Keçid linkləri

2026, 06 İyul, bazar ertəsi, Bakı vaxtı 21:37

Rusiyada miqrantları 45 maddəlik deportasiya siyahısı gözləyir

'Amina' tətbiqi: miqrantlar üçün rahatlıq, yoxsa rəqəmsal nəzarət?
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

'Amina' tətbiqi: miqrantlar üçün rahatlıq, yoxsa rəqəmsal nəzarət? (ARXİV)

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafiq siyahının ilkin olaraq 22-dən 43 maddəyə qaldırılması planlaşdırılsa da, daxil olan təkliflər əsasında bu rəqəm 45-ə çatdırılıb.

Siyahıya əlavə edilən son iki bənd sərhədçiyə itaətsizlik və ayrıseçkilik (İnsanın cinsindən, irqindən, dərisinin rəngindən, milliyyətindən, dilindən, yaşından və dinindən asılı olaraq hüquq və azadlıqlarının pozulması) halları ilə bağlıdır. Volodin öz "Telegram" kanalında bu addımın ölkədə ictimai təhlükəsizliyin təmin olunmasına və miqrasiya sahəsində nizam-intizamın yaradılmasına xidmət edəcəyini vurğulayıb.

Dövlət Duması İnzibati Xətalar Məcəlləsinə təklif olunan düzəlişləri artıq birinci oxunuşda qəbul edib. Yeni qanun layihəsinə görə, miqrantlar Rusiya ordusunu ləkələmə, icazəsiz mitinqlərdə iştirak, sanksiya çağırışları və ərazi bütövlüyünü pozmağa yönəlmiş addımlara görə də ölkədən qovulacaqlar. Siyahıya fövqəladə və hərbi vəziyyət qaydalarını pozma, toy və şənliklərdə havaya atəş açma, polisə itaətsizlik və xırda xuliqanlıq kimi xətalar da daxildir.

Rusiya hakimiyyəti 2024-cü ilin martında "Krokus Siti Holl"da törədilən terrordan sonra prezident Vladimir Putinin göstərişi ilə miqrasiya siyasətini kəskin sərtləşdirib. Bu dövr ərzində parlamentdə onlarla anti-miqrant təşəbbüsü nəzərdən keçirilib. Bunlardan ən səs-küylüsü qanunvericiliyi pozan xaricilərin daxil edildiyi "nəzarət altında olan şəxslərin reyestri"dir. Bu siyahıya düşən miqrantlara yaşayış yerini dəyişmək, bank əməliyyatları aparmaq, evlənmək və avtomobil idarə etmək qadağan olunur.

Ölkədə deportasiya qaydaları da köklü şəkildə dəyişib. 2025-ci il fevralın 5-dən etibarən miqrantın ölkədən çıxarılmasına məhkəmə deyil, onu saxlayan polis şöbəsinin rəisi qərar verir. Bundan başqa, miqrant uşaqlarının rus dili imtahanı vermədən məktəbə qəbulu qadağan edilib. Bu qərar azyaşlı xaricilərin 80 faizdən çoxunu Konstitusiya ilə təmin olunan təhsil hüququndan məhrum edib.

XS
SM
MD
LG