'Qış parkı' söküntüləri ilə bağlı daha bir qərar: Hökumət 751 min avro təzminat ödəməli olacaq

Sizin brauzer HTML5-i dəstəkləmir

Evləri insan həyatına təhlükə ilə sökürlər (2010)

Bakıda "Qış parkı"nın salınması məqsədilə evlərin sökülməsindən 15 ildən çox vaxt keçsə də, ərazidə yaşamış sakinlərin mülkiyyət hüququnun pozulması ilə bağlı mübahisələri hələ də davam edir. Noyabrın 3-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Qış parkı" ərazisindəki daha bir neçə evin köçürülməsinə dair qərar çıxararaq, hökumətin üzərinə sökülən əmlakların sahiblərinə əlavə kompensasiya ödəmək öhdəliyi qoyub. Zərərçəkənlər arasında Ağ Partiyanın sədri Tural Abbaslının ailəsi də var; Avropa Məhkəməsinin qərarına əsasən, hökumət onun anası Başxanım Abbasovaya maddi ziyana görə 104 min 500 avro, mənəvi ziyana görə isə 3 min avro təzminat ödəməlidir.

Avropa Məhkəməsi sözügedən 13 ərizəçinin şikayəti üzrə hələ 2025-ci ilin fevralında qərar qəbul edərək onların mülkiyyət hüquqlarının pozulduğunu təsdiqləmişdi. Məhkəmə qərarında vurğulanmışdı ki, əmlak dövlət ehtiyacları üçün alınsa belə, "özgəninkiləşdirmə prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməyib".

Həmin vaxt Avropa Məhkəməsi pozuntunu tanısa da, Konvensiyanın 41-ci (ədalətli kompensasiya) maddəsinin tətbiqi barədə yekun qərarı təxirə salmışdı. Qurum həm şikayətçilərə, həm də Azərbaycan hökumətinə öz yazılı qeydlərini təqdim etmək üçün 3 ay vaxt vermişdi.

Hökumət ərizəçilərin mənəvi zərərə görə tələb etdikləri məbləği həddindən artıq yüksək sayaraq, hər bir şəxs üçün 3 min avronun yetərli olduğunu bildirmişdi. Avropa Məhkəməsi də bu təklifi məqbul sayaraq şikayətçilərin hər birinə mənəvi ziyana görə 3 min avro təzminat kəsib.

Dövlət B.Abbasova ilə yanaşı, digər iddiaçılardan Tahirə Salamovaya 47 min avro, şikayətçi Zaman Mahmudovun oğluna 127 min avro, Alla Fətəliyevaya 53 min 700 avro, Günel İsimxanovaya isə 44 min 300 avro ödəməyə razılıq verib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 751 min 250 avrodur.

Xatırlatma

"Qış parkı" paytaxtın "Beşmərtəbə" kimi tanınan ərazisindən Heydər Əliyev Sarayının arxasına qədər olan hissəni əhatə edir. Bu istirahət zonası Bakı şəhər İcra Hakimiyyətinin ovaxtkı başçısı Hacıbala Abutalıbovun 24 sentyabr 2008-ci il tarixli sərəncamı əsasında salınıb. Həmin sərəncama uyğun olaraq ərazidəki yüzlərlə ev və qeyri-yaşayış sahəsi sökülüb. Sakinlərə hər kvadratmetr üçün 1500 manat kompensasiya təklif edilsə də, onlar bu məbləğlə razılaşmırdılar. Buna görə də köçürülmə prosesi qalmaqallı keçdi və mülkiyyət hüquqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinə çoxlu şikayətlər göndərildi. Bu şikayətlərin bir çoxu üzrə artıq qərarlar çıxarılıb və Azərbaycan hökumətinin üzərinə mülkiyyət hüququ pozulan vətəndaşlara milyonlarla avro təzminat ödəmək öhdəliyi qoyulub. Elə 2025-ci ilin yanvarında çıxan "Bağvanov və digərləri Azərbaycana qarşı" qərarı ilə də 18 sakinə ümumilikdə 1 milyon 693 min avro kompensasiya kəsilib.