmasını xahiş edib. Mamdaninin sözlərinə görə, prezident bununla bağlı göstəriş verib.

Nevrologiya və siyasi elmlər üzrə bakalavr tələbəsi, azərbaycanlı Elmina Ağayeva Instagram-da yazıb ki, saat 4-ə qalmış ICE onu buraxıb, taksi ilə "Morningside Heights" kampusuna qayıdır.

"Salamatam, yaxşıyam. Baş verənlərdən hələ də şokdayam…", – o, Instagram hekayəsində yazıb.

Şəhər administrasiyasının bildirdiyinə görə, Mamdani Trampa İsraili tənqid etdiklərinə görə Tramp administrasiyasının deportasiya etmək istədiyi daha dörd miqrant tələbənin də adlarını verib, onların ölkədən çıxarılması prosesinin dayandırılmasını istəyib. Trampın bu müraciətə necə cavab verdiyi bəlli deyil.

Nəşr yazır ki, Ağayevanın cümə axşamı səhər tezdən saxlanılması Kolumbiya kampusunda sarsıntı yaradıb. Universitetin mühafizə xidmətinin Daxili Təhlükəsizlik Departamentinin (DHS) əməkdaşlarını order olmadan yataqxanaya buraxması müəllim və tələbələrin spontan etiraz aksiyasına səbəb olub.

Kolumbiya Universitetinin rektoru vəzifəsini icra edən Kler Şipman deyib ki, agentlər özlərini düzgün təqdim etməyiblər, içəri girmək üçün itkin düşmüş şəxslə bağlı araşdırma apardıqlarını deyiblər.

DHS sözçüsü isə bu iddianı təkzib edib: "İstintaqçılar özlərini şifahi təqdim ediblər, boyunlarından asılmış vəsiqələri aydın görünüb".

Ağayeva azad ediləndən sonra DHS-dən əlavə şərh verilməyib.

Mamdaninin sözçüsü Co Kalvello bildirib ki, mer Ağ evdən çıxandan az sonra Tramp ona zəng edib, prezident səhər saxlanılan tələbənin azad olunacağını deyib. Digər tələbələrin kimliyi və onların hələ də saxlanılıb-saxlanılmadığı barədə isə açıqlama verilməyib.

"The City" onlardan birinin fələstinli fəal, Kolumbiya məzunu Mahmud Xəlil, digər ikisinin isə bu universitetdə oxumadıqlarını, 2024-cü ildə kampusda etirazlarda saxlanıldığını yazır.

E.Ağayevanın tələbə vizasının 2016-cı ildə, Obama administrasiyası dövründə "dərslərdə iştirak etməmək" əsası ilə ləğv olunduğu bildirilir.

XS
SM
MD
LG