Keçid linkləri

2026, 30 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:33

Rusiyanın qara siyahısında 104 mindən çox qırğız var

Novosibirskdə "Vostok" ticarət mərkəzində miqrantların sənədlərini yoxlayırlar.
Novosibirskdə "Vostok" ticarət mərkəzində miqrantların sənədlərini yoxlayırlar.

Rusiyanın miqrasiya üzrə qara siyahısına 104 mindən çox Qırğızıstan vətəndaşı düşüb. Daha 90.7 min qırğız isə "nəzarət edilən şəxslər" reyestrinə salınıb.

Bu barədə AzadlıqRadiosunun qırğız xidmətinə Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyindən məlumat verilib. Qurumun rəsmi statistikasına görə, hazırda Rusiyanın "qara siyahı"sında 104.5 min Qırğızıstan vətəndaşı var. Ötən il bu rəqəm 91.5 min nəfər idi. Adları bu siyahıya salınan şəxslərin Rusiyaya girişi rəsmən qadağandır.

Ötən il fevralın 5-dən Rusiyada "nəzarət edilən şəxslər" reyestri fəaliyyət göstərir. Buraya ölkədə qalmaq üçün qanuni əsası olmayan əcnəbilər daxil edilir. Reyestrə düşən şəxslərin hüquqları kəskin məhdudlaşır: onlara avtomobil idarə etmək, nikaha daxil olmaq, əmlak rəsmiləşdirmək, bank hesabı açmaq və icazəsiz yaşayış yerini dəyişmək qadağan olunur. Bundan başqa, həmin şəxslərin Rusiyadan deportasiya olunma riski də xeyli artır.

Qırğızıstanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin apreldə açıqladığı məlumata görə, Rusiyada 472 mindən çox qırğız çalışır. Onlardan yalnız 268.4 mini rəsmi miqrasiya qeydiyyatındadır.

AzadlıqRadiosu daha əvvəl yazmışdı ki, bu nəzarət sistemi təkcə əmək miqrantlarını deyil, həm də əcnəbi tələbələri, o cümlədən Mərkəzi Asiya ölkələrinin vətəndaşlarını da məhdudiyyətlərlə üzləşdirib. Onlardan bəziləri Rusiyada leqal statusa sahib olmalarına baxmayaraq, səhvən reyestrə düşdüklərini iddia ediblər.

Qırğızıstan hökuməti əvvəllər də dəfələrlə Rusiyadakı vətəndaşlarını miqrasiya statuslarını yoxlamağa və sənədlərini qaydaya salmağa çağırıb. Ötən ilin avqustunda ölkənin Xarici İşlər Nazirliyi xəbərdarlıq etmişdi ki, nəzarət siyahısında olan on minlərlə qırğız Rusiyadan məcburi deportasiya oluna bilər.

XS
SM
MD
LG